
Xankəndidə komendantlığın polisə tapşırılması qanunauyğun qərardır.
21 Dekabr 2023-cü il. Bu tarixdə xalqımız tarixi hadisəyə şahidlik etdi. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəldilər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dövlətimizin başçısı oyundan əvvəl stadionda çıxış etdi.
Üç ay əvvəl işğaldan azad edilmiş ərazilərdə ilk dəfə futbol matçı keçirilməsi münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edən Prezident İlham Əliyev bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük məna kəsb etdiyini, Azərbaycan xalqının, dünya azərbaycanlılarının bu Zəfər ilə bundan sonra da əbədi fəxr edəcəyini, oyunun nəticələrindən asılı olmayaraq qalibin Azərbaycan xalqı, Azərbaycan dövləti olduğunu, “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşmasının rəmzi məna daşıdığını – “Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir” anlamına gəldiyini qeyd etdi: “Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!”
Stadiona daxil olan dövlətimizin başçısı futbolçularla və oyunu idarə edən hakimlərlə görüşdü, onlarla xatirə şəkli çəkdirdi. Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra “Qarabağ”–MOİK görüşü başladı…
Doğrudur, sentyabrın 19-da keçirilən antiterror tədbirləri 24 saatdan da az davam etdi və bu müddət Ermənistanın qanunsuz hərbi birləşmələrinin tam şəkildə demoralizasiyası və mahiyyət etibarilə, təslim olması üçün kifayət etdi. Amma bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur. Nəzərə alaq ki, sentyabrın 20-dən sonra Qarabağda hərbi təxribatlar törədildi. Ərazi kifayət qədər böyükdür, dağlıqdır, meşəlikdir, buna görə də bizə ərazini quldur birləşmələrindən tamamilə təmizləmək üçün vaxt lazım olacaq. Ötən müddət ərzində Xankəndidə sabitliyin bərqərar olunmasında rolu olan vəzifəli şəxslər sırasında ucadan çəkilən adlardan biri də Prezident İlham Əliyevin Xankəndiyə 15 oktyabr səfəri zamanı onu qarşılayan və raport verən şəhər komendantı, polis general-mayoru Sərdar Səfərovdur.
General Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub. Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyənin Jandarma Zabitlər Məktəbini və DİN-in Polis Akademiyasını bitirib.
1996-2005-ci illərdə Daxili Qoşunlarda xüsusi təyinatlı bölüyün komandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib.
2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. Daha sonra BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib.
O, son olaraq bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilmişdi. General-mayor rütbəsini isə ötən ilin iyulunda alıb.
“Hərbi xidmətlərə görə”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Ailəlidir, üç övladı var.
General-mayor Sərdar Səfərov Türkiyədəki Jandarma Zabitlər Məktəbini fərqlənmə diplomuyla bitirən, buraxılışın birincisi olmuş yeganə həmvətənimizdir! Gənc bir azərbaycanlı zabitin gedib Türkiyədəki Jandarma Məktəbinin birincisi olmasının hansı fiziki və intellektual zəhmət hesabına başa gəldiyini, elə bilirəm, xüsusi təsvir etməyə ehtiyac yoxdur. Faktın özü hər şeyi deyir! Üstəlik, o, Azərbaycan Polis Akademiyasını da fərqlənmə diplomu ilə bitirib. Yüksək nizam-intizamı, fiziki və intellektual hazırlığı ilə seçilən Sərdar Səfərov uzun müddət DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı bölmələrində müxtəlif vəzifələrdə xidmət keçib və adı bütün Silahı Qüvvələrimizin xüsusi təyinatlıları sırasında hörmətlə çəkilən zabitlərimizdəndir…
Maraqlıdır, Xankəndi komendantına hansı səlahiyyətlər verilib, onun görəvi nələrdən ibarət olacaq? Niyə hərbi deyil, məhz polis sistemi bu iş üçün vəzifələndirilib?
Məsəılə burasındadır ki, daxili təhlükəsizlik məsələlərinə Daxili İşlər Nazirliyi cavabdehdir. Bunun Türkiyə praktikası da var. Təhlükəsizlik ekspertləri vurğulayırlar ki, zamanında türk jandarması Müdafiə Nazirliyinə tabe idi, sonra Daxili İşlər Nazirliyinə verildi. Daxildəki təhlükəsizliyi təmin etmək daxili işlər orqanlarının vəzifəsidir. Ona görə də bu iş bölgüsü aparılıb. Bu gün yollara, strateji obyektlərə və s. mühüm nöqtələrə nəzarət Daxili İşlər Nazirliyinə tapşırılıb. Müdafiə Nazirliyi o zaman işə qarışır ki, sərhəddən böyük təhlükəyə daxili işlər orqanlarının gücü çatmayanda dəstək verir. Ona görə də daxildə olan obyektlərin qorunmasına polis cavabdehdir. Komendant sisteminin tətbiqi qaydalarına gəlincə, bu məsələ qanunvericiliklə tənzimlənir. Qaydalara riayət olunmalıdır. İstisna hallarda komendantlığa müəyyən sərbəstlik verilir ki, xidmət çərçivəsində qaydalar tətbiq etsinlər. Bura şəhərə giriş-çıxış saatları, marşrutlardan kənara çıxılmaması və digər məsələləri aid etmək olar. Amma şəhərdə hansı saatda hərəkət sərbəstliyinin olub-olmaması prezidentin səlahiyyətində olan məsələdir.
Komendantlığın polisə tapşırılması qanunauyğun qərardır. Erməni milləti elədir ki, qayıtmaq istəyən ola bilər. Ona görə də polis komendantı düzgün qərardır. O da təhlil aparacaq, əməliyyat şəraitinə baxılacaq, sonra təklif edə bilər ki, komendant saatı tətbiq edilsin, ya yox. Hələ ki sakitlikdir, hər kəs öz işini görür. Bundan başqa, sülhməramlılarla birgə işin təşkili yaxşıdır. Ermənilərin əlində hansısa bəhanə olmasın, deməsinlər ki, sülhməramlılar yoxdur, ay aman, bizi qırırlar, nə bilim guya incidirlər. Bu kimi yalan təbliğat aparmasınlar, sülhməramlıların varlığı ermənilərin əlindəki saxta arqumentləri dəfn edir.
Xocavənddə də, Xocalıda da bu idarəetmə forma və üsulları tətbiq olunacaq. Bu, Prezidentin səlahiyyətlərinə aid məsələdir. Cənab Prezident nəyi, nə zaman edəcəyini çox yaxşı bilir.

Yazının müəllifi: Valeh Ədilov
102-ci qəzetin redaktor müavini.
www.102info.az
