Ölkə ərazisində yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? – AÇIQLAMA + FOTO

Cəmiyyət




Son günlər yağan yağışlar bir çox çaylarda sululuğun artmasına, bəzi bölgələrdən sel keçməsinə səbəb olub. 

Hava şəraitinin kəskin dəyişməsi və hansı çaylardan sel keçməsi ilə bağlı Milli Hidrometeorologiya Xidmətinə sorğu ünvanladıq.

Oxu.Az-ın sorğusunu Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova cavablandırıb. 

G.Məmmədova bildirib ki, bir neçə gündür ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunmasının səbəbi şimaldan hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır.

“Bölgələrimizdə şimşək çaxıb, arabir yağış yağıb. Bəzi yerlərdə yağıntılar leysan xarakterli  və intensiv olub. Şahdağda isə qar yağıb.

Yağan intensiv yağış nəticəsində respublikanın çaylarında sululuq artıb. Belə ki, Girdimançay (İsmayıllı), Kürmükçay (Qax), Dəmiraparançay( Qəbələ), Balakənçay (Balakən) çaylarından qısamüddətli sel keçib”, – deyə G.Məmmədova bildirib.

O qeyd edib ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti mayın 17-si axşamadək fasilələrlə davam edəcək.

Sorğumuzu həm də Fövqəladə Hallar Nazirliyinə (FHN) ünvanladıq.

Nazirliyin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən gün axşam baş verən sel hadisəsi ilə bağlı FHN-ə hər hansı müraciət daxil olmayıb.

Əzizə İsmayılova

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir