Azərbaycan musiqisinin səsi Taşkəntdə ucaldı – Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin IV Konfransında möhtəşəm çıxış
2025-ci il aprelin 6-da Özbəkistan Respublikasının paytaxtı Taşkənt şəhərində keçirilən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin IV Konfransı çərçivəsində Azərbaycan musiqisinin zəngin ənənələrini və ruhunu əks etdirən möhtəşəm konsert proqramı təqdim olunub. Bu beynəlxalq tədbirdə 120-dən artıq ölkənin nümayəndələri iştirak edirdi.
Konsert proqramında Respublika və beynəlxalq müsabiqələrin qalibləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Xalq Çalğı Alətləri Orkestrinin solistləri, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri öz yüksək peşəkarlıqları ilə çıxış ediblər.
Azərbaycanın musiqi mədəniyyətini təmsil edən “Vətən” muğam qrupunun üzvləri – tanınmış xanəndə Səfalı Mirzəliyev, virtuoz tarzən Ruslan Zərbəliyev, ustad kamança ifaçısı Pərviz Fərhadov və ritmin sehri ilə tamaşaçıları valeh edən nağara ifaçısı Elnur Əliyev konsert boyu səhnəyə ruh və enerji qataraq beynəlxalq ictimaiyyətin böyük rəğbətini qazanıblar.
Konsert proqramında Azərbaycan muğam sənətinin incəlikləri, milli instrumental ifaçılıq məktəbinin zəngin üslubu və türk dünyasının ortaq musiqi mirası yüksək səviyyədə təqdim olunub. Proqram həm də ölkəmizin zəngin mədəni irsinin təbliği baxımından mühüm əhəmiyyət daşıyıb.
Konsert böyük maraqla qarşılanıb və salonda iştirak edənlər tərəfindən dəfələrlə alqışlarla, xüsusən də ayaqüstə sürəkli alqışlarla müşayiət olunub. Səhnə performansı yalnız musiqi deyil, eyni zamanda Azərbaycan ruhunun və zəngin mədəniyyətinin parlaq nümayişinə çevrilib.
Bu konsert proqramının xüsusi qonaqları arasında Türk Mədəniyyəti İrsi Fondunun Prezidenti, hörmətli Aktotı Raimkulova da iştirak edib və çıxış edən sənətkarların ifasını yüksək dəyərləndirib.
Azərbaycanın musiqiçiləri bir daha sübut etdilər ki, milli sənətimiz yalnız ölkə sərhədləri daxilində deyil, həm də beynəlxalq miqyasda yüksək səviyyədə təqdim oluna bilir və dünya mədəniyyətləri arasında özünəməxsus yerə malikdir.



102info.az
