Masallı rayonunda şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğı, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin layiqli davamı kimi daim ön planda saxlanılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinin və qazilərin sosial rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Masallı rayon İcra Hakimiyyəti də bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.
16 aprel 2025-ci il tarixində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədovun Ərkivan qəsəbəsində keçirdiyi vətəndaş qəbulundan dərhal sonra bölgənin şəhidlərinin xatirəsinə dərin ehtiram nümayiş etdirildi. Qəbuldan sonra keçirilən anım tədbirində İcra Hakimiyyətinin məsul əməkdaşları, o cümlədən aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadiyev, Ərkivan ərazi nümayəndəliyinin və bələdiyyəsinin təmsilçiləri, din xadimləri, media nümayəndələri, şəhid ailələri və yerli sakinlər iştirak etdilər.
Ərkivan qəbiristanlığında dəfn olunan şəhidlərin məzarları ziyarət olundu, qəbirüstü abidələri önünə tər qərənfillər qoyularaq onların ruhuna dualar oxundu. Ziyarət zamanı şəhidlərin valideynləri və yaxınları ilə söhbətlər aparıldı, onların qayğı və problemləri dinlənildi. Araz Əhmədov şəhidlərin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğuladı və bildirdi ki, Azərbaycanın qəhrəman oğullarının canı və qanı bahasına əldə olunan bu müqəddəs torpaqların hər qarışı xalqımız üçün əzizdir və heç zaman unudulmayacaq.
Din xadimləri tərəfindən oxunan dualarla şəhidlərin ruhuna rəhmət dilənib, onların qəhrəmanlıqla dolu həyat yolları, vətən uğrunda göstərdikləri misilsiz fədakarlıqlar bir daha xatırladıldı. Bu ziyarət, şəhid ailələrinə mənəvi dəstək olmaqla yanaşı, eyni zamanda gənc nəslə vətənpərvərlik hisslərini aşılayan mühüm addım kimi dəyərləndirilə bilər.
Masallı Rayon İcra Hakimiyyətinin bu cür tədbirləri, bir daha sübut edir ki, şəhidlərin müqəddəs xatirəsi daim uca tutulur, onların ailələri isə cəmiyyətin diqqət və ehtiram mərkəzindədir. Bu yanaşma, vətənə sədaqətin və milli həmrəyliyin parlaq nümunəsidir.
İsrafil Əlihüseyn oğlu Şükürov,
Leqal.az saytının Baş redaktoru.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
MASALLI.









102info.az
