Bakı ədəbi mühitində yaddaqalan təqdimat: Pünhan Şükürün “Mənə Şəhrizadın nağılın danış” adlı yeni kitabı işıq üzü gördü

Cəmiyyət

Aprelin 16-da Bakıdakı Atatürk Mərkəzində müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan istedadlı yazar, publisist Pünhan Şükürün yeni çapdan çıxmış “Mənə Şəhrizadın nağılın danış” adlı kitabının təntənəli təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimi həm atmosferi, həm də məzmunu ilə seçilib. Zalda toplaşan oxucular, yazarlar, alimlər və mədəniyyət xadimləri Azərbaycan ədəbiyyatında yeni bir nəfəsin, fərqli bir yanaşmanın təcəssümünü yaşayıblar. Qonaqları salamlayan müəllif tədbirə gələn hər kəsə, xüsusilə əlverişsiz hava şəraitinə və məsafənin uzaqlığına baxmayaraq bölgələrdən təşrif buyurmuş söz, qələm adamlarına öz səmimi təşəkkürünü bildirib. O, ədəbiyyat yolunun çətin, lakin bir o qədər də şərəfli bir yol olduğunu vurğulayıb və yeni kitabın da bu yolun davamı kimi dəyərləndirildiyini qeyd edib.

Tədbirin aparıcısı, tanınmış tarixçi və toponimist Nazim Vəlişovun bədii-düşündürücü təqdimat tərzi tədbirə xüsusi rəng qatıb. O, müəllifin həyat və yaradıcılığı ilə bağlı maraqlı məlumatlar verib, onun yaradıcılıq axtarışlarının oxucu ruhuna necə sirayət etdiyini vurğulayıb.

Çıxış edən ziyalılar – yazıçılar, şairlər, ədəbi tənqidçilər, jurnalistlər və oxucular müəllifin şəxsiyyətindən, onun ədəbi dünyaya baxışından, həyat fəlsəfəsindən söz açıblar. Onlar bildiriblər ki, Pünhan Şükürün qələmə aldığı bu kitab yalnız bədii dəyəri ilə deyil, həm də ictimai-publisistik yükü ilə seçilir. Müxtəlif janrlarda – hekayələr, pritçalar, şeirlər, aforizmlər və esse formatında yazılmış bu seçilmiş mətnlər oxucunu düşündürür, onu mənəvi dialoqa cəlb edir, iç dünyasını silkələyir.

Qeyd olunub ki, “Şərq-Qərb” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən kitabın redaktoru tanınmış ədəbiyyatçı və tərcüməçi Giya Paçxataşvilidir. Bu fakt da kitabın keyfiyyət göstəricilərindən biri kimi dəyərləndirilib.

Tədbirin sonunda iştirakçılara müəllifin imzası ilə kitab nüsxələri hədiyyə olunub. Ziyalılar və oxucular müəlliflə söhbət edərək fikir mübadiləsi aparıblar, yeni ədəbi layihələrlə bağlı maraqlı müzakirələr baş tutub. Sonda isə xatirə şəkilləri çəkilib və bu təqdimat mərasimi ədəbiyyatsevərlərin yaddaşında isti, səmimi və mənalı bir gün kimi qalıb.

Bu təqdimat, təkcə bir kitabın deyil, həm də Azərbaycan ədəbiyyatına töhfə verən yeni bir mərhələnin təqdimatı kimi dəyərləndirilə bilər. “Mənə Şəhrizadın nağılın danış” təkcə bir nağılın deyil, həm də həyatın özü qədər gerçək, düşündürücü və ilhamverici bir əsərdir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir