Meydan Hərəkatından Qarabağ Zəfərinə: Azərbaycanın Azadlıq və Müstəqillik Yolu

Baş səhifə

17 noyabr 1988-ci il Azərbaycan xalqının azadlıq mübarizəsinin tarixində əbədi olaraq qızıl hərflərlə yazılmış, dərin mənaya malik bir gündür. Bu gün Meydan Hərəkatı kimi tariximizdə öz əksini tapmış, Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin simvoluna çevrilmişdir. Meydan hərəkatı, yalnız bir etiraz deyil, həm də Azərbaycan xalqının öz müqəddəratını öz əlinə almaq üçün ayağa qalxmasının, istiqlaliyyət və azadlıq yolunda mübarizəsinin bir təzahürüdür. Bu hərəkat, xalqımızın müstəqilliyinə və öz varlığına olan dərin istəyi və arzusunu bir daha ortaya qoymuşdur.

Meydan hərəkatının baş verməsində bir sıra səbəblər var idi. Bunlardan ən başlıcası, Yerevan alüminium zavodunun Topxana meşəsindəki filialının tikilməsi ilə bağlı qərar olmuşdu. Bu addım, sadəcə bir ekoloji problem yaratmaqla kifayətlənməyib, həm də Azərbaycan xalqının milli maraqlarına zidd bir siyasət idi. Bu məsələ, eyni zamanda, Ermənistanın Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa qarşı ərazi iddialarının bir hissəsi kimi baş vermişdir. Həmin dövrün Azərbaycan xalqı, Ermənistanın bu məkrli niyyətlərini yaxşı başa düşürdü və bu addımların arxasında Azərbaycanın müstəqilliyinin məhv edilməsi, eləcə də ölkədəki demokratik proseslərin və müstəqillik istəyinin qarşısının alınması məqsədinin dayandığını anlayırdı.

Meydan hərəkatı həm də 1918-1920-ci illərdə Şərqdə ilk demokratik respublika qurmuş bir xalqın yaddaşının və müstəqillik arzusunun ölmədiyini, əksinə, zamanla daha da qüvvətləndiyini göstərdi. Bu hərəkat, Azərbaycan xalqının keçmişdəki müstəqil dövlətini bərpa etmək və onun ərazi bütövlüyünü təmin etmək istəyinin bir ifadəsi idi.

1988-ci il noyabrın 17-dən başlayaraq 5 dekabradək davam edən hərəkat Azərbaycan xalqının birlik və mübarizə ruhunu göstərdi. Bu hərəkatın təkcə Bakı ilə məhdudlaşmadığını, bütün ölkəni əhatə etdiyini qeyd etmək vacibdir. Azərbaycan xalqı, müxtəlif təbəqələrdən olan insanlar, bütün etnik və dini qrupların nümayəndələri, vahid məqsəd üçün birləşərək öz müstəqilliyini tələb etdilər. Bu prosesdə, Azərbaycan xalqı yalnız sovet hakimiyyətinin, xüsusilə yerli rəhbərlərin özlərini xalqın maraqlarını təmsil etməyən bir güc olaraq göstərmələrini ifşa etməklə kifayətlənmədi, həm də imperialist siyasətə qarşı öz mövqeyini açıq şəkildə bildirdi.

1988-ci ilin 4-dən 5-nə keçən gecə meydan hərəkatına müdaxilə olundu. Silahlanmış əsgərlər tərəfindən nümayişçilərə qarşı zor tətbiq olunsa da, Azərbaycan xalqı əzilmədi, qorxmadı və öz haqqını tələb etməkdən əl çəkmədi. Bu hadisə dünya ictimaiyyətinə Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda hər şeyə hazırcavab olduğunu göstərdi. Bu, yalnız fiziki bir döyüş deyil, həm də milli iradənin, haqqın və ədalətin qalib gəlməsi üçün edilən bir mübarizə idi.

1993-cü ilin iyununda Azərbaycan xalqı, tarixinin ən ağır dövründə, öz iradəsini bir daha nümayiş etdirdi və Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. O, xalqın təkidli tələbi ilə gələrək ölkəni dağıntılardan qurtarmaqla yanaşı, vətənimizin gələcəyini təmin edəcək əsasları qoydu. Heydər Əliyevin liderliyi altında Azərbaycan yalnız daxili sabitliyi təmin etmədi, həm də beynəlxalq aləmdə mövqelərini möhkəmləndirdi.

İki onillikdən sonra, 2020-ci ildə Azərbaycan xalqı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, Qarabağı işğaldan azad etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. 44 günlük Vətən müharibəsi, ordumuzun gücünü, peşəkarlığını və XXI əsrin müharibə qaydalarına uyğun hərəkət etdiyini bütün dünyaya göstərdi. Bu zəfər, həmçinin erməni mifinin və onların yaydıqları yalanların alt-üst olması ilə nəticələndi. Ermənistanın müharibə zamanı insanlığa qarşı törətdiyi cinayətlər, mülki əhalini qətlə yetirməsi, dini və mədəni abidələrimizi dağıtması dünya tərəfindən pislənildi və erməni tərəfinin vandalizm üzə çıxdı.

Azərbaycan xalqı, 32 il əvvəl olduğu kimi, öz azadlığı uğrunda mübarizəyə qalxaraq, Qarabağı işğaldan azad etməklə tarixində yeni bir səhifə açdı. Bu gün, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağ torpaqları azad edilib, onun yaralarını sağaltmaq, yenidən qurulması və bərpası istiqamətində mühüm addımlar atılır. Kəndlər və şəhərlər bərpa olunacaq, məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar. Bu mübarizənin simvolu olan 17 noyabrın 32-ci ildönümünü böyük qürur hissi ilə qeyd edirik.

Növbəti bayramlarımızı Qarabağ torpaqlarında, azad edilmiş torpaqlarımızda qeyd edəcəyik. Bu, yalnız Azərbaycanın qələbəsi deyil, həm də xalqımızın birliyinin, iradəsinin və əzminin təcəssümüdür.

Yaşasın Ali Baş Komandan!
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Azərbaycan xalqı!
Milli Dirçəliş günün mübarək, Azərbaycan!

Fəqan Nəsibzadə – Ehtiyatda olan polis mayoru, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin sədri, müharibə veteranıdır.

1991-ci ilin 3 noyabrında Qazax rayonunun Böyük Cəfərli və Xanlıqlar kəndlərinə Ermənistan Silahlı Qüvvələrinin atdığı döyüş helikopterlərinə qarşı göstərdiyi qəhrəmanlıqla tanınır.

O gün Fəqan Nəsibzadə və döyüşçü yoldaşları Balaca Cəfərli kəndində xidmətdə idilər. Ermənistanın iki döyüş helikopteri kəndləri ağır mərmilərlə atəşə tutmuşdu. Fəqan Nəsibzadə, döyüş helikopterlərini gördükdən sonra, döyüş mövqeyinə dayandı və atəş açaraq arxadakı helikopterə qarşı Qrantamyot snaryadları ilə hücuma keçdi. Atəş nəticəsində helikopterin arxa hissəsindən snaryad deşilərək helikopterin uçuş manevrəsini itirməsinə səbəb oldu. Nəticədə, həmin helikopter Uzuntala ərazisində yerə düşərək partladı.

Fəqan Nəsibzadənin bu qəhrəmanlığı, həm Azərbaycan Silahlı Qüvvələrinin döyüş gücünü artırmış, həm də müharibə şəraitində qəhrəmanlıq nümayiş etdirən bir vətənpərvər olaraq yaddaşlarda qalmışdır. Bu hərəkət onun müharibə dövründə göstərdiyi peşəkarlıq və igidlikdən yalnız bir nümunədir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir