31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

Baş səhifə

1918-ci ilin mart ayında erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 107 il ötür. Bu qanlı hadisələr tarixin kəskin dönəmələrindən biri kimi yadda qalmış, xalqımızın həm tarixi, həm də milli kimliyi baxımından dərin iz qoymuşdur.

1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən, çox sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni-bolşevik dəstələri Bakıda minlərlə insanı amansızcana qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib.

Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.

Bu soyqırım siyasəti təkcə Bakı ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən, 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubada 162 kənd yandırılıb, burada 16 mindən artıq azərbaycanlı amansızcasına öldürülüb. Eyni vəhşi sıyasət Lənkəran, Muğan və Dağlıq Qarabağ regionlarında da həyata keçirilib.

1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib. 1919-cu ildə Azərbaycan Parlamenti 31 Mart tarixinin rəsmi olaraq “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunmasına dair qərar verib.

Lakin 1920-ci ildə Azərbaycan Sovet işğalına məruz qaldıqdan sonra bu tarixi hadisə yaddaşlardan silinməyə çalışılıb. Yalnız Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra tarixi sənədlər əsasında 31 mart 1918-ci il faciəsinə dair çoxsaylı araşdırmalar aparılıb, kitablar nəşr edilib.

1998-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayaraq, bu hadisənin rəsmi olaraq tanınmasına şərait yaradıb. Həmin gündən etibarən, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmi qeyd olunur.

Bu tarixi hadisələr Azərbaycan xalqının milli yaddaşının ayrılmaz bir hissəsidir. Hər il bu gün xalqımız qırğın qurbanlarını dərin hörmətlə yad edir, tariximizin bu acı həqiqətlərini unutmayaraq gələcək nəsillərə ötürməyi özünə borc bilir

Fəqan Nəsibzadə

Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon şöbəsinin sədri

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir