Sabunçu rayonu “Gənclər Evi”ndə Şəhid Zeynalzadə Əzzaman Mehman oğlunun anım günü qeyd edildi

Qəhraman vətən oğlulları

Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş igidlərimizin xatirəsi daim əziz tutulur. Mayın 22-də Sabunçu rayonundakı “Gənclər Evi”ndə Şəhid Zeynalzadə Əzzaman Mehman oğlunun anım günü münasibətilə əlamətdar tədbir keçirildi. Anım mərasimi şəhid ailələrinin, qazilərin, vətənpərvər ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutdu.

Tədbirdə Şəhid anaları, ataları, müharibə iştirakçıları, qazilər, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları, müxtəlif qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak etdilər. “QanunyoluTV.az” xəbər portalının rəhbəri Arif Süleymanlı, ilahiyyatçı Hacı Rahim, “Şəhid Ailələrini Müdafiə Cəmiyyəti”nin Suraxanı rayon şöbəsinin sədri, 1993-cü il Şəhidi Oktay Əliyevin həyat yoldaşı olan Nəsibə Əliyeva tədbirə qatılaraq öz ürək sözlərini bölüşdülər.

Tədbir şəhid ruhuna dualarla başladı. Çıxış edənlər, Əzzaman Zeynalzadənin qəhrəmanlıq yolundan, onun döyüşdə göstərdiyi şücaətlərdən, ailəsinin, el-obasının onunla fəxr etdiyindən danışdılar. Onun timsalında Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda canını fəda etmiş bütün şəhidlər yad edildi. Tədbirdə məktəblilər və qiraətçilər Vətənə, şəhidlərə həsr olunmuş şeirlər səsləndirdilər, vətənpərvərlik ruhunda kompozisiyalar təqdim etdilər.

Müğənnilərin ifasında vətənpərvərlik mahnıları səsləndirildi. Xüsusilə “Yaşa Azərbaycan” mahnısının tanınmış ifaçısı Nurlan Ordubadlının çıxışı tədbirə xüsusi bir ruh qatdı. Şəhidin yaxınları və tədbir iştirakçıları duyğusal anlar yaşadılar.

Anım mərasiminin təşkilatçısı, “Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin sədri Ülviyyə xanım Əsədova idi. Onun təşəbbüsü və dəstəyi ilə tədbir yüksək səviyyədə keçirildi. Ülviyyə xanım çıxışında qeyd etdi ki, şəhidlərin ruhunu yaşatmaq, onların ailələrinə mənəvi dayaq olmaq, gələcək nəsillərə qəhrəmanlıq nümunələrini çatdırmaq hər bir vətəndaşın borcudur.

Tədbirin sonunda şəhidin adına ehsan süfrəsi açıldı, iştirakçılara çay süfrəsi təqdim olundu və Əzzaman Zeynalzadənin həyatını əks etdirən videorolik nümayiş etdirildi. Bu video bir daha şəhidin necə mərd, vətənpərvər və igid bir oğul olduğunu xatırlatdı.

Sonda “Dəmir Yumruq” simvolik hədiyyəsi şəhidin anasına Alfa-A Cəmiyyəti tərəfindən təqdim olundu. Bu hədiyyə, bir tərəfdən şəhid ailəsinə olan hörmətin, digər tərəfdən isə “Dəmir Yumruq” əməliyyatında göstərilən birlik və gücün simvolu olaraq təqdim edildi.

Qeyd edək ki, bu cür tədbirlər, şəhidlərimizin ruhunun əziz tutulması, onların ailələrinin unudulmaması və vətənpərvərlik ruhunun cəmiyyətə aşılanması baxımından böyük əhəmiyyət daşıyır.

Ruhun şad olsun, Əzzaman!

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir