
Şəhid İbrahimov İbrahim Abdulla oğlu 10 oktyabr 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. Erkən yaşlarından Vətən sevgisi ilə böyüyən İbrahim, 2007-ci ildə Bakı şəhəri 205 nömrəli məktəbin birinci sinfinə daxil olmuşdur. Orta təhsilini uğurla davam etdirən İbrahim, 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmiş və daha sonra ali təhsilini davam etdirmək üçün Sumqayıt Dövlət Texniki Kollecinə qəbul olmuşdur.

Gənclik illərində öz məsuliyyətli və fəal xarakteri ilə seçilən İbrahimov İbrahim, təhsilini başa vurduqdan sonra 2019-2020-ci illərdə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət müddətində hərbi intizam və bacarıqları ilə fərqlənmiş, Vətənə xidmət etmək arzusunu hər zaman ön plana çıxarmışdır. Xidmətini başa vurduqdan sonra öz istəyinə uyğun olaraq Azərbaycan Ordusunda qalıb peşəkar hərbiçi – MAXE (Müddətdən Artıq Xidmət Edən) kimi fəaliyyət göstərməyə qərar vermişdir. MAXE kimi pulemyotçu vəzifəsində xidmət edən İbrahim, hərbi hazırlığı və vətənpərvərliyi ilə komandirləri və xidmət yoldaşları tərəfindən yüksək qiymətləndirilmişdir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı İbrahimov İbrahim öz cəsurluğu və qəhrəmanlığı ilə ön sıralarda döyüşlərə qatılmışdır. O, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Xocavənd, Hadrut və Şuşanın işğaldan azad edilməsində fəal iştirak etmişdir. İbrahim döyüşlərdə göstərdiyi şücaətlə həm öz döyüş yoldaşlarının, həm də bütün xalqının qəlbində qürurla iz salmışdır.
9 noyabr 2020-ci ildə, Şuşa uğrunda gedən döyüşlər zamanı Daşaltı əməliyyatı əsnasında İbrahim İbrahimov snayper gülləsinə tuş gəlmiş və qəhrəmancasına şəhid olmuşdur. İbrahimov İbrahim öz həyatını Vətən uğrunda fəda etmişdir və onun bu qəhrəmanlığı xalqımız üçün əbədi bir örnəkdir.
Şəhidlik zirvəsinə ucalan İbrahim, ölümündən sonra Ali Baş Komandanımız İlham Əliyevin sərəncamı ilə müxtəlif medallarla təltif olunmuşdur. O, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavənd uğrunda”, “Şuşa uğrunda”, “Füzuli uğrunda”, “Cəbrayıl uğrunda” medallarına layiq görülmüşdür. Bu təltiflər onun Vətən qarşısında göstərdiyi əvəzsiz xidmətlərin və qəhrəmanlığının ən bariz sübutudur.
İbrahimov İbrahim Binəqədi rayonu Şəhidlər Xiyabanında dəfn edilmişdir. Onun qəhrəmanlığı və fədakarlığı xalqımızın yaddaşında həmişə yaşayacaq, onun ruhu Vətənimizin səmalarında ucalacaqdır.
Allah rəhmət eləsin, ruhu şad olsun!
Tural Kəlbəcərli



102info.az
