Bənövşəyi xəttin növbəti dördüncü stansiyasının tikintisi üzrə 2021-ci ilin yayında başlanan işlər hazırda nəzərdə tutulan plan üzrə davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə bu gün jurnalistlər üçün keçirilən görüşdə Bakı metropoliteninin Tikinti departamentinin rəisi Məzahir Nəbiyev deyib.
Qeyd edək ki, sözügedən “B-04” kimi qeyd edilən Bənövşəyi xəttin 4-cü yeraltı stansiyası Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxana arasındakı ərazidə, Cəlil Məmmədquluzadə küçəsində yerləşir.
“Bənövşəyi xəttin tikintisində “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları kimi, burada da “Qruntda divar” üsulu tətbiq edilir.
Ekoloji cəhətdən daha səmərəli, yaşayış sahəsinin xüsusiyyətləri nəzərə alınmaqla seçilən, başqa sözlə məhdud məkanda inşaatın effektiv aparılmasına, habelə qənaətə nail olmağa imkan verən bu üsulun əsas üstünlükləri konstruksiyaların etibarlılığı, sukeçirməzlik qabiliyyətinin yüksəkliyi, prosesin torpaqda dinamik titrəyişlər törətməməsi və maksimal səssiz-küysüz aparılmasındadır.
Yeraltı suların kənarlaşdırılması və səviyyəsinin aşağı salınması üçün qurğulara ehtiyac yoxdur. Bütün bunlar Bakının hidrogeoloji şəraitində yeraltı inşaat və daha sonra istismar üçün əsas üstünlüklərdir.
Belə ki, “B-04” stansiya kompleksinin ümumi uzunluğu 170, dərinliyi, ərazinin relyefindən asılı olaraq, 29-32 metr olmaqla dörd səviyyədə nəzərdə tutulub. Ən üst qatda – birinci səviyyədə kassa zalı və vestibül yerləşəcək. Sərnişinlər stansiyaya dörd giriş vasitəsi ilə qəbul olunacaq. Burada döşəmənin betonlanma işləri başa çatdırılıb.
Gələcəkdə zalın ortasından ikinci səviyyəyə enmək üçün eniş pilləkəni və onun hər iki tərəfində eskalatorlar quraşdıralacaq. Bir tərəfdə bir, digər tərəfdə iki eskalator üçün özül yeri ayrılıb.
İkinci səviyyə keçid funksiyalı olacaq. Buradan platforma və gözləmə zalı səviyyəsinə qədər inşaat işi aparılacaq. Bu səviyyə vasitəsilə həm də Konseptual inkişaf sxeminə uyğun olaraq, gələcəkdə inşası nəzərdə tutulmuş və Binəqədi qəsəbəsi ilə Bibiheybəti birləşdirəcək Sarı xəttin “S-06” stansiyasına keçmək mümkün olacaq. İnşaat zamanı bu xüsusiyyətlər və digər xəttin stansiyasına keçid yerinin əvvəlcədən hazırlanması da nəzərdə tutulub.
“B-04” stansiyasında çəkilən həmin görüntüləri təqdim edirik:
Könül Cəfərli
FOTO: Firudin Səlimov
www.102info.az
