Mərhəmət və Şərəf: Şuşa Səfərində Azərbaycan Polisinin Qayğısı

Azərbaycan Polisi

Qürur dolu Şuşa səfərimdən bir anı paylaşmaq istəyirəm ki, bu an mənim üçün yalnız bir təcrübə deyil, həm də Azərbaycanın gələcəyinə, onun dəyərlərinə olan inamımın bir göstəricisidir. Bu gün Şuşa şəhərində, Şəhid Anaları ilə bir yerdəydik, Gövhər Ağa məscidindən Qalaya enərkən, qarşımıza çıxan Azərbaycan Polisi, Nicat Kərimov qardaşımızın timsalında, bizə olan diqqəti, qayğısı və xidməti ilə qürur hissi yaşatdı.

Həmin an, bir polis maşını yanımızda saxlayaraq, Analarımıza necə kömək edə biləcəyini soruşdu. Analarımız, “Yox, oğlum, siz xidmətdə olduğunuz üçün özümüz gedəcəyik,” dedilər. Lakin Nicat qardaşımın verdiyi cavab isə ürəkləri isidən bir mesaj oldu: “Ana, bizim əsas xidmətimiz siz Şəhid Analarına qulluq etməkdir. Biz burada, bu torpaqlarda xidmətdə olduğumuz üçün, siz anaların övladlarının sayəsindədir!”

Bu sözlər, bir daha bizə göstərdi ki, Azərbaycanın polisi yalnız vəzifələrini yerinə yetirməkdə deyil, eyni zamanda insanlıq, mərhəmət və şərəf anlayışını da yüceldir. Belə bir xidmətin içində olmaq, bu torpaqlara canını fəda etmiş qəhrəmanlarımızın analarını, onlara xidmət etməkdə əzmlə çalışmaq, bizim üçün böyük bir qürur qaynağıdır.

Bu səbəbdən, başda Nicat Kərimov qardaşımız olmaqla, xidmət edən bütün Azərbaycan Polisi əməkdaşlarına təşəkkür edirəm. Allah sizi qorusun, Allah peşəsini insanlığını itirmədən layiqincə xidmət edən hər bir görev sahibini qorusun. Sizlərin sayəsində, bu torpaqların təhlükəsizliyi və gələcəyi bizim əlimizdədir.

Allaha əmanət olun, Azərbaycan Polisi!

Rəşid Məmmədoğlu

102info.az xəbər sayitinin şöbə müdiri.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir