Bir anlıq diqqətsizlik ömürlük peşmançılıqdır: yolu bilən yox, məsuliyyəti anlayan sürücü ol – Tural Kəlbəcərli

AKTUAL

Sükan arxasında keçən hər saniyə insan həyatının taleyini müəyyən edə bilər. Bir anlıq diqqətsizlik, bir saniyəlik məsuliyyətsizlik illərlə daşınacaq peşmançılığa, bəzən isə geri dönüşü olmayan faciəyə çevrilir. Təəssüf ki, yol-nəqliyyat hadisələri hələ də cəmiyyətimizin ən ağrılı problemlərindən biri olaraq qalır. Statistik rəqəmlər sadəcə quru məlumat deyil, hər birinin arxasında yarımçıq qalan ömürlər, dağılan ailələr, ömürlük sarsıntılar dayanır.
Bu gün bir çox sürücü yolu bildiyini düşünür. Amma məsələ təkcə yolu tanımaq, nişanları əzbərləmək, avtomobili ustalıqla idarə etmək deyil. Əsl sürücülük məsuliyyəti dərk etməkdən başlayır. Sükan arxasında olan şəxs yalnız öz həyatına yox, eyni zamanda sərnişinlərin, piyada və digər hərəkət iştirakçılarının taleyinə cavabdeh olduğunu anlamalıdır. Məhz bu anlayış olmadıqda yol təhlükəsizliyi kağız üzərində qalır.
Sürət həddi, təhlükəsizlik kəməri, telefonla danışmamaq kimi qaydalar bəzən sürücülərə xırda detal kimi görünür. Halbuki bu “xırda detallar” insan həyatını qoruyan əsas qalxandır. Bir mesaj oxumaq, bir zəngə cavab vermək üçün gözün yoldan çəkilməsi bəzən saniyələr çəkir, amma nəticəsi ömürlük ola bilər. “Mənə heç nə olmaz” düşüncəsi isə ən təhlükəli düşüncədir. Çünki yol qəzası heç kimdən icazə almır.
Cəmiyyət olaraq yol mədəniyyətini yalnız sürücülərdən yox, hamıdan tələb etməliyik. Piyada da, velosipedçi də, sərnişin də məsuliyyətini bilməlidir. Lakin ən böyük yük yenə sükan arxasında olanın üzərinə düşür. Çünki bir anlıq səhv onlarla insanın həyatına təsir göstərə bilər. Bu məsuliyyət sadəcə qanun qarşısında deyil, vicdan qarşısında da daşınmalıdır.
Xüsusilə gənc sürücülər arasında “özünü sübut etmə”, sürət həvəsi, riskli manevrlər ciddi təhlükə yaradır. Unutmayaq ki, yol yarış meydanı deyil. Sükan arxasında qəhrəmanlıq axtarmaq yox, sağlam düşüncə ilə hərəkət etmək lazımdır. Əsl güc qaydalara əməl etməkdə, başqasının həyatına hörmət göstərməkdədir.
Bu məsələdə maarifləndirmə də mühüm rol oynayır. Ailədə, məktəbdə, mediada yol təhlükəsizliyi mədəniyyəti davamlı şəkildə aşılanmalıdır. Qəzalar yalnız xəbər başlığına çevrilməməli, hər biri dərs kimi cəmiyyətə çatdırılmalıdır. Çünki başqasının yaşadığı faciə bizim üçün xəbərdarlıq ola bilər.
Bir anlıq diqqətsizlik ömürlük peşmançılığa çevrilməsin deyə hər kəs öz payına düşən məsuliyyəti anlamalıdır. Yolu bilmək kifayət deyil, yolu paylaşmağı, başqasının haqqını qorumağı, səbrli olmağı bacarmaq lazımdır. Sükan arxasına əyləşən hər kəs bilməlidir: sən tək deyilsən, sənin bir hərəkətin onlarla taleyi dəyişə bilər.
Unutmayaq, evdə bizi gözləyənlər var. Hər kəs sağ-salamat evinə qayıtmağa layiqdir. Ona görə də yolun sahibi olduğunu yox, yolun əmanət olduğunu düşünək. Yolu bilən yox, məsuliyyəti anlayan sürücü olaq.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir