Martın 10-da səhər saatlarında Bakı şəhərinin Binəqədi rayonunda baş verən hadisə bir daha sübut etdi ki, Dövlət Yol Polisi əməkdaşları təkcə yol hərəkətinin təhlükəsizliyini təmin etməklə kifayətlənmir, eyni zamanda vətəndaşlara yardım göstərməkdə də hər zaman hazırdır.
Saat 08:49 radələrində bir vətəndaş Patrulaz.az ilə əlaqə saxlayaraq qarşılaşdığı hadisəni bölüşüb. Onun sözlərinə görə, iş yoldaşı qəfil səhhətində problem yaşayaraq huşunu itirmək dərəcəsinə çatıb. O, dərhal ərazidə xidmət aparan “90-YP-102” dövlət nömrə nişanlı Yol Patrul Xidməti avtomobilinə yaxınlaşaraq polis əməkdaşlarından kömək istəyib.
Vətəndaşın müraciətinə dərhal cavab verən YPX əməkdaşları vəziyyətin ciddiliyini anlayaraq tərəddüd etmədən təcili tibbi yardım tələb olunan şəxsi patrul avtomobilinə mindiriblər. Onlar ən qısa və təhlükəsiz marşrutu seçərək xəstəni Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çatdırıblar. Peşəkar və operativ müdaxilə sayəsində xəstə vaxtında tibbi yardım ala bilib.
Hadisə ilə bağlı minnətdarlığını ifadə edən vətəndaş bildirib:
“YPX əməkdaşları vəziyyəti düzgün qiymətləndirərək təcili hərəkət etdilər. Onların operativliyi sayəsində iş yoldaşım həyati təhlükə ilə üzləşmədən lazımi tibbi yardımı ala bildi. Bu cür nümunəvi xidmət göstərən polis əməkdaşlarına dərin təşəkkürümü bildirirəm.”
Bu kimi hallar bir daha sübut edir ki, Dövlət Yol Polisi əməkdaşları yalnız yollarda nizam-intizamı qorumaqla kifayətlənmir, eyni zamanda vətəndaşların təhlükəsizliyi və rifahı üçün əllərindən gələni edirlər. Onların humanist və məsuliyyətli yanaşması, xidməti borclarına sədaqətləri cəmiyyətin onlara olan etibarını daha da artırır.
102info.az
