Bakı şəhər Dövlət Yol Polisi: Avtoxuliqanlığa və narkomaniyaya qarşı qətiyyətli mübarizə

Azərbaycan Polisi Yol patrul xidməti

Bakı şəhər Dövlət Yol Polisi: Avtoxuliqanlığa və narkomaniyaya qarşı qətiyyətli mübarizə.

Bu gün cəmiyyətimizin təhlükəsizliyini təmin edən qurumlar arasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xüsusi yeri var. Yol hərəkəti təhlükəsizliyinin qorunmasından tutmuş avtoxuliqanlıqla və narkomaniyanın fəsadları ilə mübarizəyə qədər geniş spektrdə fəaliyyət göstərən bu idarənin uğurlarında, xüsusilə polkovnik Rəşid Piriyevin rəhbərliyə gəlişindən sonra ciddi dönüş nöqtəsi müşahidə olunub.

Polkovnik Rəşid Piriyev təkcə peşəkar hüquq-mühafizə orqanı əməkdaşı kimi deyil, həm də Vətən müharibəsinin acılarını öz ailəsində yaşamış biri kimi tanınır. O, özü Birinci Qarabağ savaşında iştirak etmiş, qardaşı isə şəhidlik zirvəsinə ucalmışdır. Bu fakt onun vətənpərvərliyini, ədalətə və xalqa xidmətə olan sadiqliyini daha da dərinləşdirir.

Son aylarda Bakı şəhərinin müxtəlif prospekt və küçələrində Dövlət Yol Polisi əməkdaşları tərəfindən həyata keçirilən planlı reydlər nəticəsində yüzlərlə avtoxuliqan məsuliyyətə cəlb olunub. Qanunsuz olaraq avtomobilin konstruksiyasına müdaxilə edən, yüksək səs çıxaran avtonəqliyyat vasitələri sürücüləri barəsində inzibati protokollar tərtib olunub. Bu tədbirlər həm şəhər əhalisinin rahatlığı, həm də yol hərəkəti iştirakçılarının təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır.

İdarənin keçirdiyi reydlər zamanı sərxoş vəziyyətdə sükan arxasına keçən sürücülərin müəyyən edilməsi istiqamətində də ciddi nəzarət tətbiq olunub. Təkcə 2025-ci ilin ilk aylarında onlarla sərxoş sürücü aşkar edilib və müvafiq olaraq hüquqi məsuliyyətə cəlb olunublar. Polkovnik Piriyevin rəhbərliyi altında bu kimi hallara qarşı barışmaz mövqe nümayiş etdirilir: “Yollarda sərxoş sürücü ölüm təhlükəsi deməkdir.”

Bakı Dövlət Yol Polisi İdarəsi yalnız inzibati yox, həm də profilaktik tədbirlərlə narkomaniyaya qarşı mübarizədə ön sıradadır. Əməkdaşlar arasında mütəmadi maarifləndirici təlimlər keçirilir, ictimaiyyətə çağırışlar olunur. Gənclər arasında narkotik vasitələrin təsirində avtomobil idarə etmə hallarının qarşısını almaq üçün xüsusi proqramlar hazırlanır. Eləcə də “Narkotikə yox!” şüarı ilə keçirilən aksiyalar böyük ictimai rezonans doğurur.

Polkovnik Rəşid Piriyev idarəyə rəhbərliyə başladığı ilk gündən prinsipiallığı, şəffaflığı və intizamı ön planda tutan yanaşması ilə fərqlənib. O, hər bir əməkdaşdan qanunun aliliyini, vətəndaşlarla humanist münasibəti və eyni zamanda sərt nəzarəti tələb edir. Bu gün Bakı Dövlət Yol Polisi İdarəsi müasir texnologiyalarla təchiz olunmuş nəzarət sistemləri, çevik reaksiya qrupları və peşəkar kadr heyəti ilə fəaliyyət göstərir.

Aparılan islahatlar və tədbirlərin nəticələri özünü cəmiyyətin münasibətində də göstərir. Sosial şəbəkələrdə, media orqanlarında vətəndaşlar tərəfindən idarənin fəaliyyəti ilə bağlı pozitiv fikirlər getdikcə artır. Bu, bir daha göstərir ki, düzgün strategiya və vicdanla xidmət nəticə verir.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi bu gün şəhərimizin təhlükəsizliyi və asayişi üçün dayaq nöqtələrindən biridir. Avtoxuliqanlara, sərxoş və narkotik istifadəçilərinə qarşı aparılan qətiyyətli mübarizə, rəhbərlikdəki peşəkarlıq və vətənpərvərliklə yoğrulmuş xidmət bu orqanın gələcək fəaliyyətinə də böyük ümidlər yaradır. Polkovnik Rəşid Piriyev kimi vətənpərvər və qətiyyətli zabitlərin rəhbərliyi altında bu xidmətin daha da güclənəcəyinə heç bir şübhə yoxdur.

Turan Hacıyev

102-ci qəzetin redaktor müavini

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir