“Anna, nümayişçilərinizə de ki, “arsax” türk sözüdür”

Baş səhifə

Ötən əsrin 80-ci illərində SSRİ-nin “yenidənqurma hərəkatı” bədnam qonşularımıza qol-qanad verdi. Ağılasığmaz vəhşiliklər, soyqırım, talan, qarət, Allahsızlıq hesabına 30 il insanlar Vətəndə vətənsiz yaşadılar. Həsrətlə gözlədilər ki, qoyunlarında gəzdirdikləri açarla bir gün öz qapılarını yenidən açacaqlar. Bu zaman kəsimində dünyasını dəyişənlər də oldu, həyatına davam edənlər də, oğul-uşaq, nəvə-nəticə sahibi olanlar da. Amma heç kəs bilmədi ki, böyüklərin söz-söhbətindən yurd yerininin adını eşidərək boya-başa çatanlar, məhz o torpaqları geri qaytaracaqlar. O şanlı Zəfərdən vur-tut 4 il keçib. Di gəl, bu dörd ildə daşı daş üstündə qalmayan Qarabağ indi müsabiqələr, festivallar, qurultaylar məkanına çevrilib. Lakin biz dirçələn Qarabağla öyünsək də, ömrünün 30 ilini itirmiş insanlar üçün o ağrı, o acı, o hadisələr, o yaşananlar unudulan deyil.

Bir neçə həftə əvvəl uzun ayrılıqdan sonra Qarabağ Universiteti adı ilə Xankəndində bərpa olunan ali təhsil ocağının rektoru Şahin Bayramovla söhbətlə oxucuların görüşünə gəlmişdik. Bugünkü müsahiblə isə bizi sırf təsadüf qarşılaşdırdı və öz növbəmizdə ondan yan keçmək istəməyib canlı bir şahidin əlindən tutaraq onunla birlikdə 36 il əvvələ – 1988-ci ilə tərəf üz tutduq. Və beləcə, bu şənbənin qonağı Sovet Azərbaycanının 60 illiyi adına Xankəndi Dövlət Pedaqoji İnstitutunun son məzunu, təqaüddə olan polis polkovnik-leytenantı Təranə xanım Şahmuradovadır.

– Dünya köhnə dünyadır, narahatlıqları çoxdur, hərə də özünəmünasib əhvalın sahibidir…

– Dünyanın bugünkü vaxtında çox yaxşıyam, torpaqlarımız azaddır. Bəzən oturub düşünürəm ki, mənim daha nə arzum ola bilər ki? Bircə arzum odur ki, ata yurduma qayıdıb orada yaşayım. Onun da bir addımlığındayam.

– Amma o biraddımlığın uzaq illərində bir başlanğıcı qalıb…

– Xankəndi şəhərindən olan ziyalı bir ailənin qızıyam. Anam 50 ilə yaxın Kərkicahan qəsəbə orta məktəbində müəllim olub. 1996-cı ildən həmin məktəb şəhid qardaşım Natiq Şahmuradovun adını daşıyır. Atam kənd təsərrüfatı sahəsində çalışıb və məcburi köçkünlüyə qədər o da Xankəndində müxtəlif vəzifələrdə işləyib. Atam Sultan bəy Sultanovun nəslindəndir. Ata babam Ağarza bəy Sultan bəy və Xosrov bəyin doğma əmisioğludur. Bildiyiniz kimi, Xosrov bəy Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri olub. Atam evin sonuncu – 14-cü övladı olub. Böyük əmilərim Sultan bəy və Xosrov bəyin qəhrəmanlıqlarından çox danışardı. Daşnaklara qarşı apardıqları fəaliyyət, Andranikin başına gətirilən oyunlar – bir sözlə, bütün gerçəkliklər barədə həmişə əmilərimdən eşidərdik. Kamran əmimin söylədiyi bir məqamı indi də xatırlayıram. Sultan bəy vəziyyətlə əlaqədar Vətəni tərk edib mühacir həyatı yaşamağa məcbur olub. Getmədən əvvəl Qırxqız dağına qalxıb son dəfə məmləkətini seyr edə-edə belə bir bayatı söyləyib:

Əzizim dolan gözüm,

Dol gözüm, dolan gözüm.

Gedərsən, qayıtmazsan,

Vətəni dolan, gözüm.

Bu bayatı ilə Sultan bəy məmləkətini tərk edib. O zaman bu söhbətləri eşidən bizlər bilməmişdik ki, illər sonra tarix təkrarlanırmış kimi Sultan bəyin kökündən gələnlər də murdar əqidəli kütlənin torpaq iddiasına qarşı qəhrəmanlıqla vuruşub onun uğrunda canından keçəcək. Necə ki, qardaşlarım Natiq və Namiq Şahmuradovlar biganə qala bilməyərək, biri şəhid oldu, digəri itkin düşdü. Həyat yoldaşım düşmən gülləsindən qurtula bilmədi. Sualınızda başlanğıc sözünü işlətdiniz. Həmin başlanğıcı xatırlamaya bilmərəm.

– Buyurun…

– 1957-ci ildə atam Xankəndinə gəlib. Şuşada təhsil alan zaman anamla yolları kəsişib, Şahmuradovlar ailəsinin təməli qoyulub və nəticədə 4 övladla özlərinə isti, mehriban bir ocaq qurublar. Valideyinlərim dördümüzə də ali təhsil verib. Namiq itkin düşdüyündən təhsili yarımçıq qaldı. Mən hələ də onun yolunu gözləyirəm, biz Namiqlə əkiz olmuşuq. Böyük qardaşım şəhid Natiq Şahmuradov polis orqanlarında çalışdığından göndərişlə indiki Polis Akademiyasını bitirmişdi. İtkin qardaşım Namiq Şahmuradov o zaman M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil alırdı, lakin ikinci kursdan sonra onun itkin düşməyi hər şeyi yarımçıq qoydu. Kiçik bacım Tibb Universitetini bitirdi. Mən Xankəndi Azərbaycan Dövlət Pedaqoji İnstitutunun son məzunu oldum və məcburi köçkünlük həyatı illərində BDU-nun Hüquq fakültəsində ikinci ali təhsilimi aldım.

– Gözlədiyim məqama çatdıq. İstərdim ki, Xankəndi Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsinin son məzunu, 1988-ci ildə orada başlayan hadisələrin canlı şahidi Təranə Şahmuradova danışsın…

– Gözümün qarşısında başlayan o hadisələr günü, ayı, saatına qədər yadımdadır. 1988-ci il fevral ayının 13-ü günorta saatları idi. İnstitutun sonuncu kurs tələbəsi idim o zaman. Sessiya ərəfəsi olduğundan həmin gün zaçotumuz vardı. Kurs nümayəndəsi olduğumdan zaçot siyahısını gətirməyə getdim və gördüm ki, kafedrada kimsə yoxdur. Kafedrandan çıxanda gördüm ki, uzun dəhlizin sonunda böyük bir kütlə yol alıb. Ermənilərin nümayişə qalxacağı haqda qulağımıza söhbətlər çatsa da, onun gerçəkliyinə inanmırdıq. Kütləyə yaxınlaşanda qapının ağzında institutun rektoru Sarkisyanın dayandığını gördüm. O, erməni tələbələrə əli ilə sakit olmaq işarəsini göstərərək, onları ehmalca qapıdan yola salırdı. O zaman yeganə institut idi ki, üç bölməsi vardı – Azərbaycan, rus və erməni. Otağa gəlib Zəfər müəllimə gördüklərimi söylədim. Az-çox onların dilini bilirdim deyə, danışıqları anlayırdım. Olanları biləndən sonra Zəfər müəllim bizə tapşırdı ki, onlar çıxandan sonra hərə sakitcə öz evinə getsin. Heç yerə çıxmayın, bu gün nümayiş gözlənilir. Olanları tam dərk etməsək də, həyəcanlı idik. Şənbə günü, günorta saat bir idi. Və hər şey həmin gündən başladı.

– Şübhəsiz, həmin nümayişə getdiniz…

– Bir neçə qızla “obkom” deyilən binanın önünə gəldik. Həmin yerdir ki, ötən il Prezidentimiz orada Azərbaycan bayrağını ucaltdı. Xeyli millət vardı, çıxış edənləri güclü alqışlarla yola salırdılar. Səs-küy idi deyə, çıxışları aydın eşidilmirdi. Lakin hiss edəndə ki, yanımdakı qızlar qorxur, onları yola salıb özüm də evə getdim. Elə həmin gündən də davamlı olaraq nümayişlər başladı.

– Torpaq tələbli nümayişlər…

– Bəli, özü də onların nəzərində bu, haqlı tələb idi. Həmin günlərin birində bir neçə qız instituta gedirdik. Avtobusda Anna adlı tanıdığım ermən qızı da vardı. Artıq münasibətlərimizdə soyuqluq yaranmışdı. Çönüb ona dedim ki, ay Anna, elə hey “arsax-arsax” qışqırırsınız. Nə deməkdi bu? Savabında dedi ki, biz burada  Arsax respublikası yaradacağıq. Evə qayıdanda ensiklopediyaları qarşıma töküb “arsax” sözü ilə maraqlandım. Üstündən uzun illər keçsə də, orada oxuduqlarım hərifbəhərif yadımdadır. Ensiklopediyada yazılmışdı: “Arsax” türk mənşəli söz olaraq, “ar” ər, “saq” isə ox-yay mənasını verir. O zaman Osmanlı türklərinin arsaq tayfaları olub ki, onlar yalnız ox-yay atmaqla məşğul olub”. Səhər yenidən marşrutda Anna ilə rastlaşanda dedim ki, Anna, nümayişçilərinizə de ki, “arsax” türk sözüdür. Hansı respublikanı yaratmaq istəyirsiniz ki? Soruşdu ki, bu məlumatı hardan oxumusan? Deyəndə ki, rusun ensiklopediyasından oxumuşam, Anna tələsik bunu deyə bildi: ensiklopediya səhv yazıb. Bu, xarakterik erməni cavabı idi. Beləcə, bir-iki ay keçdi. Artıq Sumqayıt hadisələri də olmuşdu. May ayının 17-si idi. İnstitutun həyətindən güclü səs-küy gəldiyini eşitdim. Çıxanda gözlərimə inanmadım. Ətraf üzündən vəhşilik yağan saqqallılarla dolu idi. Yaxınlıqda yaşayan qadınlar əllərinə nə keçibsə götürərək qışqıra-qışqıra deyirdilər ki, azərbaycanlılar buranı tərk etsin. Bizi dəhlizə yığdılar ki, avtobusla Ağdama göndərsinlər. Mən bilirdim ki, qardaşım Natiq gələcək, ona görə avtobusa minmədim. Lakin həmin mənzərə o qədər ağrılı idi ki. Qorxudan qızların birinin ürəyi getdi, birinin nəfəsi daraldı. Bir sözlə, qorxu, həyəcan bir-birinə qarışmışdı. Xankəndinin çıxışında avtobusu atəşə tutmuşdular. Məni qardaşım gəlib maşına mindirərək oradan çıxartdı.

– Deməli, Xankəndi Pedaqoji İnstitutunun fəaliyyəti belə bitib…

– Torpağımızdan, evimizdən, institutumuzdan bizi belə çıxartdıar. Biz sonuncu kurslar dövlət imtahanını Şuşada verdik. Yenə də sakit durmadılar. Moskvaya teleqram vurdular ki, Şuşa şəhərində qeyri-qanuni dövlət imtahanı keçirilir. Kurs nümayəndəsi olduğum üçün bütün olanlardan xəbərdar idim. Moskvadan komissiya gəldi.

– O zaman Moskva ermənilərin havadarı idi, Yəqin ki, komissiyanın münasibəti birmənalı olmayıb…

– Tam əksinə… Rusdur deyə, həqiqəti danmaq olmaz. Komissiyanın ağsaçlı rəhbərinin üzündə o qədər nur vardı ki, onu hiss etməmək qeyri-mümkün idi. Bizim kursumuz siyasi-iqtisaddan dövlət imtahanı verirdi. Mən imtahan siyahısını Tarix fakültəsinin dekanı, professor Süleyman Zeynalova verəndə dedi ki, Şahmuradova, bilet çəkib fikirləşmədən suallara cavab verə bilərsən? Dedim ki, professor, sevə-sevə. Bileti çəkəndən sonra gülümsünərək dedim ki, nə gözəl suallardır və cavablara keçdim. Biletin 3-cü sualı Leninin “Gertsenin xatirələri” əsəri idi. Onda Süleyman müəllim dedi ki, həmin xatirələrdən nəsə bilirsən? Həmin əsərdən belə bir cümlə işlətdim: “V.İ.Lenin “Gertsenin xatirələri” əsərində yazıb ki,  Çernışevskinin əsərlərindən sosializmin iyi gəlir”. Bu cümləni işlədəndən sonra komissiya dedi ki, tələbə burda dayansın. Cümlədə onların anladığı Lenin, Gertsen, Çernışevski kəlmələri olmuşdu. Soruşdular ki, tələbə qız nə dedi? Tərcüməni biləndən sonra dedilər ki, bu tələbəyə “Əla” yazaq. Sonra mənə bildirdilər ki, komissiya mənim yüksək səviyyəli cavabımdan razı qalaraq getdi və gələn teleqrama belə bir cavab verildi: “Şuşada qeyri-qanuni dövlət imtahanından söhbət belə gedə bilməz”. 1988-ci ildə Xankəndi İnstitutunun son məzunları olaraq, təhsilimizi belə başa vurduq.

1988-ci ilin sentyabr ayının 18-i idi. Axşam saatlarında “Günün xəbərləri”nə baxırdıq. Birdən bizə elə gəldi ki, dünya dağıldı. Hamılıqla evdən çıxanda gördük ki, şərəfsizlər Xankəndindən Kərkicahana hücuma keçib. Bizim Həcər qeyrətli qadınlar Xankəndindən Kərkicahana gələn yoxuşun başından əllərində daş-kəsəklə gələn maşınlara qalxmağa imkan vermir. Onlar qayıdandan bir saat sonra səmada tüstülər gördük. Qəsəbəyə gələ bilmədiklərindən Xankəndidə 50-yə qədər azərbaycanlı evinə od vurdular. Beləcə, Xankəndində azərbaycanlıların çıxarılması mərhələsi başladı. Ağrılar, acılar, qaçqın-köçkün həyatı, torpaq-yurd həsrəti azmış kimi, sinəmizə şəhid dağı da çəkildi…

– Bununla da köçkün həyatınız başladı…

– Yox. Mən 1991-ci il noyabrın 15-də səhhətimlə əlaqədar Bakıya gəlməli oldum, çünki bu, həkimin göstərişi idi. Şəhid qardaşım Natiq  məni və yoldaşımı Şuşadan vertolyotla Bakıya yola saldı. Vertolyotda keçirdiyim son dərəcə həyəcanlı anları indiyə qədər xatırlayanda o günü yenidən yaşamış kimi oluram. Hiss etdim ki, vertolyotun qalxmağı ilə enməyi bir oldu. Həmin anda ağlımdan keçən yalnız bu oldu ki, bizi girov götürdülər. Elə bir stress yaşadım ki, vəziyyətdən yoldaşım məni güc-bəla ilə çıxarda bildi. Heç demə, Malıbəyliyə enmişik. Malıbəyli adını eşidəndə özümə gəldim. Orada olan millət vəkillərindən biri də həmin vertolyotla Bakıya gəlməli imiş. Və mən bilmədim ki, bu, mənim doğma yurdumla ayrılığımın başlanğıcıdır.

– 28 dekabr 1991-ci il…

– Düz 32 il mən bu tarixin ağrısı ilə yaşamışam. Həmin gün Kərkicahan üç tərəfdən hücuma məruz qaldı. Gənclərimiz bacardıqlarından da artıq düşmənə müqavimət göstərsə də, onlara kömək gəlmədi. Mən o dövrün laqeydliyindən, özbaşnalığından danışmaq istəmirəm. Düşmənlə üz-üzə qalan əhali nəyinisə satıb silah almışdı ki, əli yalın olmasın. Lakin həmin silahla nə qədər duruş gətirmək olardı ki… Kərkicahan işğal olundu və oranı son tərk edənlər arasında ata-anam da vardı. O zaman 2000 əhalisi olan Kərkicahan 34 şəhid verib. Xankəndi yolu bağlanandan sonra meşənin içilə Şuşaya yol açılmışdı. Beləcə, əhali yurd-yuvasından Şuşaya, oradan Ağdama sarı yol aldı.

– Amma bu da son olmadı…

– Suallarınız məni o qədər uzaqlara aparır ki… Onsuz da həyatımın bu 32 ili bir şikəst övlad kimi həmişə yanımda olub, olacaq da. Qardaşım Natiq hələ hadisələr başlamazdan əvvəl Xankəndi polis şöbəsində polis nəfəri kimi işə başladı. İki il sonra oranın göndərişilə Polis Məktəbinə daxil oldu. Artıq Qarabağ hadisələri başlamışdı. O, məktəbi bitirəndən sonra təyinatını Salyan rayonuna vermişdilər. Lakin Natiq “Polis” qəzetinə şəklini verib məqalə yazmışdı ki, məni Qarabağa göndərin. Həmin qəzet evimizdə də qaldı. İstəyini nəzərə alıb onu Şuşa şəhər Polis Şöbəsinə sahə inspektoru göndərdilər. Mənimlə əkiz olan qardaşım Namiq qiyabi ali təhsil alırdı və Şuşada “Qarabağ” mehmanxanasında təsərrüfat üzrə müdir idi. Həyat yoldaşım Tahir Zeynalov indiki İqtisad Universitetində qiyabi təhsil alırdı. O da məlum hadisələr başlananda Xankəndi Özünümüdafiə polis batalyonunun, daha sonra Ağdərə rayon Polis Şöbəsinin əməkdaşı olub. 1992-ci ilin may ayının 7-dən 8-nə keçən gecəni onlar üçü də birlikdə Şuşada keçiriblər, xalam qızının evində qalıblar. İtkin düşən qardaşım o gecə yatmaq bilməyib. Az bir müddətdən sonra yenə də aləm qarışıb. Üçü də bir-birinə heç nə demədən hərə bir tərəfə gedib. Az keçməmiş yoldaşıma xəbər gəlib ki, Natiqi türmə istiqamətində vurublar, cəsədi qalıb orada. Namiqi axtarmaq istəyəndə deyiblər ki, o, maşını ilə qadınları Turşsu istiqamətinə aparıb. İkinci dəfə cəhd etmək istəyəndə məlum olub ki, Namiqin maşını vurulub, özündən  isə bu günədək bir xəbər yoxdur. Amma sonralar eşitdim ki, Namiqi maşından düşən yerdə görüblər.  Natiqin cəsədini xalam qızının yoldaşının sürdüyü BTR-lə türmənin həyətindən çıxara biliblər. Alnından snayperlə vurulubmuş. Məzarı I Şəhidlər xiyabanındadır.

– Amma artıq köçkün deyilsiniz…

– Bəli, deyiləm. Amma unuda da bilmirəm. Gəncədə bir yataqxanaya yerləşəndə, həyat mənə çox amansız gəldi. Evdən bir kibrit çöpü belə, götürə bilməmişdik. Həmin anda düşünmüşdüm ki, bundan sonra yaşamağa dəyərmi? Lakin əlimdə iki körpə vardı ki, qızım atasının şəhidliyindən üç ay sonra dünyaya gəldi və onlara görə yaşamalı idim. Günlər yavaş-yavaş keçməyə başladı. Öz məktəbimizdə həm direktor müavini, həm də fizika-riyaziyyat müəllimi kimi işləməyə başladım. Sonra məktəbə Natiq Şahmuradovun adı verildi. Bununla belə, içimdə heç cürə rahatlıq tapa bilmirəm. Hər dəfə polis formasını görəndə o qədər həyəcan keçirirdim ki, özümü ovutmağa yol axtarırdım. Hər ikisi 29 yaşında olan iki doğmamın yarımçıq həyatını tamamlamaq istəyirdim.      

– Və tamamlaya bildiniz…

– 1998-ci ilin sentyabr ayında bizə bildirdilər ki, Ulu öndər Gəncə şəhərinə sakinlərlə görüşə gələcək. Çətin dönəmlər idi, işıqlar tez-tez sönürdü. Xeyli düşündüm və Ulu öndərə çıraq işığında bir məktub yazdım. Onun ailəmiz haqqında məlumatı var idi. O zaman Tibb İnstitutunun tələbəsi olan bacım Heydər Əliyev Moskvadan Naxçıvana qayıdandan sonra onun qəbuluna düşə bilmişdi. O ərəfədə girovların dəyişdirilməsi prosesini görəndən sonra onda bir inam yaranmışdı ki, qardaşımızı tapa bilərik. Məktubda bütün bunları qeyd edəndən sonra şəhidlərimin yolunu davam etmək istəyində olduğumu bildirdim. Məktuba dərhal cavab gəldi və məni daxili işlər orqanında işlə təmin etdilər. Əmrimi Bakıya versələr də, bundan imtina etdim, çünki valideyinlərim Gəncədə tək idi. Xahişimi nəzərə alıb təyinatımı Gəncəyə verdilər. Mən arzuladığım formanı geyindim və onların yükünü həmişə çiynimdə daşıdım. Çox ağır olan bu yükü şərəflə daşıdım. Heç kəsin qarşısında əyilmədim, haqq sözümdən dönmədim. Gəncəni çox sevdim, bura bağlandım, gözəl insanlar tanıdım, dostlar qazandım. Amma içimdəki yurd yeri, torpaq həsrəti heç vaxt sönmədi.

– Uzun müddət gözlədiniz və Xankəndində Azərbaycan bayrağının ucaldığını hamımız gördük…

– Nə hisslər yaşadığımı bilmək üçün yalnız mənim yerimdə olmaq lazım idi o an. İnanın bunun sözlə ifadəsi yoxdur. Onu bilirəm ki, sevinc də, həyəcan da birdən boğdu məni. Mənim bundan sonra heç bir arzum yoxdur, çünki Vətən azaddır, şəhidlərimin qanı axdığı torpaq  azaddır, Qarabağ azaddır. Uzun həsrətdən sonra ayağım o yerə dəyən kimi torpağı qucaqladım, ovcuma alıb yedim, yalın ayağımı yerə basdım ki, onu hiss edib əmin olum bir daha.

İndi iki gözləntim var – doğma Kərkicahanda ata yurdunun çırağını yandırmaq və itkin düşmüş qardaşımı isti ocağımızda qarşılamaq. Azad Qarabağı gördüyüm kimi, həmin anı da yaşayacağıma çox inanıram.

SÖZARDI: Təranə xanımın söhbəti, şahidi olduğu, yaşadığı hadisələr, məcburi köçkünlük həyatının ilk illəri bir kitablıq mövzudur. Bəlkə də daha çox. Onun söylədiyi bir fikir çox  məqamlardan soraq verdi. Dedi ki, mənə doğma olan ruhların uğruna tutduğum bu yolu onların adına layiq şəkildə başa vurdum. İndi isə yolum artıq Kərkicahanadır, 27 yaşında tərk etdiyim yurdumda görəcəyim işlər çoxdur.

Yolunuz açıq, arzularınız çin olsun, Təranə xanım…

Tamilla M-zadə

525-ci qəzet

102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir