Elnur Çıraqov: Dövlətçilik ruhlu alim və müasir ziyalılığın nümayəndəsi

Baş səhifə

Prezident İlham Əliyevin 2025-ci il tarixli Sərəncamına əsasən, Elnur Çıraqov Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin üzvü təyin edilib. Bu təyinat Elnur Çıraqovun uzun illər ərzində göstərdiyi peşəkar fəaliyyətin, elmi-publisistik töhfələrinin və ictimai proseslərin dərin təhlilindəki fəallığının məntiqi davamı kimi qiymətləndirilə bilər.

Elnur Çıraqov 1987-ci ildə Azərbaycanın Kəlbəcər rayonunda anadan olub. İşğal dövründə dəfələrlə bu bölgənin dərdini sözə gətirən ziyalı, doğma yurdun işıqlı gələcəyi naminə çalışan nəslin nümayəndəsidir. Onun vətənə bağlılığı, həm də milli-mənəvi dəyərlərə sədaqəti elə gənc yaşlarından formalaşıb.

2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində inzibati idarəetmə sahəsi üzrə bakalavr təhsili alan Elnur Çıraqov, daha sonra elmi axtarışlarını beynəlxalq müstəviyə daşıyıb. Türkiyənin tanınmış ali təhsil müəssisəsi olan Ankara Universitetinin Sosial Elmlər İnstitutunda magistratura təhsilini tamamlayıb. Elə bu ölkədə, dövlət idarəçiliyi sahəsində aparıcı elmi müəssisələrdən olan Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda (TODAİE) doktorantura təhsilini uğurla başa vuraraq dövlət və cəmiyyət münasibətləri üzrə dərin elmi baza qazanıb.

Elnur Çıraqovun peşəkar fəaliyyətinə 2015-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyində başlaması onun dövlət strukturlarında formalaşmasına imkan yaratdı. Əldə etdiyi təcrübə və analitik təfəkkür bacarığı ilə o, 2019-cu ildən etibarən Sosial Tədqiqatlar Mərkəzində müxtəlif vəzifələrdə çalışaraq bu qurumun inkişafına mühüm töhfələr verib. Əvvəlcə Sosial-iqtisadi təhlil departamentində aparıcı məsləhətçi, 2022-ci ilin fevralından baş məsləhətçi, həmin ilin iyulundan isə İctimai rəyin öyrənilməsi departamentinin müdiri kimi fəaliyyət göstərib.

Bu vəzifələrdə çalışarkən Elnur Çıraqov təkcə statistik məlumatları toplamaqla kifayətlənməyib, həm də onların elmi təhlili və strateji sənədlərin hazırlanmasında aparıcı rol oynayıb. O, cəmiyyətin aktual məsələlərinə dair ictimai rəylərin ölçülməsi və bu fikirlərin dövlət siyasətində nəzərə alınmasına yönəlik mexanizmlərin formalaşdırılmasında fəal iştirak edib.

Elnur Çıraqov müxtəlif elmi məqalələrin, ictimai-siyasi təhlillərin müəllifi kimi də tanınır. Onun qələmə aldığı yazılar dövlət idarəçiliyi, sosial rifah, ictimai iştirakçılıq və idarəetmənin effektivliyi kimi mövzuları əhatə edir. Yazılarında müasir dövrün çağırışlarına uyğun təhlil bacarığı, statistik məlumatların düzgün təfsiri və gələcəyə yönəlik proqnozlaşdırma qabiliyyəti öz əksini tapır.

Çıraqovun məqalələri elmi jurnallarla yanaşı, ictimai rəyin formalaşmasında əhəmiyyətli rol oynayan analitik platformalarda da işıq üzü görüb. Onun yanaşmaları həm nəzəri əsaslara, həm də praktik müşahidələrə əsaslanır.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinə üzv təyin olunması Elnur Çıraqovun həm elmi, həm də idarəetmə sahəsində qazandığı etimadın sübutudur. Bu vəzifə ona strateji qərarların qəbulu prosesində birbaşa iştirak etməyə, sosial tədqiqatların keyfiyyətini və dövlət siyasətindəki rolunu daha da gücləndirməyə imkan yaradacaq.

Elnur Çıraqov yalnız bir alim və dövlət qulluqçusu deyil, həm də yeni nəsil Azərbaycanlı ziyalıların parlaq təmsilçisidir. Onun fəaliyyəti dövlət və cəmiyyət arasında körpülərin qurulmasına, ictimai rəyin dəyər kimi qəbul olunmasına və bu rəyin ölkənin inkişaf strategiyalarında nəzərə alınmasına xidmət edir. İnanırıq ki, qarşıdakı illərdə də o, Azərbaycan elminə və dövlətçiliyinə sadiq, intellektual və vətənpərvər bir şəxsiyyət kimi xidmətlərini davam etdirəcək.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir