15 İyun Milli Qurtuluş Günü bu günki qalib Azərbaycan tarixinin başlanğıcıdır – Millət vəkili

Gündəm

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinin mühüm mərhələsinin bu günki inkişaf və müstəqil, güclü dövlət anlayışının bərqərar olunduğu dövrün başlanğıcı hesab edilir. Bu mənada Milli Qurtuluş Günü müasir dövrümüzün qürur səlnaməsi kimi qiymətləndirilir. Məhz 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan yox olmaqdan xilas oldu. Ölkəmiz yenidən öz müstəqilliyini itirmək təhlükəsindən qurtuldu.

Bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə ölkə məhv olmaq təhlükəsi ilə yanaşı dərin ictimai-siyasi və iqtisadi böhran məngənəsindən xilas oldu: “Beləliklə ölkəmiz yeni bir mərhələyə inkişaf yoluna çıxdı. Bu baxımdan da 15 iyun 1997-ci ildə Milli Məclis tərəfindən Milli Qurtuluş Günü elan olunması haqqında qərar qəbul edilib. Sözsüz ki, 1990-cı illərin əvvəlində müstəqilliyini elan etmiş Azərbaycanda dərin böhran hökm sürürdü. Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi ilə yanaşı ölkə daxilində siyasi böhran, xaos hökm sürürdü. Dövlətçilik anlayışı olmayan qüvvələrin hakimiyyətdə olması Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. Ağır və acınacaqlı olan bu dövr 1993-cü ilin iyun ayında özünün kulminasiya nöqtəsinə çatmışdı. AXC-Müsavat cütlüyün səriştəsizliyi, kreslo davası, ölkənin ayrı-ayrı silahlı qrupların əlində sanki bir oyuncağa çevrilməsi xalqımızın sabaha olan inamını itirmişdi. Sadə vətəndaşlar normal yaşayış hüququndan məhrum olmuş, fundamental hüquq və azadlıqlar ayaqlar altına salınmışdı”.

Millət vəkili hesab edir ki, yenicə müstəqilliyini qazanmış bir ölkəni ağır və xaotik durumdan xilas edə biləcək yeganə şəxs zəngin dövlətçilik təcrübəsinə malik Ümummilli Lider Heydər Əliyev idi: “Xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və İyunun 15-də Azərbaycan Parlamentinin sədri seçildi. Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf etdi. Ölkə müstəqilliyinin dönməzliyi təmin olundu. Bu səbəbdən də 15 iyun tarixi haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu. Beləliklə ölkəmizdə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıldı. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu”.

Deputat bildirib ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin yorulmaz və gərgin fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi: “1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü hesab edilir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Ulu Öndər Heydər Əliyev dühasının nəticəsi olaraq Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi”.

Aqil Məmmədov vurğulayıb ki, məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən strategiyası nəticəsində bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətə çevrilib: “Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlanılıb. Eyni zamanda bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında cəbhədə atəşkəs əldə edildi. Atəşkəsin əhəmiyyəti onda idi ki, məhz bu sazişdən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və əldə edildi. Bu uzaqgörən siyasətin reallaşması nəticəsi olaraq Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyaraq ölkəmiz regionda lider dövlətə çevrilməsi təmin olundu. Ulu Öndərin Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi və praqmatik siyasəti nəticəsində Azərbaycan daha da güclənib, dünyada nüfuzlu dövlətə çevrilib. 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində nəticəsində işğal altında olan torpaqlarımızı erməni təcavüzündən azad edildi, bütün ərazilərimiz üzərində konstitusiya quruluşu təmin edildi. Bununla da işğalçı Ermənistan ordusu döyüş meydanında məğlub oldu. Bu qələbə tariximizə qızıl hərflərlə yazılıb. Təbii ki, bu qələbədə xalq və cəmiyyət olaraq birliyimiz və həmrəyliyimiz də mühüm rol oynadı. Beləliklə, Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı-Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən qalib və müzəffər bir dövlətə çevrilib”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir