“Zəhranın arzusu” – Sehirli nağıl qəhrəmanları bir səhnədə

Maraqlı

30 may 2025-ci il tarixində Zəngilan 1 nömrəli məktəbdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Zəhranın arzusu” adlı sehirli tamaşa nümayiş olunub. Nağıl qəhrəmanlarının bir araya gəldiyi bu möhtəşəm səhnə uşaqlara unudulmaz anlar yaşadıb. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbirin əvvəlində məktəbin direktoru Xoşqədəm Məmmədova çıxış edərək iştirakçıları səmimi qəlbdən salamlayıb, bu cür tədbirlərin uşaqların yaradıcılıq qabiliyyətinin inkişafı və estetik zövqünün formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Direktor çıxışında qeyd edib ki, xalqımızın zəngin folklor xəzinəsinin inciləri olan nağıllar əsrlər boyu uşaqlara düzgünlük, mərdlik, zəhmətsevərlik kimi yüksək mənəvi keyfiyyətləri aşılayıb:

“Nağıllar xalq poetik yaradıcılığının ən qədim və ən populyar nümunələrindəndir. Onlar zaman-zaman yaranan ədəbiyyat və incəsənət əsərlərinin mayası, qaynağı, çox zaman isə əsası olub. Bu gün tamaşa vasitəsilə biz bu irsi yaşadır, gələcək nəsillərə ötürürük.”

Direktorun çıxışından sonra məktəbin balaca yetirmələrinin ifasında uzun müddət yaddaşlardan silinməyəcək nağıl-tamaşa təqdim olunub. “Zəhranın arzusu” adlı bu bədii kompozisiyada klassik və müasir nağıl qəhrəmanları bir araya gələrək uşaqlara xoş ovqat bəxş ediblər.

Səhnədə Cirtdan, Küpəgirən qarı, Zəhra, Zəhranın anası, Məlikməmməd, Qırmızı papaq, Tık tık xanım, Qoğal və Tülkü rollarında çıxış edən şagirdlər obrazları yüksək ustalıqla canlandırıblar. Hər bir personaj öz fərdi xüsusiyyətləri və davranışları ilə uşaqlara həm əyləncəli, həm də maarifləndirici mesajlar verib. Tamaşa boyu uşaqların maraqla izlədiyi səhnələr həm gülüş, həm təəccüb, həm də sevinc dolu anlarla müşayiət olunub.

Tamaşanın əsas ideyası – uşaqların arzularının reallaşması üçün birlik, xeyirxahlıq və mehribanlıq kimi dəyərlərin vacibliyi – bütün auditoriyaya aydın və təsirli şəkildə çatdırılıb. “Zəhranın arzusu” təkcə bir nağıl deyil, eyni zamanda uşaq dünyasına sevgi ilə yanaşmağın, onların duyğu və düşüncələrinə hörmətlə yanaşmağın təcəssümü idi.

Sonda iştirakçılar tamaşada çıxış edən balaca aktyorları alqışlarla mükafatlandırıblar. Belə tədbirlər şagirdlərin istedadlarının üzə çıxarılması, milli-mənəvi dəyərlərlə tərbiyə olunmaları və gələcəyin yaradıcı düşüncəli fərdləri kimi formalaşmaları baxımından mühüm əhəmiyyət kəsb edir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir