Yeni nəşrlər
“Mənə “Şəhrizadın nağılın danış” – Pünhan Şükürün kitabı
Nəsrdə və poeziyada qələmini uğurla sınamış tanınmış jurnalist və yazar Pünhan Şükürün (tam adı: Pünhan Feyzulla oğlu Şükürov) yeni kitabı – “Mənə Şəhrizadın nağılın danış” – “Şərq – Qərb” nəşriyyatında işıq üzü görüb. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan bu nəfis nəşrdə müəllifin müxtəlif illərdə dövri mətbuatda dərc olunmuş, həmçinin sosial şəbəkə platformalarında paylaşılmış ədəbi nümunələri toplanıb. Kitaba daxil edilən əsərlər janr müxtəlifliyi, dərin düşüncə qatları və bədii ifadə imkanlarının zənginliyi ilə seçilir.
Pünhan Şükürün yaradıcılığı çoxşaxəlidir. O, jurnalistikanın müxtəlif sahələrində çalışmaqla yanaşı, sözə, düşüncəyə və estetikaya olan həssas münasibəti ilə ədəbiyyatsevərlərin rəğbətini qazanıb. Müəllifin daha öncə çap olunmuş “Kəlamlar” adlı ilk kitabı 2010-cu ildə Azərbaycan dilində nəşr olunmuş, bir il sonra – 2011-ci ildə isə tanınmış gürcü tərcüməçisi Giya Paçxataşvilinin tərcüməsində rus dilində oxuculara təqdim edilmişdi.
“Mənə Şəhrizadın nağılın danış” adlı yeni kitab, adından da bəlli olduğu kimi, oxucunu klassik Şərq nağıl atmosferinə, zəngin bədii duyumlara və insan ruhunun dərin qatlarına səyahətə çıxarır. Müəllifin qələmindən süzülən hər bir sətir zaman və məkan anlayışlarını aşır, insan varlığının dəyərini, duyğuların incəliyini, düşüncələrin sərhədsizliyini ehtiva edir.
Bu kitab təkcə Pünhan Şükürün ədəbi yaradıcılığının daha bir mərhələsi deyil, eyni zamanda müasir Azərbaycan ədəbiyyatında fərdi üslubu və ruh dərinliyi ilə seçilən müəllifin oxucularla səmimi söhbətidir. Nağılvari üslubla qələmə alınan yazılar həyatın reallıqları ilə bədii təxəyyül arasında körpü yaradır, düşünməyə, duymağa və duyğuları paylaşmağa vadar edir.
Kitabın tərtibatı və poliqrafik keyfiyyəti də yüksək səviyyədədir. Ədəbiyyatsevərlər və jurnalistika sahəsində çalışanlar üçün həm peşəkar, həm də mənəvi baxımdan dəyərli mənbə olacaq bu nəşr, Pünhan Şükürün söz dünyasına daha yaxından bələd olmaq istəyənlər üçün gözəl fürsətdir.
102info.az
