Azərbaycanın Dövlət Bayrağı Günü: Müstəqillik, Suverenlik və Qəhrəmanlıq Simvolu

Baş səhifə

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü hər il 9 noyabr tarixində ölkəmizdə böyük bir coşqu ilə qeyd olunur. Bu bayram Azərbaycan dövlətinin suverenliyi, müstəqilliyi və azadlığı uğrunda göstərilən əzmkarlığı simvolizə edir. Bayraq Günü ilk dəfə olaraq 2009-cu ildən bəri qeyd olunmağa başlandı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu tarixin milli bayram kimi təsis edilməsi ölkənin müstəqillik dəyərlərinə olan hörmətin, dövlət rəmzlərinə olan məhəbbətin və vətənpərvərlik ruhunun təcəssümüdür.

Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın qurulmasında və inkişafında oynadığı rol Azərbaycan xalqı üçün əvəzolunmaz bir irs qoyub. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev, Azərbaycanın müstəqilliyini gücləndirmək üçün vacib addımlar atdı və ölkənin sabitliyini bərpa etdi. Heydər Əliyev Azərbaycan bayrağının dövlətin başlıca rəmzi olduğunu vurğulayaraq, hər bir Azərbaycan vətəndaşının bayrağa sevgi və sayğı ilə yanaşmasının vacibliyini önə çəkirdi. Onun “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri hər bir Azərbaycanlının qəlbində böyük vətənpərvərlik hissi oyadır və onun bu əziz irsini yaşatmaq üçün xalqımız daim çalışır.

Bu irsi davam etdirən və müstəqilliyimizi daha da gücləndirən Prezident İlham Əliyev isə Azərbaycan Ordusunun ən ali baş komandanı kimi ölkəmizin təhlükəsizliyini və suverenliyini təmin etmək üçün çox əzmkar bir mövqe sərgiləyir. 2020-ci ildə başlayan Vətən Müharibəsi Azərbaycan tarixinin ən önəmli səhifələrindən biridir və bu savaşda qazanılan zəfər xalqımıza həm qürur, həm də şəhidlərimizin və qazilərimizin qarşısında minnətdarlıq duyğusu bəxş edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad edərək bayrağımızı işğaldan azad edilən bütün ərazilərdə dalğalandırdı. Şuşada, Füzulidə, Zəngilanda, Cəbrayılda, Qubadlıda, Hadrutda, Laçında və Kəlbəcərdə Azərbaycan bayrağının yenidən dalğalanması xalqımızın arzusu idi və bu, şəhidlərimizin qanı ilə yazılmış bir zəfərin simvoludur.

Azərbaycan əsgəri isə bu tarixi zəfərdə göstərdiyi cəsarət və əzmkarlığı ilə bütün dünyaya nümunə oldu. Hər bir azərbaycanlı bu gün əsgərlərimizin göstərdiyi qəhrəmanlıqlardan ilham alır və ölkəmizin müstəqilliyi üçün canını fəda edən şəhidlərimizə, sağlamlığını itirərək qazilik statusu qazanan igidlərimizə böyük hörmətlə yanaşır. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizin qəhrəmanlığını dərin minnətdarlıqla yad edirik. Dövlətimizin hər bir vətəndaşı bu qələbənin hər damla qanla, hər göz yaşı ilə, hər dua ilə qazanıldığının fərqindədir.

Bayraq Günündə Azərbaycan bayrağının dərin mənası bir daha təcəssüm edir. Bu üçrəngli bayraq – mavi, qırmızı və yaşıl rəngləri ilə Azərbaycan xalqının kimliyini, azadlıq sevgisini, gələcəyə olan ümidini simvolizə edir. Hər rəngin öz mənası var: mavi rəng türklüyümüzü, qırmızı müasirliyi və inkişafı, yaşıl isə İslam mədəniyyətinə olan bağlılığımızı əks etdirir. Bayraq, bir millətin birliyini, torpaq sevgisini və müstəqilliyini simvollaşdırır. Bu bayram hər bir Azərbaycan vətəndaşı üçün təkcə qürur duyulası bir gün deyil, həm də dövlətçilik və milli dəyərlərimizə bağlılığımızın bir təntənəsidir.

Bu gün Azərbaycan xalqı milli bayrağımızın ucalığında əcdadlarının irsini və gələcəyinin təminatını görür. Bayraq Gününü qeyd edərkən Heydər Əliyevin ölkəmizə verdiyi əvəzsiz töhfələri, İlham Əliyevin qətiyyətli rəhbərliyini, igid əsgərlərimizin qəhrəmanlığını və şəhidlərimizin müqəddəs ruhlarını ehtiramla anır, gələcək nəsillərə müstəqil və güclü Azərbaycan bayrağının mənasını anlatmağı borc bilirik.

Fəqan Nəsibzadə

Ehtiyatda olan polis mayoru,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi
Səbail rayon şöbəsinin sədri, müharibə veteranı.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir