Cəfər müəllim, Türk Dövlətləri Təşkilatının formalaşması və Azərbaycanın bu qurumdakı mövqeyi barədə fikirlərinizi bölüşməyinizi istərdik.
Türk Dövlətləri Təşkilatı (TDT) XXI əsrin ən perspektivli regional əməkdaşlıq modellərindən biri kimi çıxış edir. Təşkilatın əsası 2009-cu il oktyabrın 3-də Naxçıvan Muxtar Respublikasında qoyulmuşdur ki, bu da Azərbaycanın regional təşəbbüslərə verdiyi töhfənin və strateji baxışının təzahürüdür. TDT bu gün artıq yalnız tarixi və mədəni birlik platforması deyil, eyni zamanda siyasi, iqtisadi və təhlükəsizlik məsələlərində ortaq mövqenin formalaşdırıldığı çoxşaxəli bir struktur kimi fəaliyyət göstərir. Azərbaycanın təşkilatdakı mövqeyi isə xüsusi önəm daşıyır. Coğrafi mövqeyi, zəngin tarixi-mədəni irsi və siyasi sabitliyi ilə Azərbaycan türk dövlətləri arasında körpü rolu oynayır. Bizim türkdilli ölkələrlə olan münasibətlərimiz sadəcə dostluq deyil, dərin etimad və ortaq vizyon üzərində qurulmuş strateji tərəfdaşlıqdır. TÜRKPA və Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahlarının ölkəmizdə yerləşməsi bu qarşılıqlı etimadın və əməkdaşlığın mühüm təzahürlərindəndir.
Gənclərin bu prosesdə yeri və rolu barədə nə düşünürsünüz?
Gənclər hər bir cəmiyyətin intellektual potensialı və davamlı inkişafının təminatçısıdır. Türk dünyasında ortaq dəyərlər üzərində formalaşan əməkdaşlığın uzunmüddətli və dayanıqlı olması üçün gənclərin fəal iştirakı zəruridir. TDT çərçivəsində həyata keçirilən təqaüd proqramları, universitetlərarası akademik mübadilə təşəbbüsləri, gənc diplomatların təlimləri və gənclər təşkilatları arasında əlaqələrin inkişafı bu baxımdan strateji əhəmiyyət daşıyır. Lakin bu imkanların reallaşması üçün təkcə mövcud platformalar yetərli deyil – gənclərimiz həm milli, həm də beynəlxalq səviyyədə təşəbbüskar, yaradıcı və məqsədyönlü olmalıdırlar. Sosial şəbəkələrdə türk birliyi mövzusunda maarifləndirici məzmunların paylaşılması, videoçarxların hazırlanması, rəylər və fikirlərlə ictimai müzakirəyə qatılmaq gənclərin bu prosesdəki fəallığının göstəricisi ola bilər.
Sonuncu dəfə Macarıstanda keçirilmiş qeyri-rəsmi Zirvə Görüşünün əhəmiyyəti nə ilə xarakterizə olunur?
Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş ikinci qeyri-rəsmi Zirvə Görüşü TDT-nin coğrafi və siyasi təsir dairəsinin Avropaya qədər genişləndiyini nümayiş etdirdi. Bu, təşkilatın artıq regional çərçivədən çıxaraq beynəlxalq əməkdaşlıq platformasına çevrildiyini göstərir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin bu tədbirdə səsləndirdiyi fikirlər və irəli sürdüyü təşəbbüslər təşkilatın qarşılıqlı əməkdaşlıq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanan fəaliyyətini gücləndirməsinə mühüm töhfə verdi. Bununla yanaşı, görüşdə Azərbaycanın irəli sürdüyü dayanıqlı inkişaf, enerji təhlükəsizliyi və nəqliyyat-logistika sahəsində təkliflər gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən etdi. Bu təşəbbüslər təkcə təşkilatın deyil, bütövlükdə regionun rifah və sabitliyinə müsbət təsir göstərir.
Sonda, şəxsi baxışınızla Türk birliyinə dair nə demək istərdiniz?
Türk birliyi bizim üçün yalnız etnik və mədəni bağlılıq deyil, həm də ortaq siyasi iradə, iqtisadi əməkdaşlıq və gələcək nəsillərin təhlükəsizliyi üçün möhkəm zəmin deməkdir. Birliyin əsasları fərddən başlayaraq ailə, cəmiyyət və dövlət səviyyəsində qurulur. Məhz bu səbəbdən hər bir gənc Türk dünyasının dəyərlərini dərk etməli, bu birlik uğrunda həm rəsmi, həm də qeyri-rəsmi müstəvilərdə fəaliyyət göstərməlidir. Bu birlik – tarixdən gələn mirasımız olmaqla yanaşı, gələcək nəsillərə ötürəcəyimiz ən dəyərli strateji irsdır və onun qorunub gücləndirilməsi hər birimizin məsuliyyətidir.
Cəfər Muxtarzadə
Beynəlxalq təhsilli, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fərqlənən və məsul vəzifədə çalışan şəxsdir.
102info.az
