Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil edilib

Sosial Tədbirlər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Bakının Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib. Ekoloji tarazlığın qorunması və yaşıllıqların artırılması məqsədi daşıyan bu sosial məsuliyyət təşəbbüsü həm də gənc nəslə ekoloji düşüncə və təbiətə qayğı mədəniyyəti aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.

Aksiyada Ombudsman Səbinə Əliyeva ilə yanaşı, Ombudsman Aparatının əməkdaşları, regional mərkəzlərin nümayəndələri, könüllülər və ekoloji məsələlərə həssas yanaşan vətəndaşlar da fəal iştirak ediblər. Nərimanov rayonunda keçirilən tədbir zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 102 dekorativ ağac əkilib. Əkilən ağaclar həm şəhər landşaftının gözəlləşməsinə, həm də havanın keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verəcək.

Aksiya zamanı jurnalistlərə açıqlama verən Ombudsman Səbinə Əliyeva qeyd edib ki, ətraf mühitin qorunması, yaşıllıqların artırılması və ekoloji dəyərlərin təşviqi hər bir vətəndaşın borcudur. O, bu cür təşəbbüslərin davamlı xarakter daşımasının vacibliyini vurğulayıb və bütün ictimaiyyəti ətraf mühit naminə görülən işlərdə fəal iştiraka dəvət edib. Ombudsman qeyd edib ki, yaşıl dünyanın qorunması gələcək nəsillərə qoyulacaq ən qiymətli miraslardan biridir.

Qeyd olunmalıdır ki, Ümummilli Lider Heydər Əliyev rəhbərliyi dövründə ekologiya məsələlərinə xüsusi önəm verib. Onun təşəbbüsü ilə ölkədə bir sıra milli parklar, qoruqlar və yasaqlıqlar yaradılıb, ətraf mühitin mühafizəsi sahəsində kompleks dövlət proqramları hazırlanıb və uğurla icra olunub. Ulu Öndər daim vurğulayırdı ki, təbiət Azərbaycanın milli sərvətidir və bu sərvətə qarşı məsuliyyətli yanaşma gələcəyin inkişafının əsas şərtidir.

Bu kimi tədbirlər, təkcə Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi deyil, həm də onun ideyalarının yaşayaraq həyata keçirilməsinin göstəricisidir. Ağacəkmə aksiyası həm də cəmiyyətin ekoloji maarifləndirilməsi və həmrəyliyinin təcəssümüdür.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir