Cəmiyyətin sabitliyi, ictimai asayişin qorunması və hüquqi dövlət prinsiplərinin real həyatda təmin olunması bilavasitə polis–vətəndaş münasibətlərinin sağlamlığı ilə ölçülür. Polis təkcə hüquq-mühafizə orqanı deyil, eyni zamanda dövlətlə vətəndaş arasında körpü rolunu oynayan əsas institutlardan biridir. Bu münasibətlərin düzgün qurulması həm hüquq-mühafizə sisteminin səmərəliliyini artırır, həm də vətəndaşların dövlətə və qanuna inamını möhkəmləndirir.
Polis fəaliyyətinin əsas mahiyyəti insan həyatının, sağlamlığının, hüquq və azadlıqlarının qorunmasından ibarətdir. Polis bayram, istirahət, gecə-gündüz demədən xidmət başındadır. Digərləri ailəsi ilə bayram süfrəsi arxasında olarkən, polis əməkdaşı küçədə, yolda, postda, çağırışda olur. Bu reallıq polis xidmətinin yalnız peşə deyil, həm də fədakarlıq tələb edən bir missiya olduğunu açıq şəkildə göstərir.
Polis–vətəndaş münasibətlərinin əsas dayağı qarşılıqlı hörmət və anlayışdır. Polis vətəndaşa yuxarıdan aşağı baxan nəzarətçi deyil, onun təhlükəsizliyini təmin edən dövlət nümayəndəsidir. Eyni zamanda vətəndaş da polisi yalnız cərimə yazan, məhdudiyyət tətbiq edən qurum kimi deyil, təhlükə anında müraciət edəcəyi, kömək gözlədiyi etibarlı ünvan kimi qəbul etməlidir.
Vətəndaşın polisə hörməti qanuna hörmətin göstəricisidir. Qanuna əməl edən, ictimai qaydalara riayət edən vətəndaş polisə işini daha rahat və səmərəli görməyə imkan yaradır. Polis isə öz növbəsində vətəndaşla ünsiyyətdə etik davranmalı, səbirli, obyektiv və qanunun tələblərinə uyğun hərəkət etməlidir. Bu balans pozulduqda qarşıdurma yaranır, etimad zədələnir.
Polisin gördüyü iş təkcə polisə aid məsələ deyil, bu, bütün cəmiyyətin təhlükəsizliyi ilə bağlıdır. Cinayətkarlıqla mübarizə, yol hərəkətinin təhlükəsizliyi, kütləvi tədbirlərin qorunması, fövqəladə hallara operativ reaksiya – bütün bunlar polis xidmətinin gündəlik və görünməyən tərəfləridir.
Hər bir vətəndaş polisin göstərdiyi xidmətə dəstək olmalıdır. Bu dəstək yalnız alqış və ya təriflə ölçülmür. Qanuna əməl etmək, polisə doğru məlumat vermək, şahid qismində əməkdaşlıq etmək, ictimai qaydanı pozan hallara biganə qalmamaq da real dəstəyin formalarıdır. Unutmaq olmaz ki, polis təkbaşına cəmiyyətin bütün problemlərini həll edə bilməz. Polis və vətəndaş bir komanda kimi hərəkət etdikdə nəticə daha effektiv olur.
Etimad birdən-birə yaranmır, illərin işi və düzgün münasibətlərin nəticəsində formalaşır. Polis fəaliyyətində şəffaflıq, qanunçuluq və hesabatlılıq etimadın əsas şərtləridir. Vətəndaş bilməlidir ki, polis onun hüquqlarını qoruyur və hər hansı müraciəti obyektiv şəkildə araşdıracaq.
Eyni zamanda, vətəndaşlar da emosional yanaşmadan uzaq durmalı, hər bir hadisəni ümumiləşdirərək bütün polis sisteminə şamil etməməlidir. Tək-tük neqativ hallara görə bütöv bir qurumu ittiham etmək ədalətli yanaşma deyil və bu, sağlam münasibətlərə zərər vurur.
Polis əməkdaşının işi risklidir. Onlar hər an təhlükə ilə üz-üzə qala, insan həyatını xilas etmək üçün öz həyatını riskə ata bilərlər. Bu peşə yüksək psixoloji gərginlik, məsuliyyət və intizam tələb edir. Bir çox hallarda polis əməkdaşlarının gördüyü iş yalnız problem yarandıqda xatırlanır, amma problem olmadığı zaman bu, polisin səssiz və effektiv fəaliyyətinin nəticəsi olur.
Bayram günlərində, gecə saatlarında, sərt hava şəraitində xidmət aparan polis əməkdaşları ailələrindən uzaqda, məsuliyyət başında olurlar. Bu fakt cəmiyyət tərəfindən dərk edilməli və qiymətləndirilməlidir. Vətəndaşın bir xoş sözü, anlayışlı davranışı bəzən polis üçün böyük mənəvi dəstəkdir.
Hüquqi dövlətdə polis güc deyil, qanunun icraçısıdır. Qanunun aliliyi prinsipi həm polis, həm də vətəndaş üçün eyni dərəcədə keçərlidir. Vətəndaş öz hüquqlarını bildiyi kimi, vəzifələrini də bilməli, polis əməkdaşının qanuni tələblərinə əməl etməlidir.
Polislə mübahisəni küçədə deyil, hüquqi müstəvidə həll etmək ən doğru yanaşmadır. Qanuni mexanizmlər mövcuddur və bu mexanizmlərdən istifadə etmək cəmiyyətin hüquq mədəniyyətinin göstəricisidir.
Polis–vətəndaş münasibətləri qarşıdurma üzərində deyil, əməkdaşlıq və etimad üzərində qurulmalıdır. Polis bayram-bazar demədən, gecə-gündüz xidmət başındadırsa, cəmiyyət də bu xidmətə anlayış və dəstək göstərməlidir. Təhlükəsiz küçə, rahat həyat, sabit cəmiyyət hamımızın ortaq marağıdır.
Unutmayaq ki, güclü polis etimadlı vətəndaşla, etimadlı vətəndaş isə ədalətli polis fəaliyyəti ilə formalaşır. Bu birgə məsuliyyət modelini qorumaq və inkişaf etdirmək hər birimizin borcudur.
Müəllif: Tural Kəlbəcərli
102info.az
