Milli Qəhrəman mayor Şahlar Şükürovun anım günü

Azərbaycan Polisi

Bu gün Azərbaycanın igid oğlu, vətənin şanlı müdafiəçilərindən biri, Milli Qəhrəman mayor Şahlar Şükürovun anım günüdür. Onun ömür yolu, igidliyi və şəhidlik zirvəsinə ucalan şərəfli həyatı xalqımızın qəhrəmanlıq salnaməsində əbədi olaraq yazılıb.

Şahlar Şükürov 1952-ci il mayın 17-də Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dünyaya göz açmışdır. Uşaqlıq və gənclik illəri Vətən sevgisi ilə yoğrulan Şahlar, orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuş, 1972-ci ildə ali təhsilini uğurla başa vurmuşdur.

Təhsilini başa çatdırdıqdan sonra hərbi xidmətə yollanan Şahlar Şükürov, daha sonra daxili işlər orqanlarında – Ucar və Zərdab rayon Daxili İşlər Şöbələrində çalışmışdır. Peşəkar və fədakar fəaliyyəti ilə seçilən qəhrəmanımız 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirərək xidmətdə daha məsul və önəmli vəzifələrə təyin edilmişdir.

1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranan gərginliklər fonunda, Şahlar Şükürov da təbii olaraq ön cəbhəyə üz tutmuş, dəfələrlə qaynar nöqtələrdə olmuş, erməni yaraqlılarının törətdiyi cinayətlərə qarşı cəsarətlə mübarizə aparmışdır. O, öz həyatını təhlükə qarşısına qoymaqdan çəkinməyərək, xalqı və torpağı uğrunda mübarizənin ön sıralarında yer almışdır.

1990-cı il iyulun 11-də, Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən hərbi qulluqçuların müşayiəti ilə maşın karvanı Ağdərə ərazisindən keçərkən qəfil düşmən hücumu ilə üz-üzə qalır. Qeyri-bərabər döyüş şəraitində Şahlar Şükürov son gülləsinə, son nəfəsinə qədər vuruşaraq, əsl qəhrəmanlıq nümunəsi göstərir. Bu döyüşdə yalnız o deyil, xalq sənətkarı Dədə Şəmşirin qızı, mərd bir Azərbaycan qadını olan Çimnaz xanım da şəhidlik zirvəsinə ucalır.

Vətən qarşısında misilsiz xidmətlərinə və göstərdiyi igidliyə görə mayor Şahlar Şükürov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Onun adı bu gün də böyük hörmətlə yad edilir, həyat yolu gələcək nəsillərə nümunə göstərilir.

Azərbaycan xalqı 30 ilə yaxın bir müddətdə torpaqlarımızın işğalı ilə barışmadı. Qisas yeri boş qalmadı. 2020-ci ilin payızında – 44 günlük Vətən müharibəsində, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı. Qəhrəmanlarımızın qanı ilə suvarılan müqəddəs torpaqlar işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Bu Qələbə – Şahlar Şükürov kimi şəhidlərimizin ruhunu şad etdi. Onların döyüş meydanında göstərdiyi qəhrəmanlıq, bu gün azad və suveren Azərbaycanın sabahı üçün atılan möhkəm təməllər oldu.

Biz bu gün onların ruhu qarşısında baş əyir, adlarını böyük ehtiramla yad edirik. Qəhrəmanlarımız unudulmur və unudulmayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Vətən onlarla qürur duyur!

Müəllif: Tural Kəlbəcərli

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir