Milli Kimlik və Tarixi Yaddaş: Gənclər üçün Strateji Yol Xəritəsi və Qərbi Azərbaycanın Yeri

Baş səhifə

Bugünkü gənclərin milli kimlik anlayışı nə dərəcədə formalaşmışdır? Bu istiqamətdə
əsas boşluqları və ehtiyacları necə qiymətləndirirsiniz? Müasir dünyada insan ömrü bir layihə kimi nəzərdən keçirilə bilər: ideya, məqsəd, mərhələlər və nəticə. Gənclik dövrü isə bu layihənin formalaşma mərhələsidir. Bu mərhələdə fərdin özünü tanıması, sosial rolu ilə bağlı suallar verməsi və şəxsiyyətini milli kimlik prizmasında dərk etməsi vacibdir. “Kiməm?”, “Haradan gəlirəm?”, “Nə üçün buradayam?” kimi suallar gənclər üçün yalnız fəlsəfi deyil, həm də strateji əhəmiyyət kəsb edən suallardır. Milli kimlik anlayışının təməlində tarixi yaddaş dayanır. Gənc öz tarixini, milli irsini, mədəni kodlarını tanıdıqca, cəmiyyətə daha funksional və məsuliyyətli şəkildə inteqrasiya edə bilir. Bu prosesi yalnız fərdi səviyyədə deyil, həm də kollektiv yaddaş və ailə içi sosiallaşma müstəvisində inkişaf etdirmək önəmlidir. Burada ailə institutları, müəllimlər və ziyalılar gənclə gərgin əlaqədə olaraq, onlara həm mənəvi, həm də
intellektual dəstək verməlidirlər. Tarixin canlı daşıyıcıları olan yaşlı nəslin təcrübəsini dinləmək, yalnız keçmişi öyrənmək deyil, həm də gələcəyi planlamaq üçün alternativ perspektivlər qazanmaqdır.
Bununla yanaşı, qloballaşan dünyada gənclərin müxtəlif mədəniyyətlərlə ünsiyyəti, müqayisəli təhlil aparmaq bacarığı onların milli mənsubiyyətlərini daha dolğun qavramalarına və milli hekayəmizi beynəlxalq arenada təqdim etmələrinə yardım edir. Bu çərçivədə Qərbi Azərbaycanın tariximizin ayrılmaz hissəsi olduğunu anlatmaq, yalnız nostalji deyil, həm də strateji milli məsələ kimi qiymətləndirilməlidir.

Qərbi Azərbaycan həqiqətlərinin gənclərə çatdırılması üçün hansı metod və
kommunikasiya vasitələri daha effektiv ola bilər? Qərbi Azərbaycan mövzusu gənclərə sırf informasiya deyil, həm də emosional bağ üzərindən çatdırılmalıdır. Bunun üçün ənənəvi yanaşmalarla bərabər müasir
texnologiyalardan, yeni media imkanlarından geniş istifadə olunmalıdır. Vizual informasiya, qısa videoçarxlar, interaktiv xəritələr, virtual sərgilər və sosial şəbəkə kampaniyaları gənclərin bu məsələyə marağını artırır və onları prosesin iştirakçısına çevirir. Ənənəvi yanaşmalar da bu prosesdə mühüm yer tutur. Yaşlı nəslin, xüsusilə Qərbi Azərbaycandan deportasiya olunmuş ailələrin övladlarının şəxsi hekayələri, canlı şahidlərin müsahibələri, yaddaşın nəsildən-nəslə ötürülməsi prosesini təmin edir. Tarix müəllimləri isə bu mövzunu dərs proqramlarında faktoloji baza ilə yanaşı, vətənpərvərlik ruhu ilə təqdim etməlidir. Bu, təkcə bilik ötürmək deyil, həm də milli yaddaşı oyatmaq funksiyası daşıyır. Gənclərlə kommunikasiya zamanı onların istifadə etdiyi üslub, texnologiyalar və
informasiya qəbuletmə üsulları nəzərə alınmalı, maarifləndirici yanaşma
motivasiyaedici formatda təqdim edilməlidir. Yalnız bu halda Qərbi Azərbaycan həqiqətləri sadəcə tarixi bilik deyil, şəxsiyyətin formalaşmasında mühüm bir dayaq nöqtəsinə çevrilə bilər.

Gənclərin xarici ölkələrdə Azərbaycan diasporasının fəaliyyətinə cəlb olunması və
milli dəyərlərin təbliğindəki rolu barədə nə düşünürsünüz? Azərbaycan gəncləri bu gün artıq sadəcə ölkə daxilində deyil, beynəlxalq
platformalarda da milli maraqları təmsil edən mühüm sosial aktorlara çevriliblər.
Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən gənclər siyasəti, xaricdə təhsil imkanları və müxtəlif proqramlar bu istiqamətdə mühüm rol oynayır. Bu siyasətin kökləri isə ümummilli lider Heydər Əliyevin “Hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq Azərbaycanı təmsil etməlidir” ideyasında əks olunur. Gənclər bu gün diaspor fəaliyyətində artıq passiv iştirakçı yox, aktiv təşkilatçı, koordinator və ideya daşıyıcısıdırlar. Onlar xaricdə təşkil edilən tədbirlərdə iştirak etməklə yanaşı, Azərbaycanla bağlı həqiqətlərin, o cümlədən Qərbi Azərbaycan
məsələsinin xarici auditoriyaya çatdırılmasında əhəmiyyətli rol oynayırlar. Xarici vətəndaşların iştirak etdiyi konfranslar, sərgilər, anım günləri və milli bayram tədbirləri vasitəsilə gənclərimiz həm öz vətəndaşlıq məsuliyyətlərini yerinə yetirirlər, həm də milli maraqları qoruyurlar. Bu fəaliyyətlər, eyni zamanda, onların milli kimliyə daha dərindən bağlanmasına, öz köklərini dərk etmələrinə və gələcəkdə daha məsuliyyətli liderlərə çevrilmələrinə şərait yaradır. Gənclərin gördüyü bu işlər ümummilli liderin ideallarının yaşadıldığını və Azərbaycanın dünyada ləyaqətlə təmsil olunduğunu bir daha sübut edir.

Şəxsi təcrübənizə əsaslanaraq gənclərə hansı tövsiyələri vermək istərdiniz?
Şəxsi və peşəkar fəaliyyətimdə müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan
insanlarla işləmək imkanım olub. Bu təcrübədən çıxardığım əsas nəticə ondan
ibarətdir ki, istənilən nailiyyətin və təsir gücünün təməlində birlik və milli
konsolidasiya dayanır. Xüsusilə xaricdə yaşayan azərbaycanlı gənclər üçün bu prinsip həyati əhəmiyyət daşıyır.
Bizim tarixi təcrübəmiz və genetik yaddaşımız sübut edir ki, milli uğur yalnız kollektiv məsuliyyətlə mümkündür. Ailə institutundan başlayaraq, məktəb, universitet və diaspor təşkilatlarına qədər bütün sosial strukturlar birlik ruhunun formalaşmasına xidmət etməlidir. Sağlam ailə modeli milli kimliyin ilkin təməlidir – sağlam ailədən gələn gənc özünəinamlı, məqsədyönlü və milli dəyərlərə bağlı olur.
Eyni zamanda, xarici ölkələrdə yaşayan gənclər unutmamalıdırlar ki, onların söylədiyi hər söz, atdığı hər addım yalnız fərdi kimliyi deyil, eyni zamanda millət və dövlət adına edilən təmsilçiliyin göstəricisidir. Diplomatik davranış, mədəniyyətlərarası hörmət və
özünü təmkinlə ifadə bacarığı bu sahədə əsas göstəricilərdən olmalıdır.
Nəhayət, gənclərə tövsiyəm budur: məqsədli olun, amma məqsəd yolunda
rastlaşdığınız çətinlikləri təcrübə kimi dəyərləndirin. Azərbaycanlı gənc olmaq – təkcə bir ölkənin vətəndaşı deyil, eyni zamanda bir mədəniyyətin, bir tarixin və bir ruhun daşıyıcısı olmaq deməkdir. Bu məsuliyyətlə yaşamaq isə yalnız fəxr yox, həm də fəaliyyət tələb edir

Cəfər Muxtarzadə

Beynəlxalq təhsilli, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fərqlənən və məsul vəzifədə çalışan şəxsdir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir