Astana görüşləri: Azərbaycanın yeni reallıqda müəyyənləşdirdiyi strategiya – Aqil Məmmədov

Gündəm

Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı kimi mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı olduqca önəmlidir. Bu mənada ŞƏT-in 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçirilən Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin yüksək səviyyədə iştirakı tarixi mahiyyət kəsb edir. Azərbaycanın bu cür mötəbər Sammitə dəvət edilməsi Prezident İlham Əliyevə olan yüksək hörmət və ehtiramın bariz nümunəsidir.

Bunu Milli Məclisin VI çağırış millət vəkili olmuş Aqil Məmmədov deyib.

“Azərbaycan Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə də iştirak edib. “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi – davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunan budəfəki Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzular diqqət mərkəzində olub” – deyə o əlavə edib.

Qeyd edib ki, Azərbaycan ŞƏT-ə üzv ölkələrlə ikitərəfli səviyyədə yaxşı münasibətlərə malikdir: “Burada əsas məqsəd üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi ilə yanaşı siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsidir. Həmçinin regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi təşəbbüsləri mövcuddur. Cənab Prezident İlham Əliyev Sammit çərçivəsində təşkilata üzv olan bir sıra ölkələrin liderləri ilə də görüşü, aparılan səmimi müzakirələr diqqət mərkəzindədir. Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının lideri Si Cinpinlə görüşü xüsusi önəm kəsb edir. Bu bir reallıqdır ki, Azərbaycan-Çin əlaqələri yüksək inkişaf tendensiyasına malikdir. Astanada  Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşü ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirilməsi baxımından mühüm tarixi əhəmiyyəti mövcuddur. Məhz bu görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə xidmət edib”.

Aqil Məmmədov Azərbaycanla Çinin xarici amillərdən asılı olmayaraq bir-biri üçün etibarlı tərəfdaş olduğunu bildirib: “Sözsüz ki, Çin Xalq Respublikasının lideri COP29-un Azərbaycanda keçirilməsini yüksək qiymətləndirib. COP29 çərçivəsində nümayəndə heyətlərinin yaxından əməkdaşlığının önəmi vurğulanıb. Qeyd edilib ki, COP29 ərəfəsində ŞƏT-in sammitinin keçirilməsi böyük önəm kəsb edir. Artıq ŞƏT üzvlərinin mütləq əksəriyyəti rəsmi olaraq COP29-un Azərbaycanda keçirilməsinə açıq dəstək ifadə edib. Eyni zamanda bu Sammit çərçivəsində keçirilən görüşlərdə və çıxışlarda COP29-un diqqət mərkəzində olması Azərbaycanın bütün dost vətərəfdaşları ilə əlaqələrinin mahiyyətini, ortaya qoymuş olduğu yeni reallığın xarakterini göstərir”.

102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir