Şəhid Natiq Siyavuş oğlu Məlikov

Qəhraman vətən oğlulları

Şəhidlər ölməz, Vətən bölünməz!

Natiq, gözüyaşlı qalan bacılarına hay ver…

Natiq Siyavuş oğlu Məlikovu görsəniz deyin ki…

Bu yazı doğma yurdun düşmən tapdağına düşməməsi üçün bütün varlığı ilə onu qorumağa çalışan və yağılara qan udduran Azərbaycanın əsl qəhrəman bir oğlu haqqındadır. Doğrudur, ona bu adı qıymasalar da, xalq onu qəhrəman kimi qəlbində heykəlləşdirib. Çünki Natiq buna layiq oğul idi…
Bilirsiz hansı Natiqi deyirəm? Həəə, bilmirsiz. Ona görə də yazdığım bu “qara nağıl”ı oxuyun. Məlikov Natiq Siyavuş oğlu 1962-ci ildə Kəlbəcərin Nadirxanlı kəndində anadan olmuşdu. Orta təhsilini başa vurduqdan sonra Ağdam Kənd Təsərrüfatı Texnikumunu bitirmişdi. Təbiət vurğunu Natiq Tərtərçay boyunca uzanan əsrarəngiz meşələrimizin qayğısını çəkirdi. Ötən əsrin 90-cı illərində qəfil qadalar başlayanda havamızın, suyumuzun, varlığımızın düşmənlərdən qorunmasına yollandı. Çox döyüşlərdən qələbə ilə qayıtsa da, ömrünü dağlara verməkdən çəkinmədi.
1993-cü ilin qışında ermənilər Kəlbəcərə genişmiqyaslı hücuma keçəndə Natiq Bağlıpəyə kəndinin müdafiəsində idi. Elə son döyüşü də mart ayının axırlarında burada oldu. Evli idi, bir qızı, bir oğul yadigar qalıb.
Natiqin ömür yolu bu iki sətirlik tərcümeyihaldan ibarət deyil. Heç mən də çox yaza bilməyəcəm. Ona görə ki, zamanında gördüyü işlər, keçdiyi döyüş yolundan kimsə yazmadı, o da heç incimədi.
Amma Natiqin dastan ömründən mən indi oturub “qara nağıl” başlamışam. Dastanlaşmaq, müqəddəsləşmək hər kəsə nəsib olmur. Belə igidlərimizin ömürləri örnək sayılıb zaman-zaman.
İlk döyüş yolu Ağdabandan başladı. Kəndə güclü hücum edən erməni quldur dəstələrinin atəş nöqtələrini susdurmaqla o, itkilərin sayını azaltmağa nail oldu.
Aterkin düşməndən təmizlənməsində Natiq bir «QAZ-66» markalı yük maşınını, bir tankı qənimət kimi ələ keçirmişdi. Ağdərə və Laçın döyüşlərində Natiqin göstərdiyi şücaət və qəhrəmanlıqlar haqqında çox danışmaq olar. Amma buna ehtiyac yoxdur. Ona görə ki, Natiq elədiklərini borc bilir, oğulluq haqqı-sayı hesab edirdi. Natiq haqqında yana-yana yazarkən bacıları Məlahətlə Sədaqət müəllimənin, Almaz xanımın səsləri gəldi qulaqlarıma. Yaza bilmədim. Oturub onlara qulaq asdım. Eşitdiklərimdən bir-iki kəlmə qalıb yaddaşımda. Məlahət xanım Natiqi haraylayırdı: «Natiq, qardaş deyəndə, dayı deyəndə ürəkləri göynədən oldun. Baxa bilmirəm körpələrinin atasızlıqdan solan, qönçə ikən büzüşən bənizlərinə. Nilufərinin dili bizi dağlayır. Deyir ki, «bibi, bəs deyilləl çi, ata sizə cedif, cəlmiiiiy? Cöndəy öz evimizə da? Bəsş mənə niyə oyuncaq ayıb cöndəmiy? De ki, tez cəlsin, nooyay?» Deyir ki, «bibi, atam sizi çox istəyiy, ona cöyə də evimizə qayıtmıy?»
Dili yenicə açılan Şəhriyarın boylana-boylana qalıb «ATA» deyəndə heç kim onu ovundura bilmir. Nazı ilə oynadığın Zaminə, Ülviyyəyə nə cavab verək? Bəs, ömür-gün yoldaşın

Yaqutun ağlar gözlərinə niyə rəhmin gəlmir?

İnsafsızlığını bilmirdik. Atanın qəddini yamanca tez əydin, qardaş. Bəs söz vermişdin ki…»
Məlahətin ağı-bayatısını dinləmək dünyanın ən ağır dərdinə tablaşmaq qədər çətindir:
Qaralı-ağlı mənəm,
Qanadı bağlı mənəm.
Axtarmayın uzaqda,
Ürəyi dağlı mənəm.

Bərə keçdi, ov qaldı,
Vurammadım, ov qaldı.
Çoxunun gedəni gəldi,
Qardaşım girov qaldı?

…Siyavuş dayı, Marusa xala, Natiqli günlərinizə əliniz çatmadığından bu ağını yazdıq ki, bəlkə sizə bir təsəlli olsun.
Natiq, bacıların Məlahətə, Sədaqətə və Almaz xanıma cavab ver. Səni bizdən istəyirlər. Qayıt, bəlkə daşlamış baxışlar canlansın, ana-bacın başına dolansın…


Bu qara haşiyəli yazını kəlbəcərsilik həsrətinə büründüyümüz illərin əvvəllərində, “Yurd göynərtisi” kitabını yazarkən yuxusuz gecələrimin birində qələmə almışdım. Kiril əlifbası ilə 1995-ci ildə çap edilmiş həmin kitabda neçə-neçə natiqlərimizin nakam talelərindən söz açılırdı. İndi həmin kitabı latın qrafikalı əlifba ilə yenidən yazır və internet vasitəsilə oxuculara paylaşıram.
Aradan illər keçdi. Natiqlərin yolları uzun, ömürləri gödək oldu. Gedənlər qayıtmadı, Dərd odur ki, o cür igidlərin məzarı da olmadı ki, bacılar üstündə göz yaşı axıdıb, ürəklərini boşaltsınlar. Kəlbəcəri də itirdik, kəlbəcərli igidlərimizi də. Saxta qəhrəmanlıqlar Ülfət, Natiq… kimi əsl igidlərimizin adını kölgədə qoydu. Bax, dözülməz dərd bu oldu. Kimin ki adamı, pulu var idi “yolu ilə gedərkən təsadüfi güllədən dünyasını dəyişənlər” “millət qəhrəmanı” kimi təqdim edildi, natiqlərin, mahirlərin, feyruzların, ülfətlərin…
ruhu bax onda incidildi…
Natiqin bacılarından biri Sədaqət müəllimədir. “Ölməzlik anları” adlı bir dərgidə onun haqqında ətraflı olmasa da, yazılıb. Ona görə ki, o, müəllim adının şərəfini daim uca tutur. Həmin dərgidə oxuyuruq: ”Sədaqət Məlikova gözəl keyfiyyətlərinə görə onu tanıyanların hörmətini, məhəbbətini qazanmışdır. O, bu gün, ümumiyyətlə, milli təhsilimizin inkişafı uğrunda ardıcıl iş aparan, yorulmaz bir mübarizdir. 1992-ci ildə riyaziyyat fənni üzrə metodik müəllim adına layiq görülüb. “Yenilik” rayon qəzetində, “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalında metodiki məqalələri dərc olunub.
1993-cü il. Taleyin burulğan dalğası digər rayonlarımız kimi, Kəlbəcəri də erməni qəsbkarlarının tapdağına saldı. Bu dalğa Sədaqət Siyavuş qızı Məlikovanı əmək fəaliyyətini Bakı şəhəri Nərimanov Rayon Təhsil Şöbəsinə gətirdi…
Bu həsrət alnıma yazılan gündən
Nalələr göyərib dilimdən mənim…
Sədaqət müəllimin qardaşı Natiq Siyavuş oğlu Məlikov 1993-cü ilin qışında ermənilər Kəlbəcərə genişmiqyaslı hücuma keçəndə Bağlıpəyə kəndinin müdafiəsində, xalqının, torpağının azadlığı uğrunda mübarizədə şəhid olaraq əbədiyyətə qovuşmuşdur. Bu igid gəncin hünərinə, cəsarətinə yalnız qibtə etmək olar. Yenicə ailə qurmuşdu. İki övladı yadigar qaldı – Şəhriyarla Nilufər. Gün gələcək, bu uşaqlar böyüyüb ataları kimi igid və vətənpərvər olacaqlar. Onunla – Natiq Siyavuş oğlu Məlikovla fəxr edəcəklər. Biz hamımız onunla fəxr edib, onun kimi Vətəni sevirik. Natiqin anası Marusa xanım (Allah rəhmət eləsin, Natiqin ayrılığına dözmədi-M.N.) üzünü dağlara tutub gileylənirdi:

O dağlar sinəmə dağlar çəkibdi,
Tərlanımı alıb əlimdən mənim.
Bu həsrət alnıma yazılan gündən
Nalələr göyərib dilimdən mənim.
Sevgisiydin sən balamın, qüruruydun,
Mənim sənə qarğamağa gəlməz dilim.
Oğlu itən analar tək, atalar tək,
Sinən olsun, şırım-şırım, dilim-dilim…

Marusa ana! Taleyindən bədbinləşib günahsız dağlardan inciməyin. O dağlarda Natiq kimi Vətən qeyrətli, Murov vüqarlı, yurd vurğunlu oğulların ayaq izləri var.
Amansız əcəl imkan vermədi ki, Marusa ana oğlunun narahat ruhuna, Kəlbəcərə qovuşsun. 1999-cu ilin noyabr ayında Bakıda dünyasını dəyişdi. Sinəsində oğlu Natiqin bu Vətən boyda nisgilini apardı. Ömrünün son aylarında Marusa ananın televiziyadakı çıxışından bu məqamlar səslənir:

Uca dağ vüqarlı, a dağlar oğlu,
Nilufərin ağlar qalıb, qayıt gəl!
Qızılgülün dəstəsi tək sevdiyin
Yaqutun saralıb-solub, qayıt gəl!

Şəhriyarın gözlərindən qəm yağır,
Boynubükük yollarına boylanır.
Anan yanır, nisgilinə dağlanır,
Atan çəkir həsrətini, qayıt gəl!

İllər keçir, daha səbrim tükənib,
Ağlamaqdan gözlərimə ağ gəlib.
Namiq körpə uşaq kimi kövrəlib,
Faiq dözmür sənsizliyə, qayıt gəl!

Sən gedəli günüm-ayım dolaşıb,
Qaçqınlıq-köçkünlük qəmə yol açıb,
Bacıların ahu kimi dil açıb,
Qardaş deyib sızlayırlar, qayıt gəl!

Sədaqət müəllim ən çox sevdiyi fənn – riyaziyyat, xobbisi – riyazi xəzinə silsiləsinə məntiqi məsələlər tərtib etməkdir. Müəllimin şəxsi təbliğatının nəticəsidir ki, sinifdəki bir qrup şagirdi idmana, bir qrupu rəqsə, bir neçə şagirdi isə “İstedad” dərnəyinə gedirlər. Şagirdləri Azərbaycan Radiosunun “Uşaq verilişləri” proqramında Həqiqət Cabbarlının verilişlərində də fəal iştirak edirlər.
Sən ki qoymamısan darda heç kimi,
Özün zindandasan, dardasan, Natiq?!
Sədaqət müəllim gündəlik işində həmişə “Mən necə öyrənir, necə öyrədirəm” sualını öz qarşısında qoyur. Bu haqlı suala Sədaqət müəllim hələ gənc yaşlarından, pedaqoji fəaliyyətə başladığı ilk illərdən cavab tapmışdır. Bu məqsədlə də o, dərsə ciddi və hərtərəfli hazırlaşır. Təlim materialını diqqətlə seçir, şagirdlərin təlim əməyini düzgün təşkil edir.
Sədaqət Məlikovanın keçdiyi bütün dərslərin xarakterik cəhəti təlim-tərbiyə ilə birləşdirilməsidir. O, hər hansı bir dərsi həyatla, uşaqların təcrübə müşahidələri ilə əlaqələndirir. Bu, öz gözəl nəticəsini verir. Onun dərs dediyi şagirdlərin çoxu əlaçı olur. Dərs ilinin axırında bir nəfər də olsun belə sinifdə qalmır, kitabı düzgün və rəvan oxuyur, oxuduqlarını ardıcıl, məntiqli nağıl edir, ifadə və inşaları savadlı, səliqəli və məzmunlu yazırlar.
Budur Sədaqət müəllimin dərs dediyi şagirdlərin ana dili və riyaziyyat dəftərləri də, sinif dəftərləri kimi, təmiz və səliqəlidir. Biz bu səliqəni uşaqların sinif və ev riyaziyyat dəftərlərində müşhidə etdik”…


Doğrudur, həmin dərgi sırf təhsillə bağlıdır. Ona görə də Sədaqət müəllimin qardaş niskili olduğu kimi öz əksini orada tapa bilməzdi. Bir pedaqoq kimi onun müsbət məziyyətləri önə çəkilib. Natiqdən sonra bu ailənin çəkdikləri, əlbəttə, bir məqalə həcmində ola bilməz.
Natiqin ömür-gün yoldaşı (ömrə baxın da…) Yaqut xanımın öz əli ilə qələmə aldığı “Yaqutun hekayəsi”ni də oxuyaq. Natiqsiz ötən illərin ağrı-acısı bu həyat hekayəsində qısa da olsa öz əksini tapıb. Yaqut xanımın qələmi də qəlbi kimi yanğılıdır. Qara rəngli bu hekayədən də görünür ki, istedadlıdır. Axı, atası, elimizin ağsaqqal ziyalısı olmuş Allahverdi və əmisi Muxtar Şirinov qardaşlarında da bu istedad, yaradıcılıq özünü göstərirdi. Hətta, istəkli kürəkəni Natiqin şəhidliyinə, itkinliyinə ürəkdağlayan bir qoşması da var Allahverdi əminin. Yaqut xanımın hekayəsindən öncə həmin şeiri oxuyaq:

Yaradan möcüzə göstərəydi kaş,
Dolaydı sidqimə hardasan, Natiq?
Sən ki qoymamısan darda heç kimi,
Özün zindandasan, dardasan, Natiq?!

Həsrət çəkən iki körpə balan var,
Ovunduran, nə qeydinə qalan var.
Unuduldun, nə bir yada salan var,
Çovğunda, boranda, qardasan, Natiq?!

Düşmürsən heç Nilufərin dilindən,
Çay yaranıb gözlərinin selindən.
Xəbər yoxdu Kəlbəcərin elindən,
Bəlkə sən bir soraq verəsən, Natiq?!

Böyüyüb Şəhriyar, hər sözü qanır,
Allahverdisə odsuz-ocaqsız yanır.
Yaralarım qövr eyləyib qanayır,
El-oba qeydinə qalansan, Natiq!
Olmusan, doğrusan, yalansan, Natiq?!

Yaqutun hekayəsi

Mən, Şirinova Yaqut Allahverdi qızı itkin Məlikov Natiq Siyavuş oğlunun həyat yoldaşıyam. Azərbaycanın dilbər guşəsi olan Kəlbəcər rayonunda doğulub, böyüyüb, boya-başa çatmışam. Könül verib sevdiyim bir insanla ailə həyatı qurdum. Amma yurdumuzun başının üstünü alan qara buludlar məndən də yan keçmədi: həyat yoldaşım döyüşlərdə itkin düşdü.
Mən bu gün Natiqsiz keçən günlərimin acı xatirələrini və həyatımda baş verənləri bölüşmək istəyirəm. Onsuz keçən günlərimin şahidi, acı taleyimin kövrək anlarını yazdığım gündəliyin 1-ci səhifəsindəki şeirlə başlamaq istəyirəm:

“O qədər ayrılıq, həsrət görüb ki,
Kövrək öyrənibdi dili könlümün.
Dindirmə, ağlayar, ağladar səni,
Dərdi çoxalıbdı dəli könlümün.
Gecə də, gündüz də axtarır gözüm,
İtib cəvahiri, ləli könlümün”…

Bu misralar dərd əlindən dağlara qalxan Sücaətin yaralı yaradıcılığındandır.
Artıq 20 ildir ki, (bu həmin xatirələr qeyd edilən tarixdir-M.N.) gözlərim yollarda, qulağım səsdədir. “Bəlkə Natiqdir gələn?!Bəlkə ondan bir xəbər var”,-deyə öz-özümə pıçıldadığım 20 ildir artıq. Hər ildə neçə ay, hər ayda neçə gün, hər gündə neçə saat, neçə dəqiqə… Necə də çətin imiş bu illəri, ayları, günləri saymaq, sənsiz yaşamaq. Getdin, arxana baxmadan. İki körpə balanı yetim, bir ananı tənha qoydun. Torpağa olan bağlılığın bizə olan sevgindən güclü imiş! Axı, biz birlikdə balalarımızı böyüdüb, ali təhsil verib, ev-eşik sahibi edəcəkdik. Amma, sən vədinə xilaf çıxdın. Məni də ağır bir yükün altında qoyub getdin. Yoxsa iradəmə, gücümə bələd idin?! Bəli, sənin nə vaxtsa qayıdacağına ümid edərək, özümdə güc-qüvvə tapırdım. Ən çox da gördüyüm yuxular mənə güc-qüvvə verirdi. Yuxularım məni həyata bağlayır, yaşadırdı. Yuxularımda həmişə yanımda idin. Mən isə yuxuların nə vaxtsa gerçək olacağına inanırdım. İllər keçdikcə yuxularıma da gec-gec gəldin.
Çiyələk mürəbbəsini çox sevirdin
Hər yaz fəsli gələndə bişirirdim. Sən onu çox xoşlayırdın. Bankanı açmırdım, gözləyirdim yay, payız, qış və nəhayət, növbəti yaz fəsli yenidən təkrarlanırdı. Sən gəlmədin. Artıq neçə ildi ki, çiyələk mürəbbəsi bişirmirəm. Heç başqa yerlərdə də yemirəm. Elə bil ki, nəfsim küsüb ondan.

Kiminə ömürlük çiçəkdi, yazdı,
Mənəsə tufanlı qışdı bu dünya

Bax, beləcə hər an sənsiz sənin xəyalınla yaşadım. Böyütdüm balalarımızı. Ali təhsil verdim. Sənə layiq övladlar oldular. Üzləri ağ olsun. Nilufər 1-ci sinfə gedəndə, məktəbi bitirib ali təhsil alanda, ən çox da gəlin köçəndə daha çox ehtiyacım oldu sənə. Daha çox gözüm axtardı səni. İstəyirdim “Vağzalı” çalınanda özün xeyir-dua verəsən, ər evinə yola salasan. Nilufər o gün yamanca kövrəlmişdi. Deyirdi: “Ana, bu gün də atam gəlmədi”…
Sənə hələ şeir də yazmışdı:

Gözlərim yollarda, qulağım səsdə,
Sevincim qəlbimdə yarımçıq qalıb.
Bəlkə qapımızdan girəsən deyə,
Bağlanmır, qapımız hey açıq qalıb,
Bax, budur, “Vağzalı” çalınır, ata,
Söz verdin, 20 il gecikdin axı.
Anamın saçları ağardı daha,
Haray ver, neçə il səbr edək axı?!

Şəhriyar heç xatırlamır səni. Axı, o çox körpəydi sən gedəndə. Bir gün yuxusunu danışdı mənə. Dedi ki, ana, atamı görmüşəm yuxumda, çağırdım, gəlmədi. Qaçdım ona tərəf, “ata, ata””,-deyə çağırdım, səs vermədi. Yaxına gedəndə gördüm ki, atam deyil.
Şəhriyarı yetkinlik yaşına çatandan ağlayan görməmişdim. Amma yuxusunu danışanda hönkürüb ağladı. Bir də Nilufər gəlin köçəndə. Dözə bilmirəm onların göz yaşlarına. Başqaları öz uşaqlarının başını sığallayanda, onların necə həsrət çəkdiklərini görmək məhv edir məni.

Kiminin üzündə fərəh yaşadır,
Mənimsə gözümdə yaşdı bu dünya.
Kiminə ömürlük çiçəkdi, yazdı,
Mənəsə tufanlı qışdı bu dünya.

Amma yenə də ümidimi üzməmişəm. Hərdən səni xəyalımda təsvir edirəm. Saçlarına illərin vaxtsız dəni, gözləri həsrətdən çuxura düşmüş orta yaşlı bir adam kimi. Amma gəlməsən də, nə vaxtsa ruhlarımız qovuşacaq, sənin müəmmalı taleyini öyrənəcəm.
İndi isə bu gün, 20 il sonra həyatımda baş verən dəyişiklikləri səninlə bölüşmək istəyirəm, Natiq. Bir gün mənə zəng gəldi. Bu, Azərbaycan Praktiki Psixoloqlar Assosiasiyasının sədri Elmira xanım idi. Məni BQXK-nın hazırladığı layihədə çalışmağa dəvət edirdi. Tərəddüd etdim. “Özümün azmı dərdim var? Yox, bacarmaram”,-deyə düşündüm. Özüm bu ağır dərdi çəkə-çəkə kiminsə dərdinə necə şərik olaram? Amma Elmira xanım mənə ürək-dirək verdi: “Qorxma, hər şey yaxşı olacaq, bacararsan”,-dedi. Razılaşdım. Nəhayət, işə başladım. İlk telefon zəngi: qızımın səsini eşidirəm. Səsində uzun illərin hüznü vardı. Ürəkləndim və hər şey beləcə başladı. Evlərə getdim. Neçə illərdi ağlamaqdan gözləri kor olmuş anaların, ataların, saçının birini ağ, birini qara hörüb balalarını böyüdən gəlinlərin, “can qardaş, bacın ölsün, hardasan?” deyib haray çəkən bacı-qardaşların dərdini öz dərdimə qatıb bölüşdüm, şərik oldum. Tək olmadığımı gördüm. Neçə-neçə ana-bacıların, ataların, qardaşların acı talelərini dinlədim. Qrup görüşlərimizdə heç kəsə demədikləri sözləri mənlə bölüşdülər. Bir ailə olduq. Keçmişini, indisini, sevincini, kədərini mənimlə bölüşmək üçün yolumu səbirsizliklə gözləyən Qəndilə ana, Şamama ana, Xalidə ana, Tamella bacı və s. saymaqla qurtarmaz.
Mən də daha ağlamıram, ağlamayacam da, Çünki mən tək deyiləm…

Bu da bir nakam talenin yarımçıq ömür yolu… Natiqin doğmalarının bəzilərinin qəlbinin acılı-şirinli xatirələri yalnız bunlar deyil, əlbəttə. Saxlayaq Natiqin gələcəyi, qayıdacağı günə. O günə ki, onda Kəlbəcərimizdə olacağıq, inşallah…

Məhəmməd NƏRİMANOĞLU

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir