Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin ən qanlı və eyni zamanda şərəfli səhifələrindən biri də Daşbaşı döyüşü və həmin döyüşdə qəhrəmanlıq göstərərək şəhid olan Əliyev Etibar İslam oğlunun həyat yoludur.
Əliyev Etibar İslam oğlu 12 dekabr 1966-cı ildə Qarabağın igid və mərd övladları ilə tanınan Cəbrayıl rayonunda dünyaya göz açmışdır. Vətən sevgisi, əqidə möhkəmliyi və döyüş ruhu ilə böyüyən Etibar, Birinci Qarabağ müharibəsi başlayanda silaha sarılıb ön cəbhəyə yollanan ilk igidlərdən biri oldu. Mahir topçu kimi tanınan Etibar, Qəşlaq, Süleymanlı, Quşçular, Sur və Daşbaşı istiqamətində gedən döyüşlərdə şücaətlə iştirak etmiş, hər zaman ön xətdə yer almışdı. Onun haqqında döyüş yoldaşları deyirlər: “Gözünü qırpmadan düşmənin üzərinə gedirdi. O, ölümə yox, şəhidliyə doğru can atırdı.”
1993-cü ilin avqust ayı Azərbaycan tarixində ağır, amma unudulmaz bir iz buraxdı. 14-dən 15-nə keçən gecə, saat 04:00 radələrində, Ermənistan silahlı qüvvələri və erməni separatçı birləşmələri Cəbrayıl rayonunun mühafizəsi üçün mühüm strateji mövqeyə malik olan Daşbaşı postuna genişmiqyaslı hücum həyata keçirdi. Bu hücum Daşbaşı qətliamı kimi tarixə düşdü. Həmin döyüşdə mövqeləri qoruyan 28 əsgərdən 18-i qəhrəmancasına həlak oldu. Onlardan biri də Əliyev Etibar idi.
Etibar Əliyev 15 avqust 1993-cü il tarixində Daşbaşı döyüşündə son nəfəsinə qədər vuruşaraq şəhidlik zirvəsinə ucaldı. Onun son sözləri və son döyüşü vətənə olan sonsuz sədaqətin simvoluna çevrildi. Daşbaşı postunun itirilməsindən cəmi bir həftə sonra – 23 avqustda, Cəbrayıl şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu döyüş həm hərbi, həm də mənəvi baxımdan Azərbaycan üçün böyük itki, eyni zamanda qəhrəmanlıq rəmzi idi.
Etibar Əliyev kimi şəhidlər Azərbaycanın tarixi yaddaşında əbədi yaşayacaq. Onların göstərdiyi igidlik, fədakarlıq və vətən sevgisi gələcək nəsillərə örnəkdir. Bugünkü müstəqilliyimiz, azad torpaqlarımız məhz belə qəhrəmanların qanı bahasına əldə edilib. Etibarın adı Daşbaşı ilə, Daşbaşı adı isə Azərbaycan xalqının iradəsi, döyüş ruhu və şəhidlik zirvəsi ilə birdir.
Allah bütün şəhidlərimizə rəhmət etsin. Onlar Vətənin qürurudur, millətin əbədiyyətə uzanan övladlarıdır.
102info.az
