- 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar Ombudsman tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində görülən işlərlə bağlı fikirlərinizi öyrənmək istərdik.
Qurumunuza ünvanlanan şikayətlərə əsasən əlilliyi olan şəxslərin hüquqlarının təmini sahəsində ən çox rast gəlinən problemlər nədən ibarətdir və bu sahədə Ombudsman tərəfindən hansı işlər görülür?
- İlk olaraq qeyd etmək istərdim ki, həssas əhali qruplarından biri kimi əlilliyi olan şəxslərin hüquqlarının təmini məsələləri xüsusi diqqət tələb edir. Bu baxımdan, 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü həmin əhali qrupunun qarşılaşdığı çətinliklərə diqqət yetirilməsi, onların hüquqlarının müdafiəsi və rifahının artırılmasına yönəlmiş tədbirlərin keçirilməsi baxımından bir fürsətdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) əlilliyi olan şəxslər və ya onlarla bağlı ünvanlanan müraciətlərə gəldikdə isə, ilk növbədə əlilliyin müəyyən edilməsindən başlamaq istərdim. Məhz bu istiqamətdə müraciətlər çoxluq təşkil edir. Burada əlilliyin həm ilkin, həm də təkrar olaraq qiymətləndirməsinə dair müraciətlər nəzərdə tutulur.
Şikayətlərdə tibb müəssisəsinə əlilliyin qiymətləndirilməsi ilə əlaqədar göndərişin rəsmiləşdirilməsi üçün edilən müraciətlərin nəticəsiz qalması, imtina verilməsi, eləcə də göndərişlərin tələblərə uyğun rəsmiləşdirilməməsi kimi hallar da var. Bu sahədə aidiyyəti strukturların birgə səylərinin artırılmasına ehtiyac vardır.
Ombudsmanın 916 Çağrı Mərkəzinə daxil olan müraciətlərdə də bir çox hallarda əlilliyin müəyyən edilməsi məsələsi yer alır. Bu tendensiya yalnız cari ildə deyil, ötən ildə də müşahidə edilmişdir. Qeyd edim ki, daxil olan zənglərlə bağlı statistik göstəricilər rəsmi internet səhifəmizdə və sosial şəbəkə hesablarımızda yayımlanır.
Eyni zamanda, əlilliyi olan şəxslər tərəfindən ünvanlanan müraciətlərdə sosial təminat, müayinə və müalicə, məşğulluq, reabilitasiya vasitələri ilə təminat, habelə bölgələrdə dövlət hesabına reabilitasiya xidmətləri göstərən müəssisələrin yaradılması ilə bağlı müraciətlər də mövcuddur.
Ümumilikdə, Ombudsmana poçt, elektron poçt, sayt üzərindən onlayn müraciət forması, 24 saat fəaliyyət göstərən 916 Çağrı Mərkəzi vasitəsilə, vətəndaş qəbulları və müxtəlif əhali qrupları ilə keçirilən görüşlər zamanı, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən müvafiq tibb, sosial və təhsil müəssisələrinə keçirilən başçəkmələr zamanı əlilliyi olan şəxslər tərəfindən və ya onlarla bağlı ünvanlanan müxtəlif məzmunlu şikayətlər üzrə müvafiq qurumlara müraciətlər edilir, zəruri hallarda araşdırma aparılmaqla tədbirlər görülür və müsbət nəticələr əldə olunur.
- Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı daha hansı aktual məsələləri qeyd etmək istərdiniz? Qanunların təkmilləşdirilməsi üçün verdiyiniz təkliflər və keçirdiyiniz başçəkmələrin nəticələri haqqında fikirlərinizi öyrənmək istərdik.
- Bu sahədə əsas problemlərdən biri də əlilliyi olan şəxslər üçün müyəssərliyin təminidir. Son dövrlərdə əlilliyi olan şəxslərin müxtəlif infrastruktur obyektləri, o cümlədən yol-nəqliyyat, informasiya infrastrukturundan daha səmərəli istifadəsi üçün ağlabatan uyğunlaşdırılmanın təmini məqsədilə dövlət tərəfindən bir sıra addımlar atılmış, yeni qaydalar qəbul edilmiş, layihələr təqdim olunmuşdur.
Buna baxmayaraq, hələ də həm Bakı şəhərində, həm də regionlarda infrastrukturun müyəssərləşdirilməsi ilə bağlı bir çox tədbirlər görülməsinə ehtiyac vardır. İnklüzivliyin təmini üçün həm hərəkət məhdudiyyəti olan şəxslərin, həm də digər əlilliyi olan şəxslərin ehtiyacları nəzərə alınmalı, yeni tikintilər aparılarkən universal dizaynla bağlı standartlara diqqət yetirilməlidir.
İnformasiya ehtiyatlarının müyəssərliyinin təmini də vacibdir, çünki qloballaşan dünyada informasiya kommunikasiya sahəsində baş verən sürətli yeniliklər dövlət qurumları tərəfindən də nəzərə alınmalıdır. Yeri gəlmişkən qeyd edim ki, cari ilin əvvəlində Ombudsmanın yenilənmiş internet səhifəsinə müyəssərlik menyusu əlavə edilmişdir. Bununla da xüsusi kateqoriyadan olan şəxslər üçün əlçatanlığı təmin etmək məqsədilə yeni imkanlar yaradılmışdır.
Paralel olaraq, tərəfimizdən qanunvericilik aktları mütəmadi olaraq təhlil edilir, hansısa boşluqlar olarsa, aradan qaldırılması və yaxud əlilliyi olan şəxslərin vəziyyətini yaxşılaşdıran müddəaların qanunvericiliyə daxil edilməsi istiqamətində təkliflər hazırlanır. Eyni zamanda, Konstitusiya Məhkəməsinə ünvanladığımız sorğularda da bu məsələlər nəzərə alınır.
Bu günədək Ombudsmanın illik məruzələrində əlilliyi olan şəxslərlə bağlı çoxsaylı təkliflər verilmişdir. Sevindirici məqamdır ki, bu sahədə bir sıra problemlər mövcud olsa da, çoxsaylı nailiyyətlər də əldə edilmişdir.
2018-ci ildə Ombudsmanın təklifləri də nəzərə alınmaqla, ölkəmizdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun qəbul edilməsindən sonra qanunvericilik aktlarına bir sıra dəyişikliklər edilmiş, əlilliyin tibbi modelindən sosial modelinə keçid sürətlənmişdir.
Qanunvericilik aktlarında mövcud olan “kar”, “kor”, “qüsurlu” kimi ifadələrin dəyişdirilərək daha məqbul ifadələrlə əvəz olunması ilə bağlı təkliflərimiz nəzərə alınmış, 40-a yaxın qanunvericilik aktında dəyişikliklər edilmişdir. Buna baxmayaraq, keçirilən başçəkmələr zamanı bəzi müəssisələrin nizamnamələrində bu tipli ifadələrin istifadə olunduğu müəyyən edilmiş və müvafiq tövsiyələr verilməklə məsələ illik məruzələrdə də əks etdirilmişdir.
Qeyd etmək istərdim ki, cari ildə Əlilliyi olan Şəxslərin Hüquqları üzrə BMT Komitəsi tərəfindən Azərbaycanın birləşdirilmiş üçüncü və dördüncü dövri hesabatına baxılarkən, eləcə də ötən il Universal Dövri İcmal çərçivəsində Azərbaycanın 4-cü dövri məruzəsinin nəzərdən keçirilməsi zamanı qanunvericilikdə bu tipli ifadələrlə bağlı dəyişiklik edilməsi müsbət təcrübə olaraq qeyd olunmuşdur.
Fəaliyyətimiz çərçivəsində xüsusi diqqətdə saxlanılan məsələlərdən biri də müharibə veteranlarının hüquqlarının müdafiəsi, onların qayğılarının öyrənilməsidir. Hesab edirəm ki, hazırda müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması zəruridir. Bu istiqamətdə təkliflər 2023-cü il üzrə məruzəmdə yer almış, eləcə də bu günlərdə Milli Məclis komitələrinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı səsləndirilmişdir.
Eşitmə və ya nitq məhdudiyyəti olan şəxslər üçün işarət dilinin rəsmi ünsiyyət vasitəsi kimi tanınması da aktual məsələdir. Bu prosesin sürətləndirilməsini, aidiyyəti tədris proqramlarına işarət dilinin daxil edilməsini, eyni zamanda, surdotərcüməçi ixtisası üzrə kadr hazırlığına diqqət yetirilməsini vacib hesab edirik.
Bundan başqa, keçirdiyimiz başçəkmələr zamanı əlilliyi olan şəxslərin müraciətləri dinlənilir, eləcə də səhiyyə, təhsil, penitensiar, sosial xidmət müəssisələrində aşkar edilən problemlərin aradan qaldırılması üçün tövsiyələr verilir. Növbəti başçəkmələrdə isə onların hansı səviyyədə icra edilməsi yerində yoxlanılır.
Yerində araşdırmalar zamanı ciddi nöqsanlar müşahidə olunduqda və ya tövsiyələr nəzərə alınmadığı halda həmin müəssisələrin tabe olduğu qurumlara təkrar müraciət olunur, konkret faktlar sadalanır və aradan qaldırılması tövsiyə olunur.
– Ombudsmanın fəaliyyətini tənzimləyən Konstitusiya Qanununa edilən dəyişikliklər əsasında Ombudsmanın “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya üzrə müstəqil monitorinq mexanizmi müəyyən olunması və bu sahədə həyata keçirilən fəaliyyətə dair məlumat verməyinizi xahiş edirik.
- Qeyd etdiyiniz kimi, 2023-cü ildə “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa mühüm dəyişikliklər edildi və səlahiyyətlərimiz genişləndirildi. Konstitusiya Qanununa əlavə edilmiş 1.3-1-ci maddəyə əsasən, Ombudsman “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir. Bu istiqamətdə fəaliyyətin effektivliyinə xidmət edən bir dəyişiklik də ondan ibarətdir ki, Müvəkkilin, milli preventiv qrupun və müstəqil monitorinq qruplarının qanuni fəaliyyətinin məhdudlaşdırılması və ya fəaliyyətinə müdaxilə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti tərəfindən həmin Konstitusiya Qanununun tətbiqi ilə bağlı müvafiq Sərəncam imzalanmış, zəruri tədbirlər müəyyən edilmişdir. Cari ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Uşaq hüquqları haqqında” Qanunlara və digər aidiyyəti sənədlərə dəyişiklik edilmiş, Ombudsmanın müstəqil monitorinq mexanizmi səlahiyyətini həyata keçirməsi öz əksini tapmışdır.
Beləliklə, ölkədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının həyata keçirilməsinin təşviqi və monitorinqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını Ombudsman icra edir.
Qeyd edim ki, 2006-cı ildə qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT Konvensiyasının 33.2-ci maddəsinin tələblərinə əsasən, iştirakçı dövlətlər Konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üzrə müstəqil mexanizmləri təsis və ya təyin edir. Azərbaycan Ombudsman təsisatı həm də BMT tərəfindən akkreditasiya edilmiş milli insan hüquqları təsisatı olduğuna görə bu fəaliyyəti həyata keçirən müstəqil monitorinq mexanizmi kimi müəyyən edilmişdir.
Müstəqil monitorinq mexanizmi ilə bağlı beynəlxalq təcrübə də təhlil olunmaqla, bu il Ombudsman Aparatında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə monitorinq qrupu yaradıldı. Hazırda qrupun fəaliyyətinin təkmilləşdirilməsi, müstəqil monitorinq mexanizminin effektiv həyata keçirilməsi üçün işlər davam etdirilir.
Qeyd edim ki, əlilliyi olan şəxslər və onların təşkilatlarının müstəqil monitorinq qismində fəaliyyətə cəlb edilməsi nəzərdə tutulub. Çünki mexanizmin əsas tələblərindən biri məhz onların iştirakçılığının təmin edilməsindən ibarətdir. Konstitusiya Qanununda da bu məsələ öz əksini tapmışdır.
Monitorinq qrupunun əsas fəaliyyət istiqamətləri monitorinqlərin aparılması, qanunvericiliyin təhlili, analitik təhlillər aparılması və hesabatlar hazırlanması, maarifləndirmə, yerli və beynəlxalq qurumlarla əməkdaşlıq və əlaqələndirmə, dövlət qurumları, bələdiyyə və digər aidiyyəti qurumların fəaliyyətinin təkmilləşdirilməsinə dəstək və hüquq pozuntularının qurbanlarına yardım göstərilməsini əhatə edir.
Yerində araşdırmalar zamanı dövlət qurumları, bələdiyyələr və digər qurumlardan zəruri məlumatlar tələb edilə bilər. Nəticələr sənədləşdirilir və zəruri hallarda qurumlara tövsiyələr verilir.
Ombudsmana verilən yeni səlahiyyətlər, habelə ümumilikdə əlillik sahəsində zəruri məsələlərin müzakirəsi məqsədilə dövlət orqanlarının nümayəndələri üçün maarifləndirici təlim təşkil olunmuşdur. Həmin tədbirə bu sahə ilə birbaşa və ya dolayı olaraq əlaqəli olan bir çox qurumları cəlb etməyə çalışdıq.
Bu günlərdə vətəndaş cəmiyyəti institutları üçün də bu mövzuda məlumatlandırıcı seminar keçirilməsi nəzərdə tutulmuşdur.
Hesab edirəm ki, bu əhəmiyyətli mandat çərçivəsində bir çox sahələrdə insanları narahat edən problemlərin aradan qaldırılmasına, daha müyəssər və inklüziv şəraitin yaradılmasına nail olacağıq.
- Əlilliyi olan şəxslərin, o cümlədən uşaqların cəmiyyətə inteqrasiyası sahəsində vəziyyəti necə qiymətləndirirsiniz?
– Cəmiyyətə inteqrasiya həm də cəmiyyətin yanaşmasından asılıdır. Bu məqsədlə təsisat olaraq, əlilliyi olan şəxslərin hüquqları sahəsində maarifləndirmə işinə çox böyük önəm veririk. Həm Bakıda, həm də bölgələrdə təlimlər, seminarlar, tədbirlər keçirməklə, maarifləndirici nəşrlər yayımlamaqla əlilliklə bağlı zəruri məqamları qeyd edərək məlumatlılığı artırmağa çalışırıq.
Xüsusilə həssas yanaşma tələb edən bir əhali qrupu olaraq, əlilliyi olan şəxslər özlərinə qarşı hansısa stereotiplər hiss etməməlidir ki, ictimai yerlərdə, iş və sosial həyatda rahat şəkildə iştirak edə bilsinlər. Burada həm insanların münasibəti, həm də dövlət qurumlarının yaratdığı şərait, zəruri tədbirlər görülməsi böyük önəmə malikdir.
Qeyd etmək yerinə düşər ki, bu yaxınlarda ölkəmizin uğurla ev sahibliyi etdiyi COP29-da əlilliyi olan şəxslər üçün müyəssərliyin təmini baxımından yüksək təşkilatçılıq nümunəsi müşahidə olundu. Bu müsbət təcrübəni davam etdirmək və əlilliyi olan şəxslərin gündəlik həyatda rahat şəkildə cəmiyyət həyatında iştirakına stimul yaratmaq üçün bütün infrastruktur obyektlərində müyəssərliyə nail olmağa çalışmaq lazımdır.
Uşaqlar isə xüsusən həssas qrup olduqlarına görə onlara ayrıca diqqət yetirilməlidir. Əsas funksiyalarımızdan biri də valideyn qayğısından məhrum olan, müəssisələrdə dövlət himayəsində saxlanılan uşaqların vəziyyətinin monitorinq olunmasıdır. Uşaqların saxlanıldığı müəssisələrə keçirilən başçəkmələrdə onların saxlanma şəraiti, uşaqlarla rəftar məsələləri, tibbi-sosial, psixoloji və pedaqoji xidmətlərin keyfiyyəti, asudə vaxtın təşkili, qida təminatı və sənədləşmə yoxlanılır. 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların hüquqlarının müdafiəsi bu baxımdan çox həssas məsələdir.
Bundan başqa, uşaqları da cəlb etməklə müxtəlif tədbirlər keçirərək, Konvensiyada təsbit olunmuş hüquqların təşviqi istiqamətində məlumatlandırmaya diqqət yetiririk. Bu yaxınlarda UNICEF-lə əməkdaşlığımız çərçivəsində “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının uşaqlar üçün anlaşılan versiyası hazırlandı. Daha əvvəl isə təşəbbüsümüz əsasında “Uşaq hüquqları haqqında” Konvensiya jest (işarət) dilinə də tərcümə edilmiş, sosial şəbəkə hesablarımızda yayımlanmışdır.
Həmçinin regional mərkəzlərimiz bölgələrdə əlilliyi olan şəxslər, onların təşkilatları, o cümlədən uşaqlarla birgə maarifləndirici tədbirlər keçirir.
Bildirməliyəm ki, inklüziv təhsillə bağlı görülən işlər də uşaqların cəmiyyətə inteqrasiyası baxımından çox önəmlidir. Bir sıra məktəblərdə bu təcrübəyə başlanılıb, lakin miqyas daha da genişləndirilməlidir. Təbii ki, bu prosesin sürətli və əhatəli olması üçün pedoqoji kadrların hazırlığına diqqət edilməlidir. Həm uşaqlara həssas yanaşma, həm də ixtisaslı kadrların yetişdirilməsi bu prosesin inkişafı baxımından vacibdir.
Ümumilikdə, bütün təhsil müəssisələrində müyəssərliyə diqqət artırılmalı, uşaqlar inklüziv cəmiyyət anlayışı ilə erkən yaşlardan tanış olmalıdır.
Daha bir nüans valideynlərin məlumatlılığı, həssas dönəmdə psixoloji cəhətdən hazırlıqlı olması və uşaqlarla düzgün ünsiyyəti ilə əlaqədardır. Misal üçün, autizm spektr pozuntusu olan uşaqlarda valideynlərin əlamətləri erkən aşkar etməsi və müayinəyə daha tez başlaması uşağın inkişafı üçün mütləqdir. Bu barədə də maarifləndirici bukletimiz hazırlanmış, vətəndaş cəmiyyəti nümayəndələri, autizmli uşaqların valideynləri ilə keçirilən tədbirdə təqdim olunmuş və müzakirələr aparılmışdır.
- Hazırda ölkəmiz üçün mina problemi çox aktualdır və mina partlayışları həm də çoxsaylı insanların əlilliyinə səbəb olur. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik.
- Çox vacib bir məqama toxundunuz. Təəssüf ki, son illərdə ölkəmizdə, eləcə də
dünyada əlilliyi olan şəxslərin sayını artıran daha bir faktor mina təhlükəsidir.
Ermənistanın işğal dövründə basdırdığı minalar və digər partlamamış sursatların partlaması nəticəsində azad edilmiş ərazilərimizdə çoxsaylı hərbi qulluqçu və mülki şəxs həlak olmuş və ya əlilliyə səbəb olan xəsarətlər almışdır.
Eyni zamanda, mina problemi dağıdılmış infrastrukturun bərpası, tikinti işlərinin aparılması və keçmiş məcburi köçkünlərin məskunlaşmasına maneə yaradır və bu proseslərin gecikməsinə səbəb olur.
Biz bu məsələni beynəlxalq ictimaiyyətin diqqətində saxlamaq üçün mütəmadi olaraq mina hadisələri, xəsarət alan şəxslərlə bağlı məlumatlar paylaşır, aidiyyəti təşkilatlara çağırışlar edirik. Eyni zamanda, mina təhlükəsi ilə bağlı Ombudsmanın ayrıca hesabatı da yayımlanmışdır.
Dəvətimiz əsasında ölkəmizə səfər edərək faktaraşdırıcı missiya həyata keçirən nümayəndə heyətləri ilə ANAMA-da görüşlər təşkil olunmuş, onların azad edilmiş ərazilərə səfərləri zamanı mina sahələri ilə bağlı məlumatlar yerində göstərilmişdir. Bütün bunlar həm həmin hadisələrə dünya ictimaiyyətinin diqqətinin cəlb edilməsi, həm də faktların sənədləşdirilməsi məqsədini daşıyır. Belə ki, həmin xarici münayəndə heyətlərinin hazırladığı hesabatlarda mina təhlükəsi barədə də məlumatlar yer almışdır.
Bəzi hallarda minaya düşərək xəsarət almış şəxslərlə görüşlər keçirilmiş, onların qayğıları öyrənilmişdir. Əlillik və digər sosial problemlərlə bağlı daxil olan şikayətlərə münasibətdə də müvafiq tədbirlər görülür.
Mina qurbanları ilə yanaşı, onların ailələrinə də dəstək göstərilməsi vacibdir. Burada məsələnin psixoloji tərəfi var ki, həm mina təhlükəsindən zərər çəkmiş şəxs, həm də ona qulluq edən ailə üzvləri ciddi təsirlənmiş olur.
Minatəmizləmə kimi həssas bir sahədə çalışan və potensial olaraq hər gün təhlükə ilə qarşı-qarşıya olan vətəndaşlarımızın hüquqlarının daha səmərəli təmini məqsədilə bu işin çətinliyini və məsuliyyətliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində “minaaxtaran” vəzifəsində çalışan əməkdaşların əməkhaqlarının artırılmasına dair də təklif vermişik.
Bundan başqa, Ombudsman təsisatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ölkəmizdəki nümayəndəliyi arasında əməkdaşlıq çərçivəsində mina standartları, mina qurbanlarına dəstək mövzusunda bir neçə birgə tədbirlərimiz olmuşdur. Misal olaraq xatırladım ki, ötən il 3 Dekabr münasibətilə “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda dəyirmi masa təşkil etdik. Müvafiq dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti nümayəndələri də həmin tədbirdə iştirak etmişdir. Tədbirdə mina partlayışlarından zərər çəkən şəxslərin problemləri səsləndirilmiş, müzakirələr aparılmışdır.
Son dövrlərdə mina problemi ölkəmiz üçün xüsusilə aktual bir mövzu olduğuna görə bu kimi tədbirlərimiz plan üzrə davam etdirilir.
- Hörmətli Səbinə xanım, geniş müsahibəyə görə Sizə təşəkkür edirik.
- Bu əlamətdar tarixlə bağlı müsahibəyə yer ayırdığınıza görə mən də sizə təşəkkür edirəm.
İnanıram ki, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, əlilliyi olan şəxslər, həmçinin aidiyyəti sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələrin səmərəliliyinin artırılması nəticəsində əlilliyi olan şəxslərin cəmiyyətdə və qərarvermə prosesində tam şəkildə iştirakına nail olacağıq.
“Respublika” qəzeti
102info.az
