Məlum olduğu kimi, “Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli fəaliyyət plan”ı Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli 208 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Bununla yanaşı, “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Azərbaycan Respublikasının Qanunu qəbul olunub.
Göründüyü kimi, cari ildə Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının hazırlanmasının 21-ci ili, “İnsan Alverinə qarşı mübarizə haqqında” Qanunun qəbulunun isə 20-ci ili tamam olur.
Ümumiyyətlə, 2009-cu ildən başlayaraq, hər il may ayının birinci həftəsi ölkəmizdə “İnsan alverinə qarşı mübarizə həftəsi”, həmin ayın 6-sı “İnsan alverinə qarşı mübarizə günü” və 30 iyul “Dünya İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir.
Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28 iyun 2005-ci il tarixli 958-IIQ nömrəli Qanununun 8-ci maddəsinə əsasən, “İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”nda göstərilən vəzifələrin səmərəli icrası, insan alveri qurbanlarının təhlükəsizliyinin təmin edilməsi, onlara peşəkar yardım göstərilməsi, insan alverinə qarşı mübarizə sahəsində məlumatların vahid mərkəzdə cəmlənməsi və qorunması, insan alverinə qarşı mübarizənin xüsusi təlim keçmiş peşəkar polis əməkdaşları və lazımi avadanlıqla təchiz edilmiş polis qurumu tərəfindən həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi yaradılmışdır. Baş İdarə insan alveri qurbanlarının müəyyən edilməsi və müdafiə edilməsi ilə yanaşı, həmçinin insan alveri ilə bağlı cinayətlər üzrə səlahiyyətləri daxilində əməliyyat-axtarış fəaliyyətini və cinayət təqibini həyata keçirir. Bundan başqa, İdarənin nəzdində insan alveri qurbanları üçün sığınacaq da fəaliyyət göstərir.
Azərbaycan bu sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Belə ki, insan alverinin hər cür növünün qarşısının alınması, insan alveri qurbanlarına yardımın göstərilməsi, onların müdafiə edilməsi, cinayətkarların təqibi, habelə beynəlxalq əməkdaşlıq sahəsində müvafiq tədbirlər həyata keçirir. Bu sahədə görülmüş işlər beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilmişdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən bu sahədə bir çox işlər həyata keçirilmişdir. Belə ki, Ombudsman Avropa Şurasının İnsan alverinə qarşı mübarizə haqqında Konvensiyanın müddəalarına və ölkə Prezidentinin 2020-ci il 22 iyul tarixli, 2173 nömrəli Sərəncamına əsasən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nından irəli gələn məsələlərlə bağlı fəaliyyətini davam etdirmişdir.
102info.az
