Novruz Bayramı və İlaxır Çərşənbə münasibətilə hər birinizi dərin hörmət və sevgi ilə təbrik edirəm!
Bu müqəddəs bayram günlərində ilk növbədə Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, onların ailələrinə – qəhrəman oğul və qızlarımızın ata və analarına, həyat yoldaşlarına, bacı-qardaşlarına və övladlarına səbr, güc və əmin-amanlıq arzulayıram. Sizin övladlarınız, həyat yoldaşlarınız, qardaş və bacılarınız, valideynləriniz bu torpaqların azadlığı, bu gün Novruz tonqallarının Qarabağda və Şərqi Zəngəzurda qürurla qalxması üçün canlarından keçdilər. Onların qəhrəmanlığı sayəsində biz bu bayramı daha böyük sevinc və qürur hissi ilə qeyd edirik.
İlaxır Çərşənbə dörd ünsürün – suyun, odun, yelin və torpağın tamahlanmasını, yeniliyin və baharın gəlişini müjdələyir. Bu bayram yenidən doğuluşun, ümidin və birliyin rəmzidir. Azərbaycan xalqı tarix boyu birlik və iradəsi ilə hər bir çətinliyi dəf edib, torpaqlarını azad edib və öz müqəddəratını özü həll edib. Bu gün də biz birlik içində, şəhidlərimizin bizə əmanət qoyduğu torpaqlarda onların ruhuna layiq bir həyat qurmaq üçün əzmlə irəliləyirik.
Əziz xalqım! Novruz Bayramı, baharın gəlişi hər evə sevinc, ruzi-bərəkət və firavanlıq gətirsin! Şəhidlərimizin əziz xatirəsi hər zaman bizimlədir və onların müqəddəs ruhları bu bayram günlərində də dualarımızdadır. Azərbaycan xalqına əmin-amanlıq, dövlətimizə rifah və hər bir ailəyə xoşbəxtlik arzulayıram.
Qoy tonqallarımız daim yansın, birlik və bərabərliyimiz sarsılmaz olsun!
Bayramınız mübarək, əziz həmvətənlər!
Hörmətlə,
Tural Kəlbəcərli
102info.az xəbər agentliyinin rəhbəri
102info.az
