Bakıda keçiriləcək COP29 beynəlxalq tədbiri ilə əlaqədar olaraq paytaxtın bəzi ərazilərində nəzarət postlarının qurulması planlaşdırılır. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən 102info.az-a verilən məlumata görə, bu postlar tədbirin başlamasından iki gün əvvəl qurulacaq. Bu, tədbirə gələcək dövlət başçıları və nümayəndə heyətlərinin təhlükəsiz və nizamlı qarşılanması məqsədilə həyata keçiriləcək.
Bildirilir ki, nəzarət postlarının qurulmasına baxmayaraq, tədbir ərəfəsində paytaxt Bakı şəhərinə giriş-çıxış bağlanmayacaq. Yalnız qonaqların gəlişi zamanı şəhərdə nəqliyyatın hərəkətini tənzimləmək üçün qısamüddətli məhdudiyyətlər tətbiq ediləcək. Bu məhdudiyyətlər qonaqların təhlükəsizliyi və rahatlığı üçün vacibdir. Ancaq qalan vaxtlarda şəhərə giriş-çıxış sərbəst olacaq və nəqliyyat hərəkəti nizamlı şəkildə təşkil ediləcək.
Tədbir günlərində də paytaxtda nəqliyyatın hərəkəti məhdudlaşdırılmayacaq. Bakıya getmək istəyən şəxslər üçün alternativ yollar təqdim olunacaq və sürücülər həmin yollara yönəldiləcək ki, təyin olunan mənzilə çatmaları asanlaşdırılsın. Bu addımlar Bakıda keçiriləcək tədbirin rahat və təhlükəsiz şəkildə keçirilməsinə xidmət edəcək.
102info.az
