Azərbaycan-Belarusiya münasibətlərində yeni dönəm: Birgə atılacaq addımların strateji hədəfi – Deputat açıqladı

Gündəm

Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ölkələr arasında əlaqələrin inkişafında mühüm töhvə hesab edilir. Tarixi əhəmiyyətə malik səfər zamanı  əldə edilən razılaşmalar, imzalanan sənədlər münasibətlərin yeni müstəviyə yüksəlməsində vacib rola malikdir. Prezident İlham Əliyevin və Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi birgə bəyanatında əlaqələrin xarakterindən, qarşıda duran vəzifələrdən və bir çox sahələri əhatə edən məsələlərdən bəhs edildi.

Bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, Belarusla  Azərbaycan arasında diplomatik əlaqələr 11 iyun 1993-cü ildə qurulub: “İkitərəfli əlaqələr əsasən Prezident İlham Əliyevin hakimiyyəti dönəmində yeni inkişaf mərhələsinə qədəm qoyub. İkitərəfli əlaqələrin dinamik inkişafı üçün və tərəflər arasında bağlanmış müqavilələrin, sazişlərin və digər sənədlərin səmərəli həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılıb. Bu xüsusda Belarus prezidentinin ölkəmizə səfəri çərçivəsində aparılan danışıqlar, keçirilən görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirmış oldu. Münasibətlər dinamik inkişaf edir. Hökumətlərarası Komissiyanın iclası və digər məsələlərlə yanaşı münasibətlərin inkişafına müsbət təsir edəcək addımlar atılacaq”.

Deputat bildirib ki, iki ölkə arasında qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün lazımi tədbirlərin görülməsi ilə bağlı qərarlar mövcuddur: “Əlaqələrin dinamikasına uyğun olaraq qarşıda duran vəzifələr də kifayət qədər konkret xarakterə malikdir. Sənaye kooperasiyası, Azərbaycanla Belarusayanın birgə istehsalla bağlı mövcud potensialı daha da artırmaqla bağlı da planları mövcuddur. Maşınqayırma, hərbi-sənaye kompleksi, kənd təsərrüfatı, nəqliyyatda əlaqələrin inkişafı ilə bağlı konkret hədəflər var. Bütün bu əlaqələr isə ölkələr arasında iqtisadiyyatların inkişafı üçün praktiki əhəmiyyət daşıyır. Sözsüz ki, Belarus şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən işlərdə iştirakı olduqca əhəmiyyətli bir addımdır. Prezident İlham Əliyev də birgə mətbuat konfransında işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərindən bəhs edib. Ölkəmizin başçısı qeyd edib ki, Ermənistanın işğalı nəticəsində ərazidə hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətləri bu prosesə fəal qoşulmalıdır. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var. Birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar”. Cənab Prezident həmçinin Azərbaycanın haqlı olaraq beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla münaqişəni həll etdiyini diqqətə çatdırıb”.

Aqil Məmmədov hesab edir ki, Belarusiya prezidentinin ölkəmizə rəsmi səfərində imzalanmış vacib sənədlər münasibətlərin yeni müstəviyə yüksəlməsində vacib rola malikdir: “Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko da mətbuata verdiyi bəyanatında Azərbaycanın son illərdə əldə etdiyi böyük nailiyyətlərdən bəhs edib. “Hər şeydən əvvəl Azərbaycan özünün əsas problemini – uzun müddət səhraya çevrilmiş torpaqların qaytarılmasını həll edib. Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq”. Vurğulanıb ki, Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var. Cənab Prezident İlham Əliyevin timsalında Azərbaycanın güclü, normal lider ölkəyə çevrildiyi bildirilib. Sözsüz ki, Belarus prezidentinin işğaldan azad edilmiş ərazilərə gedişi tarixi hadisə idi. Belarus prezidenti Aleksandr Lukaşenkonun cənab Prezident İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanında qarşılanması xalqımızın yaddaşına həkk olunacaq hadisələrdən biri oldu. Hər iki lider azad edilmiş torpaqları ziyarət edib, erməni vandalizmindən xilas edilmiş ərazilərimizdə həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işləri ilə yerində tanış olub. Eyni zamanda Türk və İslam Dünyasının Mədəniyyət Paytaxtı, tarixi Şuşa şəhərində bir sıra tədbirlər və açılışlarda da ölkə başçıları iştirak edib”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir