Azərbaycan Gəncinin Beynəlxalq Zəfəri: Ayan Hüseynli ABŞ-da Universitet Birincisi Oldu

Dünya Təhsil

🇦🇿🇺🇲 Qürur duyuruq! Azərbaycanlı gənc Amerikada universitet birincisi oldu.

Azərbaycanın parlaq gələcəyini təcəssüm etdirən gənclərdən biri — Kəlbəcər rayonundan olan Ayan Hüseynli daha bir uğura imza atıb. O, ABŞ-nin Nyu York şəhərində yerləşən nüfuzlu “The New School” universitetində Beynəlxalq Əlaqələr üzrə magistr proqramını yüksək nəticələrlə başa vuraraq universitet birincisi seçilib. 2025-ci il məzunlarının simvolik nümayəndəsi olaraq universitetin rəsmi siması elan olunması isə onun təkcə təhsil sahəsində deyil, eyni zamanda liderlik və ictimai fəallıq sahəsində də nümunəvi bir gənc olduğunu sübut edir.

Ayan Hüseynli gənc yaşlarından bilik və inkişaf yolunu seçmiş, beynəlxalq təşəbbüslərə və ictimai proseslərə aktiv şəkildə qoşulmuşdur. Orta təhsilini yüksək nəticələrlə Bakıdakı Heydər Əliyev adına liseydə tamamladıqdan sonra, 2019-cu ildə ADA Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə daxil olmuş, burada da akademik və ictimai fəallığı ilə fərqlənmişdir. 2023-cü ildə ADA Universitetindən məzun olan Ayan, təhsil dövründə bir sıra dövlət və beynəlxalq təşkilatlarda — o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində və Birləşmiş Millətlər Təşkilatında təcrübə keçmişdir.

Ayan Hüseynlinin fəaliyyət dairəsi təkcə təhsil və təcrübə ilə məhdudlaşmır. O, 2024-cü ildə ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərdən biri olan COP29 — BMT-nin İqlim Dəyişmələri üzrə Konfransında fəal könüllü kimi iştirak etmiş, burada nümayiş etdirdiyi yüksək məsuliyyət və təşəbbüskarlığa görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur. Bu, onun dövlətə və cəmiyyətə xidmət etməyə daim hazır olan, fəal vətəndaş mövqeyini bir daha nümayiş etdirən bir gənc olduğunu göstərir.

2024-cü ildə təhsilini daha da dərinləşdirmək məqsədilə ABŞ-ın New York ştatında yerləşən “The New School” universitetinə qəbul olan Ayan Hüseynli, cəmi bir il ərzində magistr təhsilini uğurla başa vuraraq, universitetin ən yüksək akademik göstəricilərinə malik tələbəsi kimi fərqlənib. O, məzunlar arasında yalnız bilikləri ilə deyil, həm də təşəbbüskarlığı, araşdırmaları və gələcək planları ilə seçilərək universitet rəhbərliyinin diqqətini cəlb etmiş və 2025-ci ilin rəsmi məzun siması elan olunmuşdur.

Ayan Hüseynli bu uğuru ilə təkcə öz ailəsini və doğmalarını deyil, bütün Azərbaycan gəncliyini fəxr etdirmişdir. Onun uğur hekayəsi bir daha göstərir ki, istedad, əzmkarlıq və vətən sevgisi ilə yoğrulan yol, dünyanın istənilən yerində zirvələrə aparır. O, gənc nəsilə örnək olaraq sübut edir ki, Azərbaycan gənci həm ölkədə, həm də beynəlxalq arenada böyük uğurlar qazanmağa qadirdir.

Biz də 102info.az olaraq Ayan Hüseynlini bu böyük nailiyyəti münasibətilə ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində yeni-yeni zirvələr arzulayırıq. Qürur duyuruq, Azərbaycan gənci!

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir