Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06 may 2025-ci il tarixli Sərəncamı ilə Namidar Əlöysət oğlu Misirzadə yenidən Şirvan Kommersiya Məhkəməsinin sədri vəzifəsinə təyin olunub. Bu yüksək etimad və məsuliyyətli təyinat münasibətilə dəyərli həmvətənimiz, əziz qardaşımız Namidar müəllimi səmimi qəlbdən təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayıram.
Namidar Misirzadə 1980-ci ildə doğulub, əsli Azərbaycanın igidlər yurdu, tariximizin qəhrəmanlıq səhifələrində mühüm yer tutan Kəlbəcərin Çovdar kəndindəndir. Onun qazandığı uğurlar bir daha sübut edir ki, Vətəninə, xalqına sədaqətlə xidmət edən hər bir insan dövlətimiz tərəfindən dəyərləndirilir və layiq olduğu mövqelərə yüksəlir.
Hüquq sahəsində zəngin təcrübəyə və geniş biliklərə malik olan Namidar müəllim, Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsində bakalavriat, Hüquq fakültəsində isə magistratura təhsili almışdır. O, 2002-ci ildən başlayaraq müxtəlif məhkəmə strukturlarında çalışaraq, aşağıdan yuxarıya doğru peşəkar bir inkişaf yolu keçmişdir:
- 2002–2007-ci illərdə Yasamal Rayon Məhkəməsində kuryer və iclas katibi,
- 2007-ci ildə Səbail Rayon Məhkəməsində iclas katibi,
- 2007–2008-ci illərdə Sabunçu Rayon Məhkəməsində iclas katibi,
- 2008–2010-cu illərdə Bakı Apelyasiya Məhkəməsində hakim köməkçisi,
- 2010–2013-cü illərdə “Bank VTB” ASC-də hüquq idarəsinin aparıcı mütəxəssisi,
- 2013–2020-ci illərdə Xətai Rayon Məhkəməsində hakim vəzifəsində çalışıb.
2020-ci ildən isə Şirvan Kommersiya Məhkəməsinin sədri kimi fəaliyyət göstərərək, dövlətimizin hüquq sistemində islahatların həyata keçirilməsinə, sahibkarlıq mühitinin hüquqi tənzimlənməsinə və ədalətin təmininə layiqli töhfələr vermişdir.
Cənab Prezidentin sərəncamı ilə onun bu vəzifəyə yenidən təyin olunması həm dövlət başçısının hüquq sisteminə verdiyi önəmi, həm də Namidar müəllimə olan etimadı nümayiş etdirir.
Namidar müəllimin timsalında həm də bir kəlbəcərli övladın uğur tarixçəsini görürük. İşğaldan azad olunmuş doğma yurdumuzun – Çovdarın adını daşıyan və qəlbində daşıyan bu ziyalı insan, bu gün dövlətin ən məsuliyyətli kürsülərindən birində əyləşərək, həm öz ailəsinə, həm də doğulub boya-başa çatdığı torpağa fəxarət gətirir.
Əziz qardaşım, hörmətli Namidar müəllim!
Bu mühüm vəzifəyə yenidən təyinatınız münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Sizə möhkəm can sağlığı, ailə səadəti, daha böyük uğurlar və daim yüksələn bir hüquqçu yolu arzulayıram. Əminəm ki, Siz yeni mərhələdə də yüksək peşəkarlığınızla, vicdanlı və obyektiv mövqeyinizlə həm dövlətimizin etimadını, həm də xalqımızın rəğbətini doğrultmağa davam edəcəksiniz.
Uğurlarınız bol, işləriniz mübarək olsun!
Hörmətlə,
Tural Kəlbəcərli
“102-ci qəzet”in baş redaktoru
102info.az xəbər portalının rəhbəri
102info.az
