Hüquq Elminin Işıqlı Siması – Səbinə xanım Əliyevanın doğum günüdür

Baş səhifə

Hörmətli Səbinə xanım Əliyeva – Hüquq elminə sadiq bir alim, vətənpərvər ziyalı və örnək şəxsiyyət!

Bu gün – 7 may tarixində elmə, ədalətə və insan hüquqlarına xidmət edən, ömrünü ölkəmizin hüquqi inkişafına, xüsusilə də sosial həssas təbəqələrin hüquqlarının müdafiəsinə həsr etmiş tanınmış hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin nüfuzlu müəllimi, “İnsan hüquqları” ixtisaslaşması üzrə Elmi Şuranın sədri Səbinə Yaşar qızı Əliyevanın doğum günüdür.

Səbinə xanımın həyat və fəaliyyət yolu zəhmət, zəka və yüksək peşəkarlıqla yoğrulmuşdur. 1980-ci ildə Bakı şəhərində dünyaya gələn bu zəhmətkeş alim, orta təhsilini 1996-cı ildə fərqlənmə ilə başa vurmuş, elə həmin ildən hüquq sahəsində təhsilini davam etdirmişdir. Bakı Dövlət Universitetində həm bakalavr, həm də magistr pillələrini fərqlənmə diplomu ilə başa vuran Səbinə xanım, daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər üzrə əlavə ali təhsil alaraq hüquqi təfəkkürünü beynəlxalq kontekstdə də zənginləşdirmişdir.

Onun hüquq sahəsindəki elmi fəaliyyəti xüsusilə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə yönəlmişdir. 2016-cı ildə “Əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası” mövzusunda uğurla müdafiə etdiyi dissertasiya işi təkcə elmi cəhətdən deyil, həm də cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Bu mövzu üzrə nəşr etdirdiyi monoqrafiya hüquq elminə, insan hüquqlarının inkişafına və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasına sanballı töhfədir.

2020-ci ildən etibarən isə Səbinə xanım Bakı Dövlət Universitetində “İnsan hüquqları” üzrə magistr dissertasiyalarının müdafiəsi üçün yaradılmış ixtisaslaşdırılmış Elmi Şuranın sədri kimi gələcək hüquqşünas alimlərin formalaşmasında mühüm rol oynayır.

Səbinə xanım,
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, elmi və pedaqoji fəaliyyətinizdə uğurlar arzulayıram. Sizin kimi ziyalı və işıqlı insanların hüquq elmi və təhsil sistemimizdə mövcudluğu bizim üçün böyük qürur mənbəyidir. Siz həm elmə sədaqətinizlə, həm insanlara olan münasibətinizlə, həm də nümunəvi müəllimlik fəaliyyətinizlə seçilirsiniz.

Arzu edirik ki, qarşıdakı illərdə də milli hüquq sistemimizin təkmilləşdirilməsi və insan hüquqlarının təminatı sahəsindəki fəaliyyətiniz daha böyük uğurlarla müşayiət olunsun.

Hörmət və ehtiramla,
Tural Kəlbəcərli
“102info.az” xəbər portalının rəhbəri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir