
Azərbaycan Karate Federasiyasının beynəlxalq dərəcəli hakimi Mədətov Mais Mədət oğlu 6–8 fevral 2026-cı il tarixlərində Kipr Respublikasının Limassol şəhərində Avropa Karate Federasiyasının (EKF) təşkil etdiyi beynəlxalq hakimlik imtahanında uğurla iştirak edib.
Nəzəri və praktiki mərhələlərdən ibarət olan imtahanı yüksək nəticələrlə başa vuran Mais Mədətov öz peşəkarlığını bir daha təsdiqləyərək beynəlxalq hakimlik dərəcəsini artırıb və Referee B kateqoriyasına layiq görülüb.
Bununla yanaşı, həmin tarixlərdə 3 gün ərzində keçirilən Avropa çempionatında da Mais Mədətov hakim kimi fəaliyyət göstərərək döyüşlərin ədalətli və şəffaf idarə olunmasını, idman etikası və beynəlxalq qaydaların dəqiqliklə qorunmasını təmin edib. Onun obyektivliyi və peşəkarlığı yarışın rəsmi nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, bu imtahan Avropa və dünya karate arenasında tanınan, yüksək tələbləri ilə seçilən rəsmi qiymətləndirmə prosesidir. Mais Mədətovun bu nüfuzlu dərəcəyə yüksəlməsi Azərbaycan karate hakimliyinin beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu nailiyyət eyni zamanda Azərbaycan Karate Federasiyasının hakim hazırlığı sahəsində apardığı sistemli və məqsədyönlü işin bariz göstəricisidir. Mais Mədətovun əldə etdiyi uğur gələcəkdə beynəlxalq turnirlərdə ölkəmizin daha geniş təmsil olunmasına töhfə verəcək.
Mais Mədətov Mədət oğlunu bu əlamətdar uğur münasibətilə təbrik edir, ona beynəlxalq arenada daha böyük nailiyyətlər arzulayırıq.
102info.az
