
Fəqan Sabir oğlu Nəsibzadə 3 yanvar 1967-ci ildə Qazax rayonunun Alpout kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. O, 1984-cü ildə Alpout kəndində yerləşən orta məktəbi bitirmiş, daha sonra 1990-cı ildə Kalininqrad vilayətində Daxili İşlər Nazirliyinin (DİN) Ali Milis Məktəbində ali təhsil almışdır. Fəqan Nəsibzadə 1984-1986-cı illərdə Sovet Ordusunda, Kamçatka şəhərində yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
Daxili İşlər Orqanlarındakı Xidməti Fəaliyyəti
1990-2007-ci illər arasında Daxili İşlər Nazirliyinin müxtəlif struktur bölmələrində çalışaraq dövlətə, vətənə və xalqa sədaqətlə xidmət edən Fəqan Nəsibzadə, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək müharibə veteranı adını qazanmışdır.
Xidmət etdiyi illər ərzində Fəqan Nəsibzadə nümunəvi polis zabiti kimi tanınmışdır. Əxlaqlı, nizam-intizamlı və yüksək tərbiyə ilə böyüyən Fəqan müəllim həm işlədiyi, həm də oxuduğu təhsil müəssisələrində hər zaman müsbət mənada fərqlənərək, kollektiv arasında örnək şəxs olmuşdur. Polis zabiti kimi Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına sadiq qalmış, polis andına, post-patrul, sıra və intizam nizamnamələrinin tələblərinə məsuliyyətlə riayət etmişdir.
İctimai Asayişin Qorunması və Dövlətə Xidmət
Fəqan Nəsibzadə ictimai qayda və təhlükəsizliyin təmin olunmasında, o cümlədən şəhər və kənd yaşayış məntəqələrində baş verən kütləvi ixtişaşların qarşısının alınmasında böyük fədakarlıq göstərmişdir. Həmçinin, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışı və zərərsizləşdirilməsində, fövqəladə vəziyyətlər zamanı hüquqi rejimin təmin olunmasında fəal iştirak etmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında ona tapşırılan vəzifələri məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Nümunəvi Xidmətlərinə Görə Mükafatları
Xidməti vəzifələrinə məsuliyyətlə yanaşması və özünəməxsus xidmətləri ilə fərqlənməsi nəticəsində Fəqan Nəsibzadə Daxili İşlər Nazirinin, müavinlərinin, Milis Ali Məktəbinin rəisinin, Baş İdarə və şöbə rəislərinin əmrləri ilə “Əla Xidmətlərə Görə” döş nişanı, müxtəlif yubiley medalları və qiymətli hədiyyələrlə təltif olunmuşdur. Eyni zamanda ona çoxsaylı fəxri fərmanlar verilmiş, nümunəvi xidmətlərinə görə təşəkkür elan olunmuşdur.
Şəxsi Keyfiyyətləri və İctimai Nüfuzu
Fəqan Nəsibzadə xidmət etdiyi illər ərzində qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi tanınmışdır. O, həm anadan olduğu və yaşadığı ərazilərdə, həm də işlədiyi kollektivlərdə, dost-tanış və qohum-əqrəbaları arasında hörmət qazanmışdır. Öz şəxsi nümunəsi ilə digər polis əməkdaşlarını fədakar xidmətə ruhlandırmışdır.
Fəqan Sabir oğlu Nəsibzadə öz xidməti və ictimai fəaliyyətində daim Azərbaycan xalqının rifahı, dövlətin sabitliyi və ictimai qaydanın qorunması naminə səylə çalışmış, vətənə sadiq, yüksək əxlaqlı bir zabit kimi yadda qalmışdır. Fəqan Nəsibzadə hal hazırda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin sədridir.
102info.az
