VƏTƏN ÜÇÜN YAŞAYANLAR ÖLMÜR – ŞƏHİD PİRİYEV RƏŞADƏT ƏLİ OĞLUNUN ÖMÜR DASTANI.

Vətən torpağı tarix boyu igid oğullar yetişdirib. O igidlər ki, talelərini torpağın müqəddəsliyinə bağlayıb, ömürlərini xalqın sabahına qurban veriblər. Onlar silahlanıb tarix yazıblar, qanları ilə azadlığın xəritəsini cızıb gediblər. Belə qəhrəmanlardan biri də Şəhid Piriyev Rəşadət Əli oğludur. Onun həyatı bir insanın deyil, bütöv bir nəslin, bir elin, bir Vətənin şərəf tarixidir.

Rəşadət Piriyev 1 oktyabr 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində dünyaya göz açıb. Sadə, zəhmətkeş, halal zəhmətlə yaşayan bir ailədə böyüyüb. Uşaqlıqdan öz düzgünlüyü, təmkinli davranışı, mərdliyi və vətənpərvər ruhu ilə seçilib. Məktəbdə oxuyarkən belə müəllimlərinin, yaşıdlarının hörmətini qazanıb. Onu tanıyanlar deyir ki, Rəşadət sakit təbiətli idi, amma sükutunun altında böyük bir yanar Vətən sevgisi daşıyırdı. Torpaqlarımız işğala məruz qalanda isə bu susqunluq qürurlu bir mübarizəyə çevrildi.
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan torpaqlarına qarşı genişmiqyaslı hərbi təcavüzü zamanı minlərlə vətən oğlu kimi Rəşadət də bir an belə tərəddüd etmədən döyüş yolunu seçdi. O, “evdə qalsam, vicdanım məni bağışlamaz” deyərək könüllü şəkildə cəbhəyə yollandı. Çünki Vətən artıq çağırırdı. Bu çağırışdan geri dönmək isə onun kimi oğullar üçün mümkün deyildi.
Rəşadətin döyüş yolu Kəlbəcərdən, Laçından, Ağdamdan, Ağdərədən keçdi. Bu adların hər biri 90-cı illərin qan yaddaşıdır, şəhid yollarıdır, yaralı torpaqlardır. O, həmin istiqamətlərdə aparılan ən ağır, ən amansız, ən qeyri-bərabər döyüşlərin iştirakçısı olub. Döyüş meydanında yalnız silah gücü ilə yox, həm də biliyi, texniki bacarığı və təmkinli qərarları ilə seçilib.
Rəşadət rabitəçi-operator kimi xidmət edirdi. Cəbhədə rabitə sadəcə texniki vasitə deyil, həyat xətti idi. Bir əmrin gecikməsi bütöv bir bölüyün məhv olması demək ola bilərdi. O, düşmən atəşi altında belə rabitəni qoruyur, əlaqəni bərpa edir, komandirlə ön xətt arasında körpü rolunu oynayırdı. Bundan əlavə, hərbi texnikanın və partlamamış sursatların zərərsizləşdirilməsi üzrə əməliyyatçı kimi də fəaliyyət göstərirdi. Bu isə ölümün özü ilə üz-üzə dayanmaq demək idi.
Mərmilər yağış kimi yağarkən, Rəşadət zədələnmiş rabitə xətlərini bərpa edir, minaatan mərmilərini, partlamamış sursatları zərərsizləşdirir, döyüş yoldaşlarını ölüm təhlükəsindən xilas edirdi. O, ölümdən qorxmurdu – çünki o artıq Vətən yolunu seçmişdi. Bu yol isə yalnız irəli aparırdı.
11 fevral 1994-cü il…
Bu tarix Rəşadət Piriyevin həyatının əbədiyyətə qovuşduğu gündür. O, Kəlbəcər rayonunun Yanşaq kəndi uğrunda gedən şiddətli və qeyri-bərabər döyüşlərdə sonuncu dəfə döyüş yoldaşları ilə çiyin-çiyinə vuruşdu. Həmin gün düşmən mövqelərimizə güclü hücuma keçmişdi. Ən təhlükəli nöqtədə rabitə kəsildi. Komandanlıqla əlaqə itmişdi. Bir anlıq sükut bütün mövqeni ölümün ağuşuna ata bilərdi.
Rəşadət tərəddüd etmədən irəli atıldı. Güllə yağışı altında, mərmi səsləri arasında rabitəni bərpa etmək üçün həyatını ortaya qoydu. O tapşırığı yerinə yetirdi… Amma geri dönmədi. Elə həmin an düşmən atəşi onun yolunu əbədiyyətə açdı. O, Vətən torpağına canını verdi və şəhidlik zirvəsinə ucaldı.
O gündən bu günə qədər rəsmi məlumatlara görə Şəhid Piriyev Rəşadət Əli oğlu itkin sayılır. Lakin bu xalq üçün, onun ailəsi, yaxınları və döyüş yoldaşları üçün Rəşadət itkin deyil. Şəhid heç vaxt itkin olmur. Şəhid millətin yaddaşında, bayrağında, azad torpağında yaşayır. Onun məzarı bilinməsə də, adı minlərlə ürəkdə yaşayır. O ad bu xalqın vicdan kitabına yazılıb.
Bu gün azad Kəlbəcərin zirvələrinə baxarkən, o dağlara ruhu dəyən şəhidlərimizi xatırlayırıq. Bu torpaqlar rahatlıqla deyil, Rəşadət kimi igidlərin qanı bahasına geri qayıtdı. Hər daşın altında bir şəhid hekayəsi yatır. Rəşadət Piriyev də o müqəddəs qanla bu torpağa azadlıq yazanlardandır.
Şəhidin qəhrəmanlığı onun ailəsində də Vətənə sədaqət yolunu davam etdirib. Şəhidin qardaşı Rəşid Piriyev bu gün Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində xidmət edir. O, özü də Qarabağ veteranıdır, Vətən borcunu səngərdə yerinə yetirmiş bir zabitdir. Bu gün polis polkovniki rütbəsində dövlətə, xalqa xidmətini davam etdirir. Bu bir ailənin iki fərqli şəkildə, amma eyni amal – Vətən naminə apardığı mübarizənin bariz nümunəsidir. Biri şəhidliklə tarixə yazıldı, biri isə dövlət xidmətində o müqəddəs yolu ləyaqətlə davam etdirir.
Bu gün biz Rəşadət Piriyevin adını çəkəndə təkcə bir əsgəri deyil, Vətən fədaisini, sədaqət simvolunu, qeyrət nümunəsini xatırlayırıq. O, yaşaya-yaşaya ölümsüzlük qazananlardandır.
Şəhidlik – sadəcə ölüm deyil, əbədiyyətin başlanğıcıdır.
Şəhidlik – Vətən sevgisinin son həddi deyil, ən ali zirvəsidir.
Şəhidlik – adın tarixə qızıl hərflərlə yazılmasıdır.
Şəhid Piriyev Rəşadət Əli oğlu – sən itkin deyilsən, sən bu Vətənin qəlbindəsən!
Sənin adın azad Kəlbəcərin daşında, dağında, səmasında yaşayır. Sənin ruhun bu torpaqlarda dolaşır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ruhları şad, məkanları cənnət olsun!
Azərbaycan şəhidlərinin qarşısında baş əyir!
Tural Kəlbəcərli
“102-ci qəzet” və “102info.az” xəbər agentliyinin rəhbəri,
“Qızıl Qələm” mükafatı laureatı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qəhrəman Azərbaycan Polisi” kitabının müəllifi
102info.az
