Suraxanı rayonunda abadlıq və humanist siyasətin bariz nümunəsi – Cənab Adil Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlər

Baş səhifə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili siyasətinin əsas istiqamətlərindən biri də ölkənin bütün regionlarında, o cümlədən paytaxt Bakının rayonlarında müasir infrastrukturun yaradılması, vətəndaş rifahının yüksəldilməsi və sosial ədalət prinsipinin təmin olunmasıdır. Bu kontekstdə Suraxanı rayonu da istisna təşkil etmir. Cənab Prezidentin etimadını qazanan və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan cənab Adil Əliyev rayonda çoxsaylı uğurlu layihələrə imza atmaqla həm fiziki, həm də mənəvi abadlıq yaratmağa nail olub.

Cənab Adil Əliyevin başçı təyin olunduğu gündən etibarən Suraxanı rayonunda bir sıra genişmiqyaslı abadlıq və yenidənqurma işlərinə start verilib. Küçələr, parklar, həyət kompleksləri və ictimai məkanlar əsaslı şəkildə bərpa olunub, müasir memarlıq elementləri ilə zənginləşdirilib. Sakinlərin rahatlığı üçün asfaltlanmış yollar, yeni işıqlandırma sistemləri, idman meydançaları və uşaqlar üçün oyun zonaları salınıb. Rayonun tarixi siması qorunmaqla yanaşı, müasir dövrün tələblərinə cavab verən gözoxşayan görüntü formalaşdırılıb.

Xüsusilə “Abad həyət” layihəsi çərçivəsində çoxmənzilli yaşayış binalarının həyətlərində aparılan geniş abadlıq işləri sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır. Yeni yaşıllıq zolaqları, oturacaqlar, səliqəli tullantı qutuları və kameralarla təchiz olunmuş ərazilər Suraxanını yaşıl, təhlükəsiz və cazibədar bir rayona çevirir.

Cənab Adil Əliyevin fəaliyyətində diqqət çəkən ən önəmli məqamlardan biri onun insanlara – xüsusilə də şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə göstərdiyi xüsusi nəvazişdir. O, tez-tez onların evlərinə baş çəkir, problemlərini dinləyir, qayğı və ehtiyaclarını yerindəcə həll edir. Bu yanaşma sadəcə vəzifə borcu deyil, onun insanlara olan dərin hörmətinin və dövlətin sosial ədalət prinsipinə olan sadiqliyinin göstəricisidir.

Rayonda yaşayan hər bir şəhid ailəsi və qazi ilə fərdi maraqlanan cənab başçı onların mənzil şəraitinin yaxşılaşdırılması, sosial təminatlarının artırılması və tibbi ehtiyaclarının qarşılanması istiqamətində mühüm addımlar atır. Qazi uşaqları üçün təşkil olunan tədbirlər, şəhid ailələrinin iştirakı ilə keçirilən xatirə günləri və görüşlər cəmiyyətimizdə milli birlik və vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə xidmət edir.

Cənab Adil Əliyevin təşəbbüsü ilə rayonda müxtəlif sosial layihələr də həyata keçirilir. Bu layihələr gənclərin inkişafına, aztəminatlı ailələrin dəstəklənməsinə və əhalinin mədəni həyatının zənginləşdirilməsinə yönəlib. Kitabxanaların, mədəniyyət evlərinin və idman zallarının əsaslı şəkildə yenidən qurulması Suraxanı sakinlərinin həyat keyfiyyətini yüksəltməkdə mühüm rol oynayır.

Eyni zamanda rayon rəhbərliyinin təşəbbüsü ilə keçirilən təmizlik aksiyaları, ağacəkmə kompaniyaları və ictimai tədbirlər Suraxanı sakinlərini bir araya gətirir, onların rayonun inkişafında iştirakçılığını artırır.

Suraxanı rayonu bu gün dinamik inkişaf yolundadır və bu inkişafın arxasında peşəkar, səmimi və xalqla daim iç-içə olan bir rəhbərin – cənab Adil Əliyevin əməyi dayanır. Onun həyata keçirdiyi işlər bir daha sübut edir ki, vəzifə yalnız səlahiyyət deyil, eyni zamanda böyük bir məsuliyyətdir. Cənab Adil Əliyev bu məsuliyyəti yüksək səviyyədə daşıyaraq Suraxanı rayonunu həm fiziki, həm də mənəvi olaraq gözəlləşdirir, əsl xidmət nümunəsi sərgiləyir.

Mətləb Kazımov

102ci qəzetin redaktor müavini

“Qızıl qələm” mükafatı laureatı

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir