Sosial şəbəkələrdə yayılan görüntülərdə “Tofaş” markalı avtomobilin sürücüsünün toy karvanı zamanı digər hərəkət iştirakçılarına məhəl qoymadan yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu, avtoxuliqanlıq hərəkətləri etdiyi və bununla da ictimai təhlükəsizlik üçün ciddi təhdid yaratdığı açıq şəkildə əks olunub. Kadrlardan da göründüyü kimi, sürücü həm sürət həddini aşır, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə maneələr törədərək qəza şəraiti yaradır.
Hadisə ilə bağlı dərhal tədbir görülüb. Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qanun pozuntusuna yol verən şəxs – 28 yaşlı Nurlan Səfərli qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Sürücü ilə bağlı inzibati protokol tərtib edilib, toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim olunub. Məhkəmənin çıxardığı qərara əsasən Nurlan Səfərlinin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Bundan əlavə, qanunvericiliyin tələblərinə uyğun olaraq ona qarşı 15 sutka müddətinə inzibati həbs cəzası da tətbiq olunub.
Abşeron Rayon Polis İdarəsi bir daha bütün sürücülərə xəbərdarlıq edir ki, ictimai asayişi pozan, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq vətəndaşların həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərə qarşı ciddi tədbirlər görüləcək. Toy karvanlarında avtoxuliqanlıq, təhlükəli manevrlər və digər qayda pozuntuları qanunla qəti şəkildə qadağan olunur və belə hallar aşkarlandığı zaman məsuliyyət labüddür.
102info.az
