Tural Kəlbəcərlidən çağırış: Narkotik təkcə səni yox, ailəni də məhrumiyyətə düçar edir

AKTUAL secilmis

Zaman var idi, evlərdə təmizlik, ailələrdə səmimiyyət, cəmiyyətlərdə mərhəmət hökm sürərdi. İnsanlar bir-birinə sahib çıxar, övladlarını məhəbbətlə, mərifətlə böyüdərdi. Amma bu gün nə baş verir? Niyə bu qədər ailə sükutun içində qışqırır? Niyə analar övladlarının yaşadığı halda, yasını tuturlar? Cavab bəllidir: Narkotik bəlası – səssiz, amansız, mərhəmətsiz bir düşmən kimi ailələrimizi dağıdır, gəncliyimizi çürüdür, gələcəyimizi məhv edir.

Bəli, mən Tural Kəlbəcərli olaraq açıq deyirəm: narkotik təkcə səni yox, ailəni də məhrumiyyətə düçar edir! Bu bəla təkcə bir fərdi yox, bir ailəni, bir nəslin hekayəsini qırıb-parçalayır. Və biz bu səssiz məhvetməyə daha səssiz qala bilmərik!

Narkomaniya ilə bağlı danışarkən çoxları bunu fərdi bir problem kimi görür: “Kim nə istəyir, özü bilər!” deyirlər. Amma bu, düşüncədəki ən təhlükəli yanlışlıqlardan biridir. Çünki narkotikə qurşanan hər bir şəxs ətrafındakı onlarla insanı, ilk növbədə ailəsini – atasını, anasını, bacı-qardaşını, həyat yoldaşını və övladlarını özü ilə birlikdə məhvə sürükləyir. Evdə sevgi yox olur, güvən pozulur, ümidlər sönür, dualar qara paltara bürünür.

Narkotikə düşkünlük bir ailədə baş verəndə çox vaxt valideynlər utandığından susur. Onlar “adımız çıxmasın”, “qonşular bilməsin”, “qohumlar danışmasın” deyərək gerçəyi gizlədirlər. Amma bu susqunluq problemin qarşısını almır – əksinə, onun kök salmasına şərait yaradır. Bir vaxtlar ata qüruru ilə məktəbə yola salınan övlad indi oğurluqla, yalanla, narkotik pulları ilə ailəni utandırır. Ana isə yavaş-yavaş öz içində ölməyə başlayır…

Bu mübarizədə ən ön cəbhədə duranlar – hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Onlar hər gün narkotik satan şəbəkələrlə qarşı-qarşıya gəlir, gənclərimizi bu bəladan qurtarmaq üçün canlarını riskə atırlar. Amma təkcə polisə güvənməklə bu savaşı udmaq mümkün deyil. Biz – müəllim, jurnalist, ziyalı, valideyn, vətəndaş – hamımız bu mübarizənin bir parçası olmalıyıq. Çünki narkomaniya yalnız polis işi deyil, milli vicdan məsələsidir.

Əziz valideynlər! Unutmayın ki, övladınızın ilk müəllimi sizsiniz. Onun ilk qaydaları sizdən öyrənilir. İlk məhəbbəti, ilk güvəni, ilk qorxusu sizdə formalaşır. Onunla dost olun. Onu dinləyin. Sual verməkdən, maraqlanmaqdan çəkinməyin. Əgər övladınızda qəribə davranışlar, ani aqressiyalar, izaholunmaz dəyişikliklər görürsünüzsə, bunu “yeniyetməlik” kimi qiymətləndirməyin. Bu, çağırış siqnalıdır.

Biz gənclərimizi narkotikdən çəkindirmək istəyiriksə, onlara alternativ verməliyik. Sağlam həyat tərzini, idmanı, incəsənəti, könüllülük fəaliyyətlərini təşviq etməliyik. Onlara sübut etməliyik ki, xoşbəxtlik süni “rahatlıq”da deyil, məqsədli və şərəfli yaşamda gizlidir. Gənclərimiz qürurlu bir şəkildə deyə bilməlidir: “Mən həyatı seçdim!”

Bəzən bir nəfər deyir: “Bir dəfə sınamaq nə olar ki?” Bax elə bir dəfə həyatın da, ailənin də, gələcəyin də məhv olduğu andır. Bir dəfəlik zəhər bir ömrün sonuna çevrilə bilər. Narkotik nə sevgi verir, nə hüzur, nə də azadlıq. Əksinə, o, azadlıq görkəmində köləlikdir. Onun “rahatlıq” adı altında verdiyi şey sadəcə ölümə aparan yoldur.

Mən Tural Kəlbəcərli olaraq, bir jurnalist, bir ata, bir vətəndaş kimi səslənirəm:
Əgər ətrafınızda bu bəla ilə üz-üzə qalan bir insan varsa, susmayın! Əgər bir gənc narkotik bataqlığında boğulursa, onun əlindən tutun! Hər xilas edilən gənc – bir millətin gələcəyidir. Hər qorunan ailə – bir millətin diriliyidir.

Narkotik təkcə səni yox, ailəni də məhrumiyyətə düçar edir. Qoru özünü, ailəni, vətənini!

Tural Kəlbəcərli

102info.az xəbər agentliyinin rəhbəri, ‘Qızıl Qələm’ mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ‘Qəhrəman Azərbaycan Polisi’ kitabının müəllifidir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir