Vətən yolunda canından keçən qəhrəman — şəhid Əhədov Əziz Məzahim oğlu

Qəhraman vətən oğlulları

Azərbaycanın qəhrəmanlıq salnaməsində adı qızıl hərflərlə yazılmış saysız-hesabsız şəhidlərimiz var. Onların hər biri Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canını fəda edib, xalqımızın qürur simvoluna çevrilib. Bu gün onlardan biri — şəhid Əhədov Əziz Məzahim oğlunun şəhidlik zirvəsinə ucaldığı gündür. Tarix 18 aprel 1994-cü il… bir ailənin ocağına od düşdü, amma bir millətin ürəyində qəhrəman doğuldu.

Əziz Əhədov 1968-ci ildə Neftçala rayonunun Xoltəzəkənd kəndində dünyaya göz açmışdı. Uşaqlığı və gənclik illəri burada keçmiş, ilk təhsilini Xolqarabucaq kənd orta məktəbində almışdı. Hələ məktəb illərindən çalışqan, zəhmətsevər, vətənpərvər bir gənc kimi tanınırdı. Məktəbi bitirdikdən sonra hər bir azərbaycanlı gənc kimi Sovet Ordusunun sıralarında hərbi xidmət keçmiş, burada nizam-intizamı və bacarığı ilə seçilmişdi.

Hərbi xidmətini tamamladıqdan sonra sivil həyata qayıdaraq tikinti sahəsində çalışmağa başlamışdı. İnşaatçı peşəsi onun zəhmətə olan bağlılığını daha da gücləndirmişdi. Ailəli idi və bir övlad atası idi. Lakin 1990-cı illərin əvvəllərində ölkəmizin başına gələn faciəli hadisələr — torpaqlarımızın işğalı, erməni təcavüzü onun həyatını tamamilə dəyişdi. Əziz artıq yalnız bir ailənin atası deyil, Vətənin oğluna çevrilmişdi.

Öz xoşbəxt, sakit həyatını bir kənara qoyaraq, könüllü şəkildə Milli Ordunun sıralarına yazıldı. Onun üçün vətənə xidmət hər şeydən üstün idi. 1994-cü ilin aprel ayında Ağdam ətrafında gedən ağır döyüşlərdə fədakarlıqla iştirak etdi. Əziz döyüş meydanında qorxmazlığı, yoldaşlarına olan sədaqəti ilə fərqlənirdi. Təəssüf ki, o, həmin döyüşlərin birində şəhidlik zirvəsinə ucaldı.

Əziz Əhədov doğulduğu kəndin məzarlığında dəfn olundu. Onun məzarı bu gün də Vətən yolunda can verən igidlərin bir abidəsidir. Bir övladı atasız böyüdü, amma onun adı, igidliyi və vətənpərvərliyi minlərlə uşağa örnək oldu.

Əziz Əhədovun həyatı və şəhidliyi bir daha sübut edir ki, Azərbaycan xalqı əsil qəhrəmanlar yetirən xalqdır. Onun kimi oğulların ruhu qarşısında baş əyirik. Şəhidimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.

Ruhu şad, məkanı cənnət olsun!

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir