Polis ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirmə tədbirlərini davam etdirir.
Paytaxt ərazisində ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də ictimai təhlükəsizliyin təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) polis əməkdaşları tərəfindən nəzarət və profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən 102info.az-a verilən məlumata görə, həyata keçirilən növbəti reyd zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən, eləcə də səs-küylə insanların rahatlığını pozan motosiklet və moped sürücüləri müəyyən olunub. Onlarla yerindəcə profilaktik söhbətlər aparılıb, təhlükəsizlik qaydalarının pozulmasının doğura biləcəyi ağır nəticələr izah edilib.
Maarifləndirmə zamanı sürücülərə aşağıdakılar bir daha diqqətə çatdırılıb:
Yol hərəkəti haqqında qanunvericiliyin tələblərinə əməl etməyin vacibliyi;
Sürət həddinin aşılmasının və təhlükəli manevrlərin digər hərəkət iştirakçıları üçün yaratdığı risklər;
Moped və motosikletlərin texniki sazlığının təmin edilməsinin əhəmiyyəti;
İctimai asayişin qorunması üçün səsboğucu avadanlıqların düzgün istifadəsi.
Bundan əlavə, profilaktik tədbirlər zamanı sürücülərə məlumat verilib ki, yol hərəkəti qaydalarının pozulması yalnız cərimə ilə nəticələnmir, həm də insan həyatını təhlükəyə atır. Belə halların qarşısını almaq üçün hər bir sürücünün məsuliyyətli davranması, nəqliyyat vasitələrini idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməsi, qoruyucu dəbilqə taxması zəruridir.
Polis əməkdaşları qeyd ediblər ki, insanların istirahətini pozan, ictimai narahatlıq yaradan neqativ halların aradan qaldırılması, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində bu cür tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Bir daha bütün yol hərəkəti iştirakçılarına – xüsusilə ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək diqqətli olmaları, hərəkət qaydalarına ciddi şəkildə əməl etmələri tövsiyə olunur. Qaydaların gözlənilməsi hər kəsin təhlükəsizliyinin təmin olunmasına xidmət edir.







SƏRBAL ƏSGƏRLİ
102info.az şöbə müdri
102info.az
