Ombudsman Çin Xalq Respublikasının İntizam Təftişi üzrə Mərkəzi Komissiyası və Milli Nəzarət Komissiyasının rəhbərliyi ilə görüş keçirib

Dünya

Asiya Ombudsman Assosiasiyasının vitse-prezidenti qismində təşkilatın illik toplantılarında iştirak etmək məqsədilə Çində rəsmi səfərdə olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Çin Xalq Respublikası Milli Nəzarət Komissiyasının dəvəti əsasında həmin qurumun rəhbərliyi ilə görüş keçirib.

Çin Xalq Respublikasının Mərkəzi Təftiş Komissiyası və Milli Nəzarət Komissiyasının sədr müavini Liu Xuexin, Daimi Komitənin üzvü Mu Hongyu, eləcə də Komissiyanın digər rəhbər şəxslərinin iştirakı ilə baş tutan görüşdə Azərbaycan və Çin arasında mövcud strateji əməkdaşlıq münasibətləri yüksək qiymətləndirilib. Qeyd olunub ki, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş perspektivlər mövcuddur.

Tərəflər görüşdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər, əldə olunan müsbət nəticələr barədə ətraflı fikir mübadiləsi aparıblar. Ombudsman Səbinə Əliyeva qeyd edib ki, ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı məlumat və təcrübə mübadiləsi, həmçinin birgə maarifləndirmə tədbirlərinin təşkili insan hüquqlarının müdafiəsi işinə mühüm töhfə verəcək.

Ombudsman iki qurum arasında mövcud dialoqun institutlararası əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyini vurğulayıb. Görüşdə, həmçinin Asiya Ombudsman Assosiasiyası çərçivəsində regional əməkdaşlığın gücləndirilməsi, insan hüquqları sahəsində müsbət təcrübə mübadiləsi və birgə layihələrin icrasının xüsusi əhəmiyyət daşıdığı bildirilib.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir