Polisin səlis işi hesabına Xaçmaz rayonunda kriminogen durum tam nəzarət altına alınıb

Azərbaycan Polisi

Polisin səlis işi hesabına Xaçmaz rayonunda kriminogen durum tam nəzarət altına alınıb.


Bir ay əvvəl (aprelin 19-da) Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayətlərin kriminalistik üsul və vasitələrlə açılması sahəsində işlərin vəziyyətinə həsr olunmuş Kollegiya iclasında Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müəyyən edilmiş vəzifələrin və qarşıya qoyulan tapşırıqların cari ilin birinci rübündə bütövlükdə layiqincə icra olunduğunu, cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunan müsbət nəticələrin inkişaf etdirildiyini, şəxsi heyətin xidməti vəzifələri böyük əzmlə yerinə yetirdiyini diqqətə çatdırmışdı.
2024-cü ilin I rübü üzrə daxili işlər orqanlarının fəaliyyətinin effektivliyini təsdiqləyən bu müsbət tendensiya Xaçmaz polisinin xidmətində də müşahidə olunub. Xaçmaz Rayon Polis Şöbəsinin şəxsi heyəti rayonda ictimai asayişin, əmin-amanlığın qorunmasında öhdəsinə düşən müqəddəs vəzifəni ləyaqətlə yerinə yetirir. Şərəfli xidmət yolu keçən Xaçmaz RPŞ-nin şəxsi heyəti bu gün polis polkovniki Həmid Həsənovun rəhbərliyi altında rayonda hüquqpozmalara qarşı profilaktiki tədbirlərin həyata keçirilməsi üçün mühüm işlər görür.
Xaçmaz rayonunda polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir. Alqışlanası haldır ki, rayonda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində cinayət hadisələrinin törədilmə səbəbləri isti izlərlə açılır, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilir, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra hadisələrə görə axtarışda olan şəxslər tez müddətdə saxlanılaraq istintaqa təhvil verilir. Eləcə də rayonda kriminal hadisələrin sayı azalır, əxlaqsızlıq yuvaları və qumarxanaların fəaliyyətinə son qoyulur.
Xaçmaz rayonunda gənclərin narkotik maddələrdən cəkindirilməsində polis böyük səylə əmək sərf edir. Xaçmaz polisi müxtəlif layihələr çərçivəsində müxtəlif auditoriyalarda, məktəblərdə, müəssisələrdə narkomaniyaya qarşı maarifçilik tədbirləri həyata keçirir, yeniyetmələri, gəncləri bu yolla narkotiklə mübarizəyə təşviq edir.
Gənclər arasında narkotik maddələrin yayılmasında vasitəçilik edənlərin, ondan istifadə və alqı-satqı ilə məşğul olanların araşdırılıb, cinayət məsuliyyətinə cəlb edilməsini təmin etmək məqsədilə polis əməkdaşları davamlı reydlər keçirirlər. Narkomaniya ilə məşğul olanların toplaşdığı yerlər müəyyən edilir və nəzarətə götürülür. Xaçmaz sakinləri deyirlər ki, yaşadıqları ərazidə asayişin keşiyində ayıq-sayıq dayanan polis narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işində qətiyyətlidir və gənclərimizin zərərli vərdişlərdən uzaq olmaları ilə bağlı zəruri tövsiyələr verir.
Polis şöbəsi və onun bölmələrində zabitlərdən tutmuş, polis nəfərlərinə kimi nizam – intizamın, sabitliyin qorunmasında, vətəndaş və polis arasındakı səmimi münasibətin qurulmasına əhəmiyyətli dərəcədə diqqət yetirilir. Qeyd olunur ki, cənab Həmid Həsənov öz şəxsi nümunəsində vətəndaşların müraciətlərinə həssas yanaşma nümayiş etdirir, onları diqqətlə dinləyir, problemlərinin həlli üçün özündən asılı olan heç nəyi əsirgəmir. Cəmiyyətin hansı kateqoriyasına mənsub olmasına baxmayaraq, bütün vətəndaşların onun qəbuluna düşməkdə heç bir çətinlik yoxdur. Polisin səlis işi hesabına Xaçmaz rayonunda kriminogen durum tam nəzarət altına alınıb, demək olar, gözəl ab-hava yaranıb. Buna görə vətəndaşlar hörmətli nazir cənab Vilayət Eyvazova minnətdarlıq edirlər ki, cənab Həmid Həsənov kimi dövlətə, dövlətçiliyə sadiq, təcrübəli, peşəkar zabiti rayon polis şöbəsinə rəhbər təyin edib.
Əlbəttə ki, cənab Həmid Həsənovdan narazı qalanlar da var. O şəxslərdir ki, qanunu, ictimai asayişi pozmaqda, başqalarının hüquqlarını tapdalamaqda maraqlıdırlar, narkomaniyaya, tüfeyli həyat tərzinə meyllidirlər.
Şübhə yoxdur ki, Prezident İlham Əliyevin dövlətçilik və müstəqillik kursunun sadiq icraçısı olan Azərbaycan polisi, o cümlədən, Xaçmaz RPŞ-nin şəxsi heyəti, 2024-cü ilin I rübündə olduğu kimi, ilin qarşıdakı dövründə də asayişin, daxili təhlükəsizliyin keşiyində əzm və qətiyyətlə dayanacaq, respublikamızın daha da çiçəklənməsi və qüdrətlənməsi naminə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəkdir.

Ceyhunə İbadova

102-ci qəzetin əməkdaşı

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir