Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlandı

Dünya




Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlanıb.

“Report” xəbər verir ki, Ermənistanın qanunsuz dağ-mədən sənayesi əleyhinə mübarizə aparan QHT-ləri birləşdirən “Environmental Protection First” Koalisiyası bu gün Bakı Biznes Mərkəzində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritəni ictimaiyyətə təqdim edib.

Xəritəni Koalisiyaya daxil olan “Azərbaycan Kartoqrafları” İctimai Birliyi 3 dildə – Azərbaycan, ingilis və erməni dillərində hazırlayıb. Xəritənin müəllifi kartoqrafiya sahəsində 43 illik iş təcrübəsinə malik mühəndis-kartoqraf, Bakı Kartoqrafiya Fabrikinin sabiq direktoru, “Azərbaycan Respublikasının Milli Atlası”nı, “Cənubi Qafqaz. 1903-cü il”, “Qafqaz diyarının xəritəsi – Tiflis 1847-ci il” xəritələrini tərtib edən kartoqraf qruplarının rəhbəri, “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramovdur. O, 2020-ci ildə ətraf mühitin mühafizəsi sahəsində xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Xəritə Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin mənfi ekoloji təsirlərini ifşa etmək üçün mühüm məlumatları özündə toplayıb. Xəritədən aydın görünür ki, Ermənistan bilərəkdən ətraf mühitə ən çox zərər vuran dağ-mədən sənayesi müəssisələrini əsasən Qərbi Zəngəzur bölgəsinə – Azərbaycanla həmsərhəd, transsərhəd çaylara yaxın ərazilərə cəmləşdirib.

“Environmental Protection First” Koalisiyası bəyan edib ki, Ermənistanın və digər xarici ölkələrin ekologiya və səhiyyə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq qurumlarla birgə Ermənistanın dağ-mədən müəssisələrində ekoloji monitorinqlər aparmağa hazırdır.

Qeyd edək ki, “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin mühüm mövzuya həsr olunmuş kartoqrafik əsər layihəsinin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir