İranla başlanmış ikitərəfli layihələrin icrası davam etdiriləcək” – Millət vəkili

Cəmiyyət

“Azərbaycan İran münasibətləri Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı ilə daha da möhkəmlənmiş olacaq. Təəssüf ki, bu mərasimlərdən ayrılan İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən şəxslər qəzada həyatını itirdi”.

Bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.

Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti dərhal məsələ ilə bağlı təəssüfünü və narahatçılığını ifadə edərək ölkəmiz tərəfindən lazım olan bütün yardımları həyata keçirməyə hazır olduğumuzu bəyan etdi. Azərbaycan ən çətin məqamda, ağır gündə özünün mehriban qonşuluq, dostluq siyasətinə sadiqliyini bir daha nümayiş etdirdi. İranın yeni hakimiyyəti formalaşdıqdan sonra əlaqələr, o cümlədən, başlanmış ikitərəfli layihələrin icrası davam etdiriləcək”.

A.Məmmədovun sözlərinə görə “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir: “Cənab Prezident açılış mərasimində də qeyd etdi ki, “İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür. Dostluğun dərin kökləri və tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək”.

Bir sıra beynəlxalq və regional təhlükəsizlik məsələləri ilə bağlı hər iki ölkənin rəsmi mövqeyinin üst-üstə düşünüdyünü deyən A.Məmmədov bildirib ki, bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan əlaqələrinin normal olması zəruridir: “Bu gün iki ölkə arasında münasibətləri gərgin müstəviyə çəkmək istəyən qüvvələr var. Bəzən isə təəssüf ki, İranın daxilindən şovinist qüvvələr Azərbaycana qarşı ideoloji zəmində hücum edirlər. Sağlam qonşuluq və dostluq münasibətlərinin bərqərar olması üçün bu kimi ünsürlər zərərsizləşdirilməli, onların anti-Azərbaycan fəaliyyətlərinin qarşısı alınmalıdır”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir