Veteranların təcrübəsindən yararlanan Quba polisi yetişməkdə olan nəslin tərbiyəsi ilə də məşğul olur

Azərbaycan Polisi

Veteranların təcrübəsindən yararlanan Quba polisi yetişməkdə olan nəslin tərbiyəsi ilə də məşğul olur.


Quba polisi narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətlə mübarizə aparır. Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının apardıqları silsilə əməliyyatlar nəticəsində narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınmasında və satışında, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayon sakinləri saxlanılırlar. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı həmin şəxslərin üzərilərinə və yaşadıqları evlərə baxış keçirilən zaman aşkar olunan narkotik vasitələr maddi sübut kimi götürülür, faktlarla bağlı cinayət işi açılır.
Quba polisinin qeyd olunan istiqamətdə ən səmərəli işi rayonun təhsil müəssisələrində oxuyan şagird və tələbələrlə aparılan maarifləndirmə tədbirləridir desək, yanılmarıq. Yetişməkdə olan gənc nəslin nümayəndələri ilə keçirilən maarifləndirici görüşlərdən hələlik sonuncusu mayın 2-də Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Sağlam gənclik naminə narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda Xucbala kənd tam orta məktəbində baş tutmuşdur. Görüşün keçirilməsində əsas məqsəd gəncləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub.
Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qətiyyətli tədbirlərlə bağlı görüş iştirakçılarına məlumat verib. Şöbə rəisi qeyd edib ki, narkotik aludəçiliyi təkcə həmin şəxsin özü üçün deyil, eləcə də ailəsi və yaxınları üçün faciələrə səbəb olur. Bu gün narkomaniya insanların sağlamlığı ilə yanaşı, onların mənəvi dünyasına, bundan əlavə isə cəmiyyətin bir çox digər sahələrinə də sağalmaz yaralar vurur.
Çıxışlarda erkən nikahların səbəb olduğu ağır nəticələrdən, bu kimi neqativ hallara qarşı görülən işlərdən də söz açılıb.
Mövzularla bağlı videoçarxların nümayiş olunduğu tədbirdə, həmçinin çıxış edən RPŞ-nin rəisinin xidmət üzrə müavini, polis polkovniki Vüsal Rüstəmov daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar verib, Polis Akademiyasında kursantlar üçün yaradılan şərait, təhsil ocağının tarixi və daxili işlər orqanlarında xidmət haqqında məktəblilərin suallarını dolğun şəkildə cavablandırıb.
Quba polisi cəmiyyətin həssas kateqoriyasından olan şəxslərə qayğılı münasibət sərgiləyir. Bu qayğı özünü təkcə bayram və əlamətdar günlərdə bu qəbildən olan şəxslərə göstərilən maddi və mənəvi yardımdan ibarət deyil, həmçinin onları dələduzların məkrli əməllərindən qorumağı ehtiva edir. Məsələn, bu ilin fevral ayında Qubada şəhid ailələrini, qaziləri, fiziki məhdudiyyətliləri aldadan şəxs həbs edilib. Qubada müvəqqəti kirayə mənzildə yaşayan şəxs vətəndaşlara problemlərinin həllinə dair vədlər verərək onlara ümumilikdə 20.100 manat ziyan vurub. Faktla bağlı cinayət işi açılıb və məhkəmənin qərarı ilə şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Bildiyimiz kimi, əsrarəngiz təbiəti, zəngin flora və faunası ilə seçilən Quba rayonu yerli və xarici turistləri özünə cəlb edir. Bu amil əyalətə nə qədər fayda versə də, Quba polisinin də qayğılarını artırır. Dəfələrlə olub ki, Quba polisi dağlıq ərazidə çətin vəziyyətdə qalan əcnəbi vətəndaşlara kömək edib. Məsələn, bu ilin mart ayında Quba rayonuna istirahətə gələn Hindistan vətəndaşı Sahoo Ramakantın avtomobili əlverişsiz hava şəraiti ilə bağlı Quba-Susay-Xınalıq yolunda ucqar dağlıq ərazidə qara batmış və hərəkətsiz qalmışdı. Məlumat daxil olan kimi, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi və Post Patrul Xidməti bölmələrinin əməkdaşları dərhal həmin əraziyə gedərək əcnəbi vətəndaşa kömək ediblər.
Hər zaman xeyirxahlıq və qayğıkeşliyi özlərinə vacib amil bilən polis əməkdaşları təbiətimizin gözəllik nümunəsi olan vəhşi heyvanların da naqolay halına biganə qalmırlar. Olub ki, onlar sıx meşəlikdə, yaxud, dağ yüksəkliklərində köməksiz vəziyyətdə qalan heyvanları götürərək öz xidməti avtomobilləri ilə götürmüş, ilkin yardım göstərmək üçün baytarlıq xidmətinin nümayəndələrini dəvət etmiş, bütün zəruri təxirəsalınmaz tədbirlərdən sonra canlıları sağlamlığının tam bərpa olunması və yenidən təbiətə qaytarılması üçün onu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil veriblər.
Quba Rayon Polis Şöbəsi polisin veteranlarının təcrübəsindən də faydalanır və bu məqsədlə vaxtaşırı olaraq ictimai şura üzvləri ilə görüşlər təşkil edir. Bu gün cəmiyyətdə polis veteranlarına, ağsaqqallara, onların təcrübələrinə böyük ehtiyac var. Bir sıra xarici qüvvələrin pozuculuq fəaliyyəti ilə mübarizədə, xüsusilə müxtəlif dini cərəyanların yeniyetmə və gənclər arasında təbliğinin qarşısının alınmasında, narkomaniyaya qarşı mübarizədə onların yardımı əvəzolunmazdır. Bu tip görüşlərin mütəmadi keçirilməsi polislərə stimul verməklə yanaşı, onların bilik və bacarıqlarına da müsbət təsir edir. Belə ki, nəzəri biliklərlə yanaşı praktiki təcrübə tələb edən polis peşəsində veteranların təcrübəsi hər zaman köməyə çatır.

Yusif İbadov

102-ci qəzetin redaktor müavini

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir