
Bu gün ermənilərin Azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti genişmiqyaslı aktı olan 31 mart soyqırımından 107 il ötür.
1918-ci il martın 31-də Bakı şəhərində Azərbaycanlıların kütləvi qırğını başlanıb. 3 aprel tarixinə qədər Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin Azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib.
Bu faciə nəticəsində yaşayış məntəqələri, tarixi abidələr, məscidlər və qəbiristanlıqlar dağıdılıb. Dinc Azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda, Daşnaksütyun partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib.
Həmin dəhşətli günlərin şahidi olmuş alman A.Y.Kluqe 1925-ci ildə Bakı hadisələri barədə yazıb:
“Ermənilər müsəlman (Azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlik-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 Azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilib, qarınları yırtılıb, cinsiyyət orqanları doğranıb. Ermənilər nə uşaqlara, nə də yaşlılara rəhm edirdilər.”
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilib. 1918-ci il iyulun 15-də Nazirlər Şurası tərəfindən bu faciənin araşdırılması məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradılıb. Komissiyanın materiallarına əsasən, erməni silahlı dəstələri Şamaxıda 8 minədək dinc sakini öldürüblər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə məhv edilib. Gümrü yaxınlığında qadınlar, uşaqlar və qocalardan ibarət 3 min nəfərlik Azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilib.
Erməni silahlı birləşmələri Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında 115 kəndi yerlə bir ediblər. Bu qətliamda 3 257 kişi, 2 276 qadın və 2 196 uşaq öldürülüb. Ümumilikdə Zəngəzur üzrə 10 068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50 000 Azərbaycanlı isə qaçqın düşüb. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilib, kəndlər isə yerlə bir edilib. 1918-1920-ci illərdə erməni silahlı dəstələri Qarabağın dağlıq hissəsində 150 kəndi dağıdıb və əhalisini məhv ediblər.
Britaniya briqada generalı R.Qortonun 1918-ci il dekabrın 8-də Londona göndərdiyi sənəddə 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, Milli Məclisin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın soyqırıma məruz qaldığı göstərilir.
Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov ABŞ Prezidenti Vudro Vilsona 1919-cu il mayın 28-də təqdim etdiyi sənədlər arasında Fövqəladə İstintaq Komissiyasının materialları da yer alırdı. Bunun nəticəsində Cənubi Qafqaza ABŞ nümayəndə heyətinin göndərilməsi məqsədəuyğun hesab edildi. General Harbord Bakıya gələrək hadisələr barədə obyektiv məlumat toplamaq üçün müxtəlif şəxslərlə görüşlər keçirdi.
Bakıda fəaliyyət göstərən rus və erməni təşkilatları Fövqəladə İstintaq Komissiyasının işinə mane olmağa çalışsalar da, komissiya qısa müddətdə geniş tədqiqat aparmağa müvəffəq oldu. Hadisələrin əsas təşkilatçılarından olan Stepan Şaumyan 1918-ci il aprelin 13-də Moskvaya göndərdiyi məktubda bu qırğını Sovet hakimiyyətinin möhkəmləndirilməsi üçün zəruri tədbir kimi qələmə verməyə çalışırdı.
1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.
31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya çatdırılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə mühüm addımlar atılıb. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilib. Bundan sonra həmin tarixin öyrənilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əhəmiyyətli işlər görülüb, çoxsaylı əsərlər yazılıb və əcnəbi dillərə tərcümə olunub.
Son illərdə aparılan tədqiqatlar nəticəsində çoxsaylı yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq isə erməni vəhşiliyinin miqyasını bir daha sübut edir.
Bu gün Azərbaycan xalqı 31 mart soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad edir və bu tarixi faciənin unudulmaması üçün mübarizəsini davam etdirir.
Həqiqət Hacıyeva
ADU-nun Təhsildə Xarici Dillər kafedrasının müdiri, Çəmbərək rayon Qərbi Azərbaycan İcmasının Beynəlxalq Əlaqələr Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent.
102info.az
